Milli Məclisin deputatı, Mətbuat Şurasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cavanşir Feyziyevin rəhbərliyi ilə mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılanların monitorinqi layihəsinin icrası davam etdirilir.
Martın 1-dən start verilən layihə çərçivəsində iyun ayı ərzində də respublikada nəşr olunan 17 qəzet v 21 onlayn media monitorinq olunub.
Monitorinq çərçivəsində qəzetlərin və on-line medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilib.
İyun ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2084 məqalə dərc olunub. Yazılardan 1466-ı (70,3 faiz) on-line mediada, 618-i (29,7 faiz) isə yazılı mətbuatda gedib.
Mart, aprel və may ayları ilə müqayisədə iyun ayında həm yazılı, həm də online mediada problemlə bağlı xəbərlərin sayının azaldığı müşahidə edilib.
Məsələn, may ayında monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2891 məqalə dərc olunmuşdu. Yazılardan 2255-i (78 faiz) on-line mediada, 636-i (22 faiz) isə yazılı mətbuatda getmişdi.
Aprel ayında isə monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2254 məqalə dərc olunmuşdu. Yazılardan 1643-ü (72,9 faiz) on-line mediada, 611-i (27,1) isə yazılı mətbuatda getmişdi.
İyun ayı üzrə monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Yeni Azərbaycan” (61 məqalə), “Həftə içi” (54 məqalə) və “Yeni Müsavat” (53 məqalə) qəzetləri olub.
Xatırladaq ki, may ayında ilk üçlükdə “Azadlıq”(62 məqalə) «Yeni Müsavat» (59 məqalə), “525-ci qəzet” (58 məqalə), aprel ayında «Yeni Müsavat» (56 məqalə), “Yeni Azərbaycan” (56 məqalə) və “Üç nöqtə” (55 məqalə) qəzetləri qərarlaşmışdı.
Ən az məqalə “Bakinskiy raboçiy” (20 məqalə) ”Exo“ (9 məqalə) və həftəlik “Reytinq” (5 məqalə) qəzetlərində dərc olunubdur.
Xatırladaq ki, may ayında də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqaləni rus dilində nəşr edilən “”Exo“ (8 məqalə) və “Bakinskiy raboçiy” (2 məqalə) qəzetləri vermişdi. Bu baxımdan ölkədə nəşr olunan rusdilli qəzetlərdə Dağlıq Qarabağ münaqişəsinə az yer ayrılması xüsusi narahatlıqla qeyd edilməlidir.
İyun ayı üzrə On-line mediada isə ilk üçlükdə isə yenə də AzərTAc, Trend və APA agentlikləri yer alıb. Bu informasiya agentliklərinin saytlarında müvafiq olaraq 153, 133, 127 xəbər yer alıb.
May ayındakı üçlük də APA, Trend, AzərTAc idi. Bu informasiya agentliklərinin saytlarında müvafiq olaraq 195, 193, 191 xəbər yer almışdı. Aprel ayındakı üçlük isə AzərTAc, (184 xəbər), Musavat.com (151 xəbər) və trend.az (131 xəbər) saytları idi. Ötən ayların təhlili göstərir ki, Azərbaycandakı on-line media quruluşları arasında ən çox məlumatları mütəmadi olaraq AzərTAc, Trend və APA agentlikləri verir.
Onlarla rəqabətə girməyə ancaq musavat.com saytı cəhd edir.
May ayı ərzində on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə ann.az, haqqin.az və newstimes.az saytları yayıb.
May ayı ərzində də isə on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə aznews.az, mediadforum.az və newstimes.az saytları yaymışdı.
Monitorinq çərçivəsində on-line medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Bu zaman da maraqlı nəticə qeydə alınıb. Məlum olub ki, iyun ayı ərzində mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 35 faizi atəşkəsin pozulması ilə bağlı olub. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımı ilə bağlı olub. Mətbuatdakı məqalələrin 21,0% -i bu mövzuya həsr edilib. Mətbuatın diqqət mərkəzində olan məsələlərdən biri də millət vəkili Qənirə Paşayevanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Qarabağ məsələsini müzakirə etməsi olubdur. Ümumilikdə ay ərzində münaqişə ilə bağlı dərc olunan məqalələrin 11 faizi bu mövzuda olub. Xəbərlərin 8 faizi isə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün müqabilində 3 rayonun qaytarılması bərədə yayılan xəbərlərə həsr edilib. 15 İyun – Milli Qurtuluş günü ilə bağlı dərc olunan məqalələrdə də Dağlıq Qarabağ münaqişəsinə toxunulub (7 faiz). Böyük Britaniyada keçirilən Dəyirmi masada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan aparılan müzakirələr də mətbuatın diqqət mərkəzində olub (5 faiz). Məlumatların 13 faizi isə digər mövzularda olub.
Yazılı mətbuatda gedən məqalələrdə də ən çox yer ayrılan mövzu atəşkəsin pozulması halları ilə bağlı olub (29 faiz). Mətbuat Minsk Qrupu və digər sülhməramlı fəaliyyəti (19 faiz), Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti (13 faiz), Xocalı soyqırımı (10 faiz), İsveçrə prezidentinin Azərbaycana səfəri zamanı münaqişəyə toxunulması (9 faiz), XIN-də bu mövzuda keçirilən görüşlər (7 faiz) və digər mövzular (13 faiz) olmuşdu.
May ayında isə mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 31 faizi atəşkəsin pozulması ilə bağlı olmuşdu. Şuşanın işğalının il dönümü mövzusu (18,0 faiz), Laçının işğalının il dönümü mövzusu (16,0 faiz), Minsk qrupu və digər sülhməramlı qurumların fəaliyyəti (11,0 faiz), Xocalı soyqırımı (9.0 faiz), ABŞ səfiri Riçard Morninqstarın atəşkəs rejiminin pozulmasına münasibəti (5,0 faiz) də mətbuatın diqqət mərkəzində saxladığı mövzular olmuşdu.
Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Yeni Azərbaycan” və “Həftə içi”nın məqalələri əsas götürülüb.
Məlum olub ki, “Yeni Azərbaycan” qəzetinin öz səhifələrində yerləşdirdikləri məqalələrin 46 faizi xəbər olub. Məqalələrin 40 faizi analitik-araşdırma, 9 faizi müsahibə, 5 faizi köşə janrında olub.
“Həftə içi” qəzetində isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin 43 faizində xəbər janrına üstünlük verib. Məqalələrin 42 faizi analitik-araşdırma, 19 faizi müsahibə, 5 faizi köşələr olub.
Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın münaqişəyə yanaşmasındakı dəyişikliklər diqqətdə saxlanılacaq.