Londondakı səfirlikdən «The Independent»ə etiraz məktubu göndərilib
Londonun Dizayn Muzeyinin bu il “ən yaxşı dizayn obyekti” mükafatını Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynına görə Zaha Hədidə verməsi Iraq əsilli bu məşhur memarı ittiham hədəfinə çevirdi. “Azadlıq”ın ötən saylarında məlumat verdiyimiz kimi, Ingiltərənin dünyaca məşhur “The Guardian”, “The Independent”, “The Financial Times” kimi qəzetləri, Avstraliya mediası Londonda fəaliyyət göstərən Zaha Hədidi Azərbaycandakı korrupsioner və diktatura rejimilə işbirliyinə görə sərt tənqid etmişdi.
Azərbaycanın Böyük Britaniyadakı səfirinin ikinci katibi Polad Məmmədovun adından “The Independent”ə etiraz məktubu göndərilib. Diplomat Azərbaycanın diktatura ölkəsi kimi təqdim olunmasına etiraz edib.
“Hesab edirik ki, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair bir sıra əsassız etirazlara reaksiya verməyə ehtiyac var (Məsələn, ”Memar Zaha Hədidin diktatoru tərənnüm edən bina ilə bağlı işi mükafata layiq görülməklə o, mübahisələr memarına çevrildi"; 1 iyul).
Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda bütün təməl azadlıqlara, o cümlədən ifadə və toplaşma azadlıqlarına ölkə Konstitusiyası ilə təminat verilir. Bu ölkəni diktatura adlandırmaq reallıqları tamamilə təhrif etməkdir. Bu, müstəqillik yaşı cəmi 20 il olan gənc demokratiyadır.
Azərbaycanda yetkin demokratik cəmiyyət qurmaq ölkə rəhbərliyinin və xalqın şüurlu, strateji seçimidir və bu istiqamətdə əhəmiyyətli uğurlar əldə olunub. Azərbaycanın Avropa Şurası, ATƏT üzvü kimi demokratiya və insan haqları məsələlərinə dair proseslərdə aktiv iştirakı onun demokratiyanın inkişafı, insan haqlarının qorunmasına sadiqliyinin göstəricisidir.
Biz başa düşürük ki, Azərbaycanda demokratiyanın inkişafı uzun bir yoldur. Ölkədə demokratiyanın möhkəmlənməsi hazırkı hakimiyyətin müəyyənləşdirdiyi prioritetdir və gələcək illərdə də biz kursu davam etdirəcəyik.
Memarı xanım Zaha Hədid olan Heydər Əliyev Mərkəzi memarlıq şedevridir və mükafatlara layiq görülməkdə davam edəcək. Bakı bu möhtəşəm işlə fəxr edir. Bu işə kölgə salmaq istəyənlər məqsədlərinə nail olmayacaq", - deyə məktubda bildirilir.
Xatırladaq ki, “The Independent” qəzeti sözügedən mükafatlandırma barədə xəbəri yayımlayarkən Zaha Hədidi “Azərbaycandakı repressiv rejimin keçmiş liderinin adını daşıyan binanın memarı olmuş dizayner” kimi təqdim edib. Yazı müəllifi yada salıb ki, beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycandakı keçmiş və hazırkı rejimi insan haqlarının pozulmasına görə tənqid edirlər:
“Heydər Əliyev hakimiyyətdə olarkən ”Amnesty International" onu seçkini saxtalaşdırmaqda, müxalifətə qarşı repressiyalarda ittiham edirdi. Keçmiş KQB generalı olan Heydər Əliyev əvvəl Kommunist lideri, sonra isə prezident kimi, ümumilikdə 30 il ölkəyə rəhbərlik edib.
2003-cü ildə oğlu Ilham Əliyev atasının ölümündən sonra hakimiyyəti miras alıb.
“Arxitektor” jurnalının redaktoru Rori Olkayto “The Independent”ə açıqlamasında Heydər Əliyevi keçmiş diktator kimi xarakterizə edib: “Ola bilsin ki, həmin bina parlaq memarlıq abidəsidir. Amma Dizayn Muzeyinin keçmiş KQB diktatorunun şərəfinə tikilmiş binanı mükafata layiq görməsi qəribədir”.
Yuxarıda qeyd etdiyimiz kimi, “The Independent”lə yanaşı, digər media orqanlarında da eyni məzmunlu materiallar yayımlansa da, Azərbaycan səfirliyinin etirazı yalnız bu qəzetdə dərc olunub.
Onu da əlavə edək ki, Böyük Britaniya mediası son günlər Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyəti, siyasi məhbus problemi, korrupsiya barədə əhatəli və maraqlı materiallar yayımlayır. Bugünlərdə “The Daily Mail” Ilham Əliyevi “dünyada ən çox korrupsiyalaşmış rejimlərdən birinin başçısı” kimi təqdim edərək, Böyük Britaniya kraliçasının oğlu, York hersoqu, şahzadə Endryunu onunla əlaqələrinə ittiham etmişdi.