Fransa mediası “Hafka”nı Fantomasa bənzətdi

16-07-2014, 17:56   
Fransa mediası “Hafka”nı Fantomasa bənzətdiOliqarxla bağlı qalmaqal böyüdü

“Hafka” kimi tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədovun Fransadakı “şöhrəti” Napoleon Bonapartı da ötüb keçib. Buna səbəb H.Məmmədovun “Lans” klubuna vəd etdiyi pulu verə bilməməsi üzündən klubun yüksək liqaya buraxılmamasıdır.

Virtualaz.org saytı xəbər verir ki, iyulun 15-də Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) “Lans” klubunun apelyasiya şikayətini rədd edib. Klub DNCG-nin bundan əvvəlki qərarından apelyasiya vermişdi.

DNCG “Lans” klubunun prezidenti Jerve Martel tərəfindən təqdim edilən mövsüm büdcəsi ilə bağlı heç bir maliyyə təminatının olmadığını əsas gətirərək komandanı I liqaya buraxmaqdan imtina edib.

Jerve Martelin təqdim etdiyi büdcəyə əsasən “Lans”ın 43 milyon avroluq büdcəsinin təxminən yarısını klubun əsas səhmdarı və sponsoru H.Məmmədov ödəməli idi. H.Məmmədov bu ilin may ayında Fransaya gedərək “Lans”a 17 milyon avro vəsait verəcəyinə dair sənədi imzalayıb. Lakin DNCG tələb edib ki, bu vəsaitin ən azı 10 milyon avrosu “Lans”ın bank hesabına köçürülməlidir.

“Hafka” vəd olunan pulu indiyədək köçürməyib və müxtəlif bəhanələr gətirib. Nəticədə DNCG klubu yüksək liqaya buraxmayıb.

DNCG-nin “Lans”ın apelyasiya şikayətini rədd etməsindən sonra klubun prezidenti Jerve Martel iyulun 15-də axşam mətbuat konfransl keçirib. “Hafka”nın ortağı bildirib ki, azərbaycanlı biznesmen 10 milyon avronu ötən həftə “Lans”ın hesabına köçürməyə cəhd edib. Lakin “İBAN kodunun səhv düşməsi üzündən” bu köçürmə baş tutmayıb.

Jerve Martel daha sonra deyib ki, H.Məmmədov pulları “Bank of Azerbaijan”ın hesabından köçürməli idi. Amma İBAN kodundakı yanlışlığın ardınca istirahət günləri buna mane olub. Belə ki, Bakıdan pulların köçürülməsi ilə bağlı ötən həftənin cümə günü sorğu verilib, ancaq köçürmə üçün “vaxt çatmayıb”. Çünki qarşıdan şənbə və bazar günləri gəlirdi.

Lakin mətbuat konfransında iştirak edən jurnalistlər Jerve Martelin İBAN kodunun səhv düşməsi və istirahət günləri ilə bağlı bəhanələrini inandırıcı hesab etməyiblər. Ona xatırladılıb ki, bundan əvvəl də pulların köçürülməsinin “bank kodunda yaranmış problemlə bağlı olduğu” və Azərbaycanda ordu bayramı ilə izah edilmişdi.

Jerve Martel isə vəziyyətdən birtəhər çıxmağa çalışıb və deyib ki,”Lans”ın yüksək liqaya buraxılacağına əmindir. O, DNCG-nin qərarı ilə bağlı Fransa Futbol Federasiyasına müraciət edəcəklərini deyib.

Europe-mercato.com saytı isə Jerve Martelin yenidən H.Məmmədovun “Lans”ın hesabına pul köçürməməsini “İBAN kodunun səhv düşməsi” kimi gülünc bəhanə ilə əsaslandırmağa çalışdığını, ancaq mətbuat konfransının iştirakçılarının J.Martelin H.Məmmədovdan narazılığını aydın sezdiklərini yazır.

“Klubun düşdüyü vəziyyətin qeyri-müəyyənliyi və bu bəhanələr onu göstərir ki, komandanın rəhbərliyi “Lans”ın bütünlüklə Fantomas rolunda çıxış edən əsas səhmdarının girovuna çevrilib” - deyə sayt yazır.

“Lans” klubunun mənsub olduğu Nord-Pa-de-Kale regionunun bələdiyyə şurasının rəhbəri Daniel Perşeron isə deyib ki, klubun yüksək liqaya buraxılmayacağı haqda xəbərlərdən məyusdur. Perşeronun sözlərinə görə, acınacaqlıdır ki, “Lans” kimi populyar klub maliyyə resurslarının çatışmaması və vəd olunan vəsaitin verilməməsi üzündən I liqaya buraxılmır.

Hazırda “Lans” klubu və H.Məmmədovun “yolda ilişən” 10 milyonu ilə bağlı bütün Fransa mediası, o cümlədən digər Avropa ölkələrinin idman nəşrləri yazır.

Azərbaycanlı oliqarxın ötən il “Lans”ın səhmlərinin üçdə ikisini 20 milyona alması necə səs-küyə səbəb olmuşdusa, indi də H.Məmmədovun klubu faktiki olaraq “atması” daha böyük rezonans doğurub.

Xatırladaq ki, H.Məmmədovun Azərbaycandakı biznesində ciddi problemlər var. Ona məxsus “Bank of Azerbaijan”da likvidlik problemi yaşanır və bank müştərilərin depozitlərini qaytara bilmir. “Bakı” klubunun futbolçuları aylarla maaş almır, oliqarxın “Baghlan Holding”i banklara olan borcunu ödəmək iqtidarında deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.