Eyyub Hüseynov: “ Mənşəyi bilinməyən toyuq ətinin satış şəbəkəsinə yol tapması cəmiyyətə və dövlətə qarşı sabotajdır”

29-04-2020, 18:33   

"Bu cinayət əməli ölkənin qida təhlükəsizliyi konsepsiyasına çox böyük zərbədir"...




"Telekanalların birində son günlər müvafiq nəzarət strukturu tərəfindən Bakının Maştağa qəsəbəsində qanunsuz fəaliyyət göstərən sexin aşkar edilməsi ilə bağlı süjet vətəndaşlarımızı ciddi şəkildə həyəcanlandırıb. Efirə verilən süjetlə bağlı "Azad İstehlakçılar" İctimai Birliyinə çoxsaylı istehlakçı zəngləri daxil olmaqdadır. Videomaterialdan məlum olur ki, bu sexə naməlum ünvandan gizli xarici toyuq əti gətirilir, onlara xüsusi şprislər vasitəsi ilə mənşəyi məlum olmayan maye vurulub dondurulur və qablaşdırılaraq başqa ad altında satış şəbəkələrinə verilir. Tam məsuliyyətlə bildirirəm ki, bu cinayət əməli ölkənin qida təhlükəsizliyi konsepsiyasına çox böyük zərbədir, bu seqmentə qarşı insanlarda inamsızlıq və şübhə yaradır." Bu sözləri gizli sexdə saxta etiketlərlə mənşəyi bəlli olmayan quş ətinin satış şəbəkələrinə çıxarılma faktına münasibət bildirən "Azad İstehlakçılar" İctimai Birliyinin(AİİB) sədri Eyyub Hüseynov bildirmişdir.

E.Hüseynov demişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin məlumatına görə, gizli işbazlar hazır məhsulu satış məntəqələrinə "Siyəzən çolpası" adı altında çatdırırmışlar. Bu fakt isə ikiqat cavabdehlik və cinayət tərkibi yaradır.

"Bu haqda siqnallar mənə 3-4 il əvvəl gəlməyə başlayıb. Lakin aldığımız bütün tədbirlərə baxmayaraq, bu tendensiyanın kökünü kəsmək mümkün olmamışdır. Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə səylərini ürəkdən dəstəkləyirəm və onlara hər cür yardım göstərməyə hazıram".

O, sözünə davam edərək bildirmişdir ki, ölkənin hazırkı durumunda, sərt karantin tədbirləri dönəmində bu şəxslərin insanların sağlamlığına və heysiyyatına toxunan hərəkətləri sabotaj kimi dəyərləndirilməlidir. Sözügedən şəxslər "Siyəzən Broyler" ASC-nin adından istifadə edərək, satışa mənşəyi və keyfiyyəti bəlli olmayan, gigiyenik cəhətdən təhlükəli məhsullar çıxararaq, həm şirkətin işgüzar nüfuzunu zədələmiş, həm də istehlakçıların həyatı üçün təhlükə doğuran cinayət əməli törətmişlər. Qəti şəkildə əminəm ki, bu cinayətdə istifadə edilən toyuq nümunələrinin mənşəyi ilə bağlı müvafiq güc strukturları tərəfindən araşdırmalar aparılmasının vaxtı çoxdan çatmışdır.

E.Hüseynov bildirmişdir ki, bu məsələ ilə bağlı "Siyəzən broyler" ASC ilə əlaqə saxlamış və şirkət ona xeyli informasiya təqdim etmişdir. Məlum olmuşdur ki, "Siyəzən broyler" ASC-də heç bir zaman "Siyəzən çolpası" adlı əmtəə brendi olmamışdır. Şirkətin bəlli etiketlər, müvafiq sertifikatlarla təsdiqlənmiş məhsul çeşidləri ilə tanışlıq bir daha göstərmişdir ki, ölkədə quş ətinə olan istehlakın 30 faizinə qədərini təmin edən "Siyəzən broyler" ASC-nin daxili bazarda normal reytinqi, münasib qiymətləri və sabit mövqeyi işbazları bu şirkətin adı altında fəaliyyətə sövq etmişdir.

E.Hüseynovun fikrincə, bu vəziyyətin yaranmasında alıçıların da müəyyən təqsiri vardır. Onların primitiv qablaşdırmadan, bişirilmə prosesində çəkinin az qala yarısının itməsindən və qiymətlərin şübhəli dərəcədə uçuz olmasından bilməlidilər ki, aldıqları məhsul saxta və insan həyatı üçün çox təhlükəlidir.

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov sonda bildirmişdir ki, bu məsələ böyük ictimai rezonans doğurduğu üçün rəhbərlik etdiyi quruma onlarla müraciət olmuşdur. Buna görə də AİİB məsələni ciddi nəzarətdə saxlamağa və ictimaiyyətə vaxtaşırı məlumatlandırmağa qərar vermişdir. Yaxın günlərdə araşdırmaların ilkin nəticələri mətbuat vasitəsi ilə xalqa çatdırılacaqdır.

pia.az


Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.