Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xalqın çoxu hökumət yardımından kənarda qaldı

7-04-2020, 10:41   


AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev

Hökumət bu dəfə də özünü doğrultmadı. İqtisadi fəal əhalinin 65 faizi, kommersiya əsasları ilə fəaliyyət göstərən müəssisələrin və fərdi sahibkarların isə 68 faizi hökumət Planından kənarda qalıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi “COVİD-19” pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə yaratdığı mənfi təsirlərin azaldılmasını nəzərdə tutan tədbirlər Planı 2,5 milyon nəfəri əhatə edəcək. Bu sayın nöqtə-vergülünə toxunmasaq, belə aydın olur ki, sərt karantin rejimində yaşamağa məcbur qalmış 5,2 milyon iqtisadi fəal əhalinin 2,7 milyon nəfəri və ya 52 faizi hökumətin bu proqramının təsirini öz canında hiss etməyəcək.

Lakin hökumətin təsir dairəsinə daxil etdiyi 664 min nəfəri də kənarda qalan o 52 faizin üzərinə əlavə etmək lazımdır. Ona görə ki, nə dövlət başçısı İlham Əliyevin ayırdığı 1 milyard manatdan, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məqsədlər üçün nəzərdə tutulan vəsaitlərindən (344 milyon manat) qeyri-dövlət sektorunda çalışan bu insanlara heç nə düşməyəcək. Tədbirlər planında eləcə o qeyd olunub ki, bu 664 min nəfərin ixtisarına yol verilməməsi məqsədi ilə işəgötürənlərlə iş aparılsın. Açığı, qısamüddətli karantin dövründə imkanlı işəgötürənlərin öz işçilərini dərhal ixtisar edəcəklərini düşünmək doğru olmazdı (çox az sayda istisnalar mümkündür). Lakin imkansız işəgötürənin onunla aparılan şifahi söhbətdən sonra olmayan yerdən öz işçisinə pul verə biləcəyinə də ümid etmək sadəlövhlük olardı. Belə olan halda bu kateqoriya işçiləri Planın təsir dairəsinə daxil etməyin nə məqsədi, nə də mənası başa düşülür. Belə bir çətin zamanda işəgötürənlərin şifahi söhbətlərə deyil, konkret maliyyə dəstəyinə ehtiyaclarının olmasını düşünmək daha məntiqli olardı ki, bunu da etməyiblər. Bu sayı da nəzərə alsaq, 3,4 milyon nəfərin və ya 65 faiz əmək qabiliyyətli əhalinin bu çətin zamanda Allahın ümidinə buraxılması qənaətinə gəlmək olar.

Hökumət dövlət sektorunda çalışan 910 min nəfəri də Planın təsir dairəsinə daxil edib. Bəlkə də başa düşüləndir, yəqin ki, maliyyələşmə mənbəyinin dövlət büdcəsi olmasını nəzərə alıb bu addımı atıblar. Amma bilmək lazımdır ki, bu işçilər də ayrılmış 1,3 milyarddan pul almayacaq.

Koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılmasını nəzərdə tutan Plandan birbaşa 959 min nəfər faydalana biləcək:

1) 300 min nəfər – 44 min sahibkar təsərrüfatında çalışan muzdlu işçilər (215 milyon manat);
2) 300 min nəfər – fərdi (mikro) sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və burada çalışan işçilər (80 milyon manat);
3) 200 min nəfər – Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslər (70 milyon manat – 2 aylıq);
4) 50 min nəfər – müvəqqəti məşğulluğu təmin edilmiş şəxslər (30 milyon manat- 2 aylıq);
5) 62 min nəfər – ÜDSY xüsusi karantin rejimi dövründə bitən ailə üzvləri (3 milyon manat);
6) 47 min nəfər – digər kateqoriya insanlar (90,6 milyon manat).

Bu şəxslərə Plan çərçivəsində üst-üstə 490 milyon manata qədər vəsait xərclənəcək.

Qalan vəsaitlərdən isə 44 min biznes təşkilatı və 290 min fərdi sahibkar təsərrüfatı faydalana biləcək ki, həmin maliyyə də vergi güzəştləri və tətillərin verilməsinə, kredit faizlərinin bir hissəsinin örtülməsinə, güzəştli ipoteka kreditlərinin həcminin artırılmasına və sərnişindaşımaya birbaşa maliyyə dəstəyinin verilməsinə yönələcək.

DSK-nın rəsmi məlumatlarına görə ölkədə kommersiya əsasları ilə fəaliyyət göstərən 130 minə yaxın müəssisə, 915 minə yaxın fərdi sahibkar subyekti var və bütün bu təsərrüfat subyektlərinin də 40 faizə qədəri ticarət, nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində, 26 faizi isə kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatlarında cəmlənib.

Statistika Komitəsinin bu məlumatları ilə müqaytisə etsək, aydın olur ki, hökumətin tədbirlər Planı müəssisə və sahibkar təsərrüfatlarının vur-tut 32 faizini təsir altına alır. Kommersiya müəssisələri və fərdi sahibkar təsərrüfatlarının 68 faizi isə hökumət Proqramından kənarda qalıb. Bu 68 faizin hazırkı karantin şəraitində itkilərə məruz qalmadığını iddia etmək nə dərəcədə absurddursa, dövlət büdcə ödənişlərində iştirak edə bilməmələrini əsas tutub onları hökumət Planından kənarda saxlamaq da bir o qədər cəfəngiyyatdır. Çünki vergi ödənişlərində iştirak edə bilməmələri təhlükəsizlik yastıqlarının çox zəif olması anlamına gəlməklə həmin sahibkarların müflis olma riskinin yüksək olmasını, hazırkı şəraitdə isə daha tez təsirlənə biləcəklərini üzə çıxarır. Çox vacib olan bu məqamlar 700 mindən çox müəssisə və fərdi sahibkar subyektinə sahib çıxmaq üçün ciddi əsas hesab olunmalı idi. Amma hökumət bu dərəcədə həssas məqamların üzərindən sükutla keçməyi üstün tutub.

Beləliklə, iqtisadi fəal əhalinin, habelə biznes strukturlarının və fərdi sahibkar təsərrüfatlarının tam əksəriyyəti koronavirus pandemiyasının yaratdığı mənfi təsirlərin azaldılmasını nəzərdə tutan hökumət Planının təsir dairəsindən kənarda saxlanılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar