Son günlər adı qalmaqallarda hallandırılan "Bakı" futbol klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən qaçarkən saxlanılıb.
Bu barədə qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub.
Mənbə bildirib ki, Hafiz Məmmədov ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb. Onun konkret hansı səbəbdən saxlandığı bəlli deyil. Hazırda onun nəzarətdə olduğu və sorğu-suala çəkildiyi bildirilir.
Xatırladaq ki, "Bakı"nın sahibi Hafiz Məmmədovun adı son günlər qalmaqallarda halanırdı. Belə ki, "Baghlan Group"-un prezidentinin biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol klublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran və Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə ilə əlaqə saxladıq. O, bildirdi ki, bu barədə məlumatı yoxdur.
Məlumatla bağlı araşdırmalarımız davam edir.