Azərbaycandan Gürcüstana gizli keçən 100 milyon dollarlıq sual

14-07-2014, 09:25   
Azərbaycandan Gürcüstana gizli keçən 100 milyon dollarlıq sualIyulun 11-də Gürcüstanın Daxili Işlər Nazirliyi məlumat yayıb. Azərbaycandan Gürcüstana daxil olmuş yük maşınında 2,79 ton maye şəklində heroin aşkarlanıb. Bu, Gürcüstanın tarixində aşkar olunmuş ən böyük miqdarda narkotikdir. Hələlik 2 nəfər Gürcüstan vətəndaşı həbs edilib.

Hələlik deyirik, çünki bu işin uzantısı olmalıdır. Bu işin Azərbaycana uzanan kökləri üzə çıxmalıdır. Ölkədə hər şeyə nəzarət etməyi ilə öyünən Azərbaycan hakimiyyəti bu tarixi hadisəyə görə cavab verməlidir. Axı bu yük iki dəfə keçib edib ölkəmizdə. Əvvəlcə Azərbaycana keçib və sonra da Azərbaycandan Gürcüstana. Əks halda bizdə bu qədər narkotik istehsalının olduğunu qəbul etməliyik.

Hələlik, bir sual verək. Siqaret çəkməyən gənc etirazçıların cibindən narkotik tapan hökumətimizin polisi, MTN-ni, sərhəd idarəsi niyə Azərbaycandan Gürcüstana keçirilən 3 ton heroini tuta bilməyiblər? Yoxsa sadəcə paylarını alıb, yola salıblar?

Bu daşınmanın bir ilk olmadığı bəllidir. Beynəlxalq hesabatlar artıq illərdir Azərbaycanın narkotik daşınmanın Ipək yoluna çevrilməsi barədə həyəcan yayır. ABŞ Dövlət Departamentinin “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” hesabatında deyilir: “Əsas narkotik daşıma yolları Əfqanıstan və Irandan başlayır, Azərbaycandan və Gürcüstandan keçərək Qərbi Avropaya, Türkiyə və Rusiyaya gedir. Beynəlxalq yükdaşımalarla məşğul olan yük maşınları bu yolla bəzən narkotik da daşıyırlar, Gürcüstandan keçməklə Türkiyə və Rusiyaya gedirlər. Bəzən Qara dənizdəki bərələrdən istifadə edərək Ukrayna, Moldova və Bolqarıstana da gedib çatırlar”.

Təxmini hesablamalara görə, bizim ölkədə narkotik daşınmasına yardım edənlər ildə 1 milyard dollar qazanır. Indi tutulan yükün dəyəri 100 milyonlarla ABŞ dollarıdır və yalnız bu yükdən 10 milyonlar qazanılıb.

Hələlik, bir sual üzərində də düşünə bilərik. Gürcüstandan Azərbaycana keçən yük barədə. Neft Akademiyasında qırğın törədilərkən bəlli oldu ki, qatil Fərda istifadə etdiyi ikidaraqlı tapançanı Gürcüstandan keçirib ölkəmizə. Amma istintaq tapmadı bu keçidin izini. Bəlkə çox xırda məsələ idi? Ümid Gürcüstan istintaqçılarına qalıb...

Aktrisanın oğurlanmışa oxşayan evi

Yazıya əlavə etdiyim foto təzəcə vəfat edən aktrisa Xanım Qafarova evindən çəkilib. Bu fotoya diqqətinizi çəkməkdə məqsədim var. Mərhum aktrisanın bütün ümidlərini özgə ölkələrin səhiyyəsinə bağlaması bir ayrı mövzudur. “Ölürəm, kömək edin” deyə yalvarırdı. 7 yaşlı uşağının taleyindən narahatlığı da tamam başqa bir mövzudur. Gör həyatda nə görübsə, bu ölkə barədə təsəvvürü nə idisə, xəstə olduğu uzun dövrdə eləcə ah-nalə çəkirdi ki, qızının taleyi necə olacaq. Uşağını bu ölkədə qoyub getməkdən qorxurdu. Sonra bəlli oldu ki, uşağın atası da var. Aktrisanın əmisi də deyib ki, ata da xəstədir, işsizdir, onun özünü saxlayan gərək. Bəlli olur ki, işləyən ana da səfalətdən ah çəkir, işləməyən ata da.

Fotoya qayıdaq. Görünür ki, aktrisanın mənzili elə bu otaqdan ibarət olub. Həm də elə bil bu ev oğurlanmış, yağmalanmış bir evdir. Dəyərli oxucular, əslində bu foto oğurluq barədədir. Orda görünən təkcə mərhum Xanım Qafarova deyil. Bu fotoda bizim ölkəni sümürənlər, talayanlar da əks olunub. Dərhal onların dəbdəbələri, villaları gözümüzdə canlanır. Titullu bir aktrisa o cür yaşayır, amma belə mənzildə yaşayan bircə məmur təsəvvür edirsinizmi? Odur ki, bu fotonu bir fakt kimi təqdim etdim, oğurluq barədə bir fakt kimi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.