Bolşeviklərin 70 ildə ölkəmizin başına açdığı oyunlar haqqında arxiv sənədləri əsasında qalaq-qalaq faktlar ortaya qoyulub. Əminliklə demək olar ki, xalqımızın bugünkü aqibəti də Sovetin siyasi-idarəetmə mədəniyyətinin işğalçı və müstəmləkəçi xarakterinin təsiri ilə formalaşıb, Sovetin birbaşa mirasıdır. Bütün bunları bilə-bilə Sovet hakimiyyətinin ölkəmiz üçün hansısa müstəsna xidmətləri və faydaları haqda danışmaq və bunları hər hansı şəkildə qabartmağa çalışmaq küfrdür. Ölkəmiz adına dəyərli, müqəddəs hesab olunabiləcək hər bir şeyə küfrdür.
Özü də Sovet hakimiyyətinin pisliklərini sadəcə Stalinin adına bağlamaq, guya Stalindən əvvəl və sonra bu quruluşun normal fəaliyyət göstərdiyinə eyham vurmağa çalışmaq, yumşaq desək, ya biclikdəndir, ya giclikdən. Bu quruluş Stalindən əvvəl də pislik olub, ondan sonra da. Konkret bizə münasibətdə isə birmənalı olaraq işğalçı və soyğunçu olublar. Əsas niyyətlərindən biri məhz sərvətlərimizi talan etmək və bunun hesabına acından ölən metropoliyanı məhv olmaqdan qorumaq idi. Bolşeviklər Bakı neftinə inanılmaz dərəcədə möhtac olub. Bunu təsəvvür etmək üçün sadəcə Serebrovskinin (eləcə də Nərimanovun) yazılarını oxuyanda qabağıma çıxan maraqlı faktlardan ikisini qeyd edim.
Bolşeviklər üçün Bakı nefti o dərəcədə ölüm-qalım məsələsi idi ki, vaxt itirməmək üçün, işğaldan xeyli əvvəl artıq Bakı neft sənayesinin necə idarə edəcəklərini planlaşdırmağa başlamışdılar. Hətta işğaldan qabaq “Главконефти” tərkibində Bakı Neft Komitəsi yaradırlar, aprelin 13-də isə hələ onların olmayan Bakı neft sənayesini milliləşdirmək haqda qərar da verirlər (rəsmi olaraq isə 28 mayda milliləşdirilir). Bundan sonra Lenin aprelin 17-də Serebrovskiyə mandat verir ki, Bakı neftini sən idarə edəcəksən və məqamı çatan kimi, Bakının ağzına kimi dolu olan neft anbarlarındakı bütün nefti təcili olaraq və bütün vasitələrlə daşımalısan mərkəzə. Özü də bu mandatda bütün partiya, hərbi və mülki rəhbər orqanlara tapşırılır ki, hamı bir nəfər kimi Serebrovskiyə bu işdə əlindən gələn dəstəyi verməlidir. Yəni bütün bunlar işğaldan əvvəl baş verir. Aprelin sonlarına doğru, yəni işğal olar-olmaz (hətta bəzi şəxslərin işğaldan bir neçə gün əvvəl gəldiyi ehtimal olunur), birinci olaraq “Главконефти”nin rəhbəri də daxil olmaqla böyük bir heyət Bakıya gəlib, təcili olaraq Bakı anbarlarındakı neftimizi daşıyıb aparmaq işinin təşkilinə başlayırlar.
Bu soyğunçuluq sonrakı illərdə də davam edir. Hətta sonralar N.Nərimanov xalqın acınacaqlı vəziyyətini və iqtisadi problemləri nəzərə alıb, dəfələrlə rəhbərliyə müraciət edir ki, heç olmasa Bakıdan əldə edilən neft məhsullarının kiçik bir hissəsini ölkənin özünə verin, öz ehtiyaclarını qarşılasın. Rəsmi sənədlərdə göstərilir (Nərimanovun öz yazılarında da qeyd olunur) ki, dəfələrlə Politbüroda bu məsələ qaldırılır, hətta Nərimanov məktubla müraciət edir, amma bu məsələ müsbət həllini tapmır. Hətta ilk başda neftin 15%-nin ayrılması xahiş edilirdisə, imtina edildiyi üçün, sonralar bu xahiş 10%-ə endirilir, amma Politbüro 12 iyul 1923 qərarında bu 10%-lik dilənçi payını da verməkdən imtina edir. Sonralar deyəsən xahiş edirlər ki, heç olmasa 5% verin.
Rəşad Əliyev
Yazı müəllifin fb səhifəsindən götürülüb