Hakimiyyət əleyhinə çıxdığı qərarı niyə dəstəkləyir?

5-07-2014, 12:55   
Hakimiyyət əleyhinə çıxdığı qərarı niyə dəstəkləyir?
Bahar Muradova eyni qətnaməyə müxtəlif münasibət sərgilədi

ATƏT PA-nın Bakı tədbiri xeyli maraqlı məqamları üzə çıxardı. Belə ki, hakimiyyətin "həqiqət” adıyla səhnəyə buraxdığı nə vardısa, "yalan” adıyla geriyə qayıtdı. Hakimiyyət sözçülərinin etirazına baxmayaraq bir neçə qanun qəbul olundu, siyasi məhbus məsələsi gündəmə gəldi, hakimiyyətin dilaoq mədəniyyətinin olmaması təsdiq edildi.

Ancaq, baş verənlər bununla da yekunlaşmadı. Vəziyyə o həddə çatdı ki, hakimiyyət sözçüsü özünü təkzib etməyə başladı. Təbii ki, bu həm də komandanın ziddiyyətli mövqeyi idi.

Xatırlayırsınızsa, Bakıda Rusiya əleyhinə qətnamə qəbul olunarkən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qətnamə layihəsinə etiraz etmişdi: "Regionda konfliktin həlli ilə bağlı qətnamə qəbul ediriksə, regiondakı bütün münaqişələr nəzərdə tutulmalıdır. Biz təklif və tələb edirik ki, cənab Kardin ya bu qətnaməyə bütün konfliktləri salsın, ya da sənədi geri götürüb üzərində işləsin. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur, birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib. Ona görə də indiki halda sənədin qəbulunun tam əleyhinəyik”- deyə Bahar Muradova bildirmişdi.

Ancaq bütün etirazlara baxmayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edildi. Bundan sonra Bahar Muradova məsələyə fərqli münasibət sərgilədi: "Bu dəfə biz bu sessiyada Bencamin Kardinin Helsinki Yekun Aktının prinsiplərinin pozulması ilə bağlı qətnaməsini bütün münaqişələrə aid presedent kimi qəbul edirik. Ümumilikdə sənədin qəbulunu alqışlayırıq. Bizim onlara dəfələrlə təkliflərimiz olub ki, belə bir təşəbbüslə çıxış etsinlər. Çox təəssüf ki, indiyə qədər olmayıb. Amma belə bir danışığımız oldu ki, biz bu məsələni irəliyə aparmaqda israrlıyıq, yəni ki, ABŞ Azərbaycan ərazilərinin işğal olunduğunu vurğulayır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu məsələni indən sonra irəliyə aparmaq niyyətindəyik. ATƏT PA-da belə bir oxşar qətnamə qəbul olunduğu üçün bunun digər konfliktlər, xüsusilə Dağlıq Qarabağla bağlı da qəbul olunması üçün biz daha israrla çalışacağıq”- deyə Bahar Muradova bildirib.

Qeyd edək ki, qətnamənin qəbulundan öncə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Ilham Əliyevlə görüşmüşdü və bildirmişdi ki, ATƏT Parlament Assambleyasının Bakıda keçirləcək növbəti sessiyasında Rusiya və Azərbaycan yaxşı koordinasiya nümayiş etdirəcəklər. Yəni əvvəlcədən razılaşdırılmışdı ki, Azərbaycan tərəfi bacardığı qədər qətnamənin qəbuluna əngəl törətməlidir.

Ona görə də Bahar Muradova və digərləri bütün cəhdlərlə qətnamənin əleyhinə çıxdılar və bu sənədə etiraz etdilər. Indi isə Bahar Muradova deyir ki, bu sənədi presedent kimi qəbul edirik və alqışlayırıq.

Bizim hökumətimiz bir neçə gün öncə "qarğış”ladığı sənədi, indi alqışlayacaq qədər siyasi "bacarığ”a sahibdir.

Görünür, balanslı siyasət elə bəladır ki, əleyhinə səs verdiyin qətnaməni yüksək qiymətləndirə bilirsən.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.