Məmur oğlu qız üstündə öldürüldü

4-07-2014, 12:18   
Məmur oğlu qız üstündə öldürüldüGənclər arasında yaranan mübahisə zamanı baş verən cinayətin təfərrüatları açıqlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayevin cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını oxuyub.
İttihama görə, Tural Əliyev ötən il oktyabrın 15-də saat 19.00-da Biləcəri qəsəbəsində Elçin Baxşıyevin “Toyoto Prado” markalı avtomaşında qızla söhbət etdiyini görüb. Tural onlara yoldan uşaq-qadın keçdiyi üçün başqa yerə getməyi təklif edib. Bundan narazı qalan Elçin Baxşıyev Turala “məsələni həll etmək” üçün başqa yerdə görüş təklif edib, mobil nömrəsini ona verib.
Elçin Baxşıyev avtomaşınla oradan uzaqlaşdıqdan sonra dostları Seymur Fərzəliyev və Əli Məlikovla, Tural da öz dostları Ramin Rzayev və Səbuhi Məmmədovla təyin olunmuş yerə gəliblər. Əvvəlcə mübahisə edib, sonra dalaşıblar.
Dava zamanı Tural Əliyev bıçaqla Əli Məlikovu vurub və yaralı hadisə yerində ölüb. Elçin Baxşıyevlə Seymur Fərzəliyev isə qaçıb canlarını qurtarıblar.
“Maşında oğlanla qız qucaqlaşmışdı"
Tural Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, bıçaqdan özünümüdafiə məqsədi ilə istifadə edib. Onun sözlərinə görə, oktyabrın 15-də saat 19.00-da “Çırağan” şadlıq evinin yaxınlığındakı çayxanaya gedib: “Yolda telefonuma zəng edən dostum Ramin harada olmağımla maraqlandı. Ona çayxanaya getdiyimi bildirdim. Ramin də çayxanaya gəldiyini dedi. Telefon danışığı bitəndən sonra piyada çayxanaya yönəldim. Yolun solunda “Toyota Prado” markalı avtomobil dayanmış, içəridə oğlanla qız qucaqlaşmışdı. Onlara irad bildirmək üçün sürücü tərəfdən pəncərəyə yaxınlaşaraq şüşəni əlimlə döydüm.
Adını sonradan bildiyim Elçin şüşəni aşağı endirdi. Salamlaşanda o, məndən niyə onlara yaxınlaşdığımı soruşdu. Həmin məhəllədə yaşayıb-yaşamadığını öyrənmək istədiyimi dedim. Mənə kobud cavab qaytardı. Buranın ana-bacılarımızın keçdiyi yol olduğunu bildirdim, kənara getmələrini tələb etdim”.
“Elçin cavabıma güldü”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elçin onun harada qaldığını soruşub: “Adımı və evimizin yaxında olduğunu söylədim. Aramızdakı söhbəti maşındakı qızın eşidib-eşitmədiyinə fikir verməmişəm. Məndən telefonumun olub-olmadığını soruşdu. Sonra da mənimlə məzələnərək: “Nə yaxşı telefonun var?” deyib öz telefon nömrəsini mənə verdi.
Həmin vaxt Ramindən zəng gəldi və maşının yanında nə etdiyimi soruşdu. Onun haradansa məni gördüyünü başa düşdüm. Ramin küçənin baş tərəfində, internet klubun yanında dayanmışdı. Raminə maşındakının dost olduğunu, 2 dəqiqə söhbət edib gələcəyimi bildirdim. Artıq Elçin də maşından düşmüşdü.
Elçinə getməli olduğumu, 15 dəqiqəyə zəng edəcəyimi, həmçinin məhəllənin yuxarı hissəsindəki çayxanada olacağımı bildirdim. Elçin maşının yerimədiyini, ora qalxa bilməyəcəyini söyləyəndə maşını itələyərək ora apara biləcəyimizi dedim. Elçin cavabıma güldü və məni evakuator adlandırdı. Piyada çayxanaya tərəf getdim”.
Tural Əliyevin sözlərinə görə, Raminlə internet klubun qarşısında görüşüb və birlikdə çayxanaya yollanıblar: “Ramin nə baş verdiyini soruşdu, Elçinlə aramızda olan söhbəti ona danışdım. Saat 21.00-da Elçinə zəng edərək ondan harada olması ilə maraqlandım”.
Nəhayət, gənclər görüşmək qərarına gəliblər. Tural Raminlə birlikdə Elçinin yaşadığı evin yanına gedib. Elçinin iki oğlanla dayandığını görüblər.
“Elyas məni tənbeh etdi”
Təqsirləndirilən şəxs deyib ki, Elçinin yanında gələn oğlanlardan birinin Seymur olduğunu bilib. Seymur onları hədələyib və kiməsə zəng vurub. Bir qədər mübahisə edəndən sonra ayrılmaq istəyiblər: “Bu zaman Səbuhi və Əli adlı şəxslər də maşınla gəldilər. Yenidən aramızda dava qızışdı. Elçinə gücüm çatmadığı üçün bıçaq çıxardım və vurdum”.
Tural Əliyevin sözlərinə görə, dava zamanı Əlini də bıçaqla vurub. Ancaq Elçini, Əlini və Səbuhini bıçaqla vurmasından heç kimin xəbəri olmayıb. Hadisə yerinə daha gec gəlmiş Elyas Pirnəzərov davadan ümumiyyətlə xəbərsiz qalıb: “Elyasın maşınında oradan getdik. Məsələni maşında bildi, məni tənbeh etdi. Binəqədi şosesində Elyasın maşınından düşəndən sonra oradan Mehdiabad qəsəbəsindəki şəhərciyə yollandım. Elə həmin gecə dayım oğlu Samirlə polisə getdim”.
Prosesdə ifadə verən Elçin Baxşıyev, Seymur Fərzəliyev, Ramin Rzayev elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər. Məhkəmə iclası iyulun 10-da davam edəcək.
Öldürülən Əli Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur. Əli Məlikov ailənin tək oğlu imiş. Hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.