Hakimiyyətin anti-ABŞ kampaniyası davam edir

17-07-2014, 11:46   
Hakimiyyətin anti-ABŞ kampaniyası davam edir
Mehman Əliyev: «Hakimiyyət çalışır ki, azad media, müstəqil QHT-lər qrant layihələrindən məhrum olsun»

Hakimiyyətin antiABŞ kampaniyası davam edir. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, hakimiyyətin nəzarətində olan əksər qəzet və saytlar dayanmadan ABŞ-a qarşı ittihamlar səsləndirir. ABŞ səfirinin hakimiyyəti tənqid etməsi ilə başlayan "müharibə”ni, hökumətin yüksək vəzifəli şəxsləri davam etdirir, ya da bu istiqamətdə sifarişli yazılar yazılır.

ABŞ-a qarşı savaşın bir istiqaməti də Azərbaycanda fəaliyyət göstərən, QHT-lərlə əməkdaşlıq edən institutların hədəf seçilməsidir. Ilk növbədə belə bir hücum ABŞ-ın Milli Demokratiya Institutuna qarşı başlandı. Hakimiyyət MDI-ni ölkədə inqilab etməkdə, müxalif gəncləri maliyyələşdirməkdə, sosial şəbəkələr vasitəsilə inqilabi təbliğat aparmaqda ittiham edirdi. Ancaq bu ittihamların heç biri sübuta yetirilmədi və ABŞ səslənən fikirlərin əsassız olduğunu bəyan etdi. Buna baxmayaraq ciddi basqılar nəticəsində MDI-nin Azərbaycandakı fəaliyyəti ləğv olundu.

Indi isə hökumət qəzetləri ABŞ Beynəlxalq Inkişaf Agentliyini - USAID-i hədəf seçib. Bu təşkilat Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon ABŞ dolları məbləğində gizli qrant elan etməkdə ittiham olunur.

Artıq ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ABŞ Beynəlxalq Inkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır: "Sözügedən layihə barədə məlumatı USAID öz saytında(www.grants.gov) yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. USAID normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli media daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb”, deyə səfirlikdən bildirilib.

Ancaq buna baxmayaraq USAID-ə qarşı hücumlar davam edir. Hökumətyönlü ekspertlər hesab edir ki, bu təşkilatın fəaliyyəti şəffaf deyil və dövlətçilik maraqlarından çıxış edən mətbuat orqanları bu təşkilatın layihələrindən kənarda qalır. Hökumətin nəzarətində olan qəzetlər isə daha da uzağa gedərək USAID-i bugünə qədər baş verən bütün xoşagəlməz hallarda günahlandırır.

Görünür, ölkədə müstəqil mətbuatı iqtisadi yollarla sıradan çıxarmaq istəyən, müstəqil QHT-ləri maliyyə bataqlığına salmağa çalışan hakimiyyət belə bir layihəni "plan”ların pozulması kimi qiymətləndirir.

"Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, hakimiyyət müstəqil təşkilatları xarici donorlardan məhrum etmək istəyir: "Proseslərə nəzər salsaq görərik ki, hakimiyyət yerli və xarici QHT-lərə qarşı siyasətini sərtləşdirir və qrant layihələrini məhdudlaşdırmaq istəyir. Yəni qrant təşkilatlarını müstəqil mediadan, müstəqil QHT-lərdən qoparmaq istəyirlər. Əslində, bu qədər ittihamlara qarşı Amerika hökuməti öz münasibətini bildirməlidir və hesab edirəm ki, onların Ilham Əliyevə söz çatdırmaq imkanları var”.

Ekspert onu da əlavə etdi ki, USAID-in qrantlarından əsasən hökumət bəhrələnir: "Statistikaya nəzər salsaq görərik ki, USAID-in layihələrində hökumətin nəzarətində olan QHT-lər iştirak edir və yüksək miqdarda maliyyə əldə edirlər. Bu təşkilat Azərbaycanda müxtəlif demokratik islahatların aparılması üçün zaman-zaman maliyyə yardımı edir. Bu həm də ikitərəfli sazişlərin, müqavilələrin tələblərindən irəli gəlir. Məsələn, Azərbaycanda ”Asan xidmət" yaradılıb və insanlar bundan razıdır. Ancaq "Asan xidmət” Azərbaycan hökumətinin təşəbbüsü deyil, bu, USAID-in qrant layihəsidir. Bu kimi nümunələr çoxdur. Ancaq Azərbaycan hakimiyyətinin maliyyəyə ehtiyacı yoxdur və müstəqil medianın, QHT-lərin maliyyəsini kəsmək üçün belə kampaniya aparır. Eyni zamanda hakimiyyət qrant layihələrindən əldə etdiyi vəsaiti islahatlara sərf etmir və bu cür cığallıq edir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.