Tovuzun icra başçısı Tofiq Zeynalovla birinci müavini, həm də qudası olan Mahir Həsənov arasında insident yaşanıb. Daha doğrusu, başçı müavinini jurnalistin həbsi məsələsində sərt ittiham edərək, onu işdən qovacağı ilə hədələyib. Bu barədə rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, "Kanal 13”ün əməkdaşı Vüqar İsmayılovun həbsindən sonra mətbuatın dilinə düşən Tofiq Zeynalov günahı müavininin boynuna atmağa başlayıb. Bir neçə gün əvvəl isə Mahir Həsənovu otağına çağıran Tovuzun icra başçısı onunla sərt tonda danışıb. İttiham isə belə olub ki, Həsənov niyə indiyə qədər rayondan "donos” ötürən jurnalisti ələ ala bilməyib.
Xəbərdə vurğulanır ki,Tofiq Zeynalovla bağlı mətbuatda davamlı olaraq məlumatların yayılmasından sonra icra başçısı məsələni araşdırmağa başlayıb. Qısa müddətdən sonra ona məlumat verilib ki, guya, rayon haqqında bütün informasiyaları Vüqar İsmayılov ötürür. "Donosçu” kimi təqdim olunan jurnalistin həbsi ilə bağlı razılıq isə yuxarılardan qısa müddətdə alınır. Və həbs üçün tədarük görülür. Bu zaman işə yenə də Nəqliyyat Nazirliyinin müfəttişləri yarayır.
Qeyd edilir ki, müfəttişlər rayonda taksi sürücüləri ilə əlbəyaxa olur və məsələdən xəbər tutan Vüqar İsmayılov da insidenti lentə almaq üçün hadisə yerinə yollanır. Jurnalisti görən nəqliyyat müfəttişləri qəfil ona hücum edərək, eynəyini və kamerasını sındırırlar. Özünə də müxtəlif bədən xəsarəti yetirirlər. Əlinə fürsət düşən Tovuzun icra başçısı isə onun həbs edilməsi barədə göstəriş verir. Adını da belə qoyublar ki, guya, İsmayılov nəqliyyat müfəttişlərinə zor tətbiq edib.
Hazırda həbsdə olan Vüqar İsmayılovun məsələsi isə böyüməyə başlayıb. Bu da nəticə etibarı ilə Tofiq Zeynalovun əleyhinə işləyir.
Verilən məlumata görə, jurnalistlə bağlı məlumatların toplanılmasını birinci müavin Mahir Həsənov həyata keçirdiyindən, günah da onun üzərində qalıb. Elə bu səbəbdəndir ki, icra başçısı ilə müavini arasında münasibətlər gərginləşməyə başlayıb.
Qeyd edilir ki, qudalar arasındakı gərginlik pik həddə çatıb. Burada həmçinin Mahir Həsənovun Qovlar qəsəbəsində özünə villa tikərkən camaatın yolunu bağlaması və icra başçısından xəbərsiz bəzi biznes işlərinə girişməsinin də rolu az olmayıb.
Mənbə iddia edir ki, Mahir Həsənovun özünə xəbərsiz şirkət yaratması və onun əliylə tender oyunlarına qurşanması generalın qardaşının qəzəblənməsinə səbəb olun. Birinci müavinini işdən qovacağı ilə hədələyən Tofiq Zeynalovun qarşısını isə qudaları kəsib və ona minnətçi düşərək, bu fikrindən daşındırmağa çalışırlar(jam.az).
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.