Hakim partiyanın yeni ittifaqa qoşulmasının səbəbi aydın oldu
Sərdar Cəlaloğlu: «Avropada hakimiyyətdə olan partiyalar Azərbaycanla bağlı mənfi rəydə olduğu üçün, YAP müxalifət partiyalarının təmsil olunduğu bloka qoşulur»
Hakim Yeni Azərbaycan Partiyası yenə də bizi təəccübləndirməyi bacardı. Bu dəfə YAP, Beynəlxalq Mərkəzçi Demokratlar Ittifaqına üzv olur. Qurumun faktlaşdırma missiyasının üzvləri bununla bağlı YAP-ın sədr müavini Əli Əhmədovla görüşüb. Artıq YAP-ın bu təşkilata üzvlüyə qəbul edilməsi üçün “yol xəritəsi”nin işlənib hazırlanması qərar alınıb.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Beynəlxalq Mərkəzçi Demokratlar Ittifaqına 62 siyasi təşkilat daxildir və bu təşkilatların böyük hissəsi öz ölkəsində müxalifətdədir. Təsəvvür edin ki, ölkə daxilində müxalifəti siyasi xəritədən silmək istəyən partiya, ölkə xaricindəki müxalifət partiyaları ilə “yol xəritəsi” hazırlayır. Dünya çox ədalətlidir və axırda ümumi çevrəyə daxil olmağa məcbursan. Öz ölkəsində fərqli fikrə nifrət edənlər, fərqli fikrin daşıyıcılarından öyrənmək istəyirlər.
Bu həm də onun etirafıdır ki, hakimiyyət təzyiqlər qarşısında Avropaya inteqrasiyanın, qeyri-səmimi olsa da, görüntüsünü yaratmaq istəyir. Eyni zamanda məlum olur ki, Avropa ölkələrindəki hakim partiyalarla münasibətlər soyuqdur.
Ancaq başqa bir məqam ondan ibarətdir ki, bu ittifaqa üzv olan müxalifət partiyaları, demokratik ölkədə müxalifətçilik edirlər. Yəni onlar mandat alveri ilə, sifarişli məhkəmə qərarları ilə, təqiblərlə, təzyiqlərlə mübarizə aparmırlar. Sadəcə olaraq alternativ mövqe ortaya qoyurlar.
Yəni bu partiyalarla YAP arasında kəskin siyasi düşüncə fərqi var. Belə bir ziddiyyətlər gerçəkliyində YAP hara qədər addımlaya bilər?
Ümumiyyətlə, indiki siyasi kursla YAP Avropa standartlarına cavab verən partiyaya çevrilə biləcəkmi?
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, YAP heç bir parametr üzrə partiya standartlarına cavab vermir: “Azərbaycan müxalifət partiyaları elə vəziyyətə salınıb ki, müxalifət partiyalarının blokunda da YAP təmsil olunur. Əslində isə YAP nə müxalifət, nə də hakimiyyət partiyası olmaq keyfiyyətinə sahib deyil. Çünki bizim Konstitusiyada siyasi partiyalı sistem yoxdur”.
YAP-ın Beynəlxalq Mərkəzçi Demokratlar Ittifaqına üzvlüyünə gəlincə, partiya sədri hesab edir ki, bu, hakim partiyaların Azərbaycan hakimiyyətinə mənfi mövqeyi ilə bağlıdır: “YAP-ın bu bloka qoşulması beynəlxalq tendensiyanın tələbidir. Müxalifət partiyaları ilə eyni blokda təmsil olunması isə, həmin ölkələrdəki hakim partiyalarla münasibətlərlə bağlıdır. Demək olar ki, Avropa ölkələrində hakimiyyətdə olan partiyalar Azərbaycanla bağlı mənfi fikirdədilər. Ona görə də YAP-ın həmin partiyalarla eyni blokda təmsil olunması, Azərbaycan hakimiyyətinin növbəti dəfə tənqidlərə, təzyiqlərə məruz qalması ilə nəticələnər. Ancaq Avropadakı müxalifət partiyalarının Azərbaycanla bağlı mövqeyi yoxdur. Avropada bir qayda olaraq partiyalar hakimiyyətə gələndən sonra ölkələrin siyasətinə münasibət bildirirlər. Ona görə də YAP tənqidi fikir eşitməmək üçün inteqrasiyanın bu formasını seçib”.