Hökumət özü öz yalanını ifşa edir

18-07-2014, 10:39   
Hökumət özü öz yalanını ifşa edirBir tərəfdən yoxsulluğun azaldığı bəyan edilir, digər tərəfdən sosial yardım alanların sayı artır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım təminatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu il yardım alanların adlı siyahısının nazirliyin internet səhifəsində yerləşdirib. APA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev dünən keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, vətəndaşlardan daxil olan məlumatların araşdırılması zamanı 12 rayonda - Ağdam, Goranboy, Imişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər və Daşkəsəndə aztəminatlı və sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710 310,0 manat vəsait xərcləndiyi aydın olub.

Onun sözlərinə görə, həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344 571,0 manatı və ya 48,5 faizi büdcəyə bərpa edilib.

Həmçinin bildirilib ki, bu ilin 1 iyul tarixinə Azərbaycanda 559 min 834 ailə üzvü olan 128 min 25 ailəyə, o cümlədən Naxçıvan MR üzrə 12 min 76 nəfər ailə üzvü olan 3014 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib.

Ç.Əliyevin sözlərinə görə, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalma deməkdir.

Ç.Əliyev qeyd edib ki, bu ilin 1 iyul tarixinə əhalinin 4,2 faizinə və ya 358 min 293 nəfərə aylıq və ya birdəfəlik sosial müavinət təyin olunub. O əlavə edib ki, həmin şəxslərin 266 min 570 nəfəri aylıq, 91 min 723 nəfəri isə birdəfəlik sosial müavinətlə təmin olunub.

Yuxarıda göstərilən rəqəmlərə diqqət yetirsək, əhalinin yoxsulluq həddində yaşayan hissəsinin kifayət qədər çox olduğunu görərik. Fəqət, Azərbaycan hakimiyyəti yoxsulluğun ilbəil azalaraq, aşağı düşdüyünü vurğulayır. Hökumət bu il ölkə əhalisinin yaşayış səviyyəsinin yüksələrək, yoxsulluğun səviyyəsinin 5 faiz olduğu bəyan edib. Əhalinin yaşam səviyyəsi ilbəil yüksəlirsə, maraqlıdır, nədən ünvanlı yardım alanların sayı azalmır? Hələ nə qədər ailə var ki, müəyyən səbəblərdən ünvanlı yardım ala bilmir və onların da sayını əlavə etsək, gözümüz qarşısında böyük bir yoxsulluq ordusu canlanır.

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, hökumət ünvanlı sosial yardım almaq üçün müraciət edən adamlara həmin yardımı təyin edəndən sonra onları yoxsulluq həddindən çıxardığını zənn edir. Ekspertin sözlərinə görə, hökumət yoxsulluq səviyyəsini müəyyənləşdirmək üçün öz aləmində minimum istehlak səbətinin dəyərini müəyyənləşdirir: "Əhalinin gəlirlərinə də baxaraq, müəyyən hesablamalardan sonra yoxsulluq faizini çıxarırlar. Onların yanaşmasının özü yanlışdır. Hökumətin açıqladığı rəqəmlərlə razılaşmaq olmur, beynəlxalq təşkilatlar da bununla razılaşmır. Ölkədə minimum əməkhaqqını 100 manat deyirlərsə və minimum istehlak səbətinin dəyərini də 90 manat elan etsələr, onda belə çıxır ki, ölkədə heç yoxsul adam yoxdur. Deyilən rəqəmlər insanın acından ölməməsi üçün yetərlidir. Istehlak səbətinin dəyəri elə müəyyənləşdirilb ki, əhalini yoxsulluq səviyyəsindən çıxarmağa yetərli hesab edilir. Bütün müqayisələri də həmin rəqəmlərə uyğun aparırlar. Keçən il yoxsulluğun səviyyəsi 7, bu il isə 5 faiz elan edilir. Sabah da Azərbaycanda ümumiyyətlə, yoxsul olmadığını deyəcəklər. Yanaşmanın özü yanlışdır”.

Ekspert qeyd edir ki, hakimiyyət 100 manatla yaşamağın əhali üçün yetərli olduğunu düşünür. Bu qədər az vəsaitlə yaşamağı mümkünsüz hesab edən Nemət Əliyev belə kiçik rəqəmin real gerçəkliklə uyğunlaşmadığını söyləyir: "5 faizlik yoxsulluq həddi saxta rəqəmdir. Onun yoxsulluq səviyyəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycanda yoxsulluğun səviyyəsi daha yüksəkdir. Hökumət ünvanlı sosial yardım alanların sayını açıqlayıb. Bunları adambaşına böləndə 28 manat pul alınır. Belə hesabla aylıq maaş 101-102 manat edir. 28 manat alan adam necə dolana bilər? Son beş ildə ünvanlı sosial yardım alanların sayı 370 min nəfər artıb. Yoxsulluğun səviyyəsi aşağı düşürsə, o zaman onların sayı azalmalıdır. Beş ildə 370 min artırsa, on il müddətində bu rəqəm təxminən 1 milyon nəfərə gəlib çıxacaq. Hökumətin yoxsulluğun həddi barədə dediyi rəqəmlər manipulyasiyadır və real gerçəkliklə heç bir əlaqəsi yoxdur. Əslində, real həyatda yoxsulluğun səviyyəsi çox yüksəkdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.