“Koronavirus adıyla 500 adama yardım yazaq, heç olmasa 1200 manatı götürək...”

1-05-2020, 13:29   


Dövlət Təhükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi Biləsuvar rayonunun keçmiş icra hakimiyyəti başçısı, iki gün əvvəl bir neçə yerli məmurla birlikdə həbs edilmiş Mahir Quliyevin barəsində gizli videoçəkilişi və əməliyyat görüntülərini də yayıb. Virtualaz.org xəbər verir ki, DTX digər icra başçılarının həbsi əməliyyatında olduğu kimi bu dəfə də icra başçısının kabinetində gizli kamera quraşdırıb və onun necə rüşvət almasını, koronavirusa görə tətbiq edilmiş xüsusi karantin rejimində aztəminatlı ailələrə yardım adı altında pulları mənimsədiyini, rüşvət və “otkat” haqq-hesabını apardığı dəftərçəsini çəkib.

Baxmayaraq ki, bundan əvvəlki həbs əməliyyatlarına dair videosjetlərdə gizli kameranın icra başçısının kabinetində quraşdırıldığı bəlli olurdu, amma savadsız və faktiki olaraq heç bir təhsili olmayan Biləsuvar başçısı hətta bu videosüjetlərdən də özü üçün nəticə çıxarmayıb. Və rüşvəti kabinetində almaqda davam edib.

Beləliklə, DTX-nın yaydığı görüntülərə əsasən Mahir Quliyev kabinetindədir və onun yanında birinci müavini Xanlar Məmmədov daxil olur. Başçı kreslosundan qalxır və müavini ilə hansısa vəsaitin koronavirus adıyla mənimsənilməsi planını müzakirə edir. “Götürək ordan koronavirus adıyla 500 adama yardım yazaq, onun 1200-nü heç olmasa götürək”,-Mahir Quliyev deyir.

Növbəti epizodda başçının köməkçisi Pöhran Şahbazov kabinetə daxil olur və Mahir Quliyevə gətirdiyi rüşvət pullarını təhvil verir. Bu pullar yerli icra nümayəndələrindən və digər aşağı məmurlardan, sahibkarlardan toplanmış aylıq haqq idi. Lakin Mahir Quliyevin xəbəri yox idi  ki, pulların üstündə xüsusi işıqda görünən mürəkkəblə “rüşvət” sözü yazılmışdı. Çox keçmir ki, əməliyyatçılar həmin rüşvət pullarını Mahir Quliyevin cibində aşkar edir.

Məlum olur ki, Mahir Quliyev həm də rayon ərazisində imkansızlar və işsizlər üçün ödənişli əsaslarla ictimai iş yerlərinin yaradılması proqramı hesabına da pulları çırpışdırıb. Belə iş yerlərindən birinə qəbul edilən Mirəddin Əzimov adlı sakin deyir ki, ona şərt qoydular-“pulu alıb mənə verəcəksiniz, məndə Mahir Quliyevə verəcəm. Bir az fikirləşdim, amma adıma əmək stajı yazılacağını nəzərə alıb verdim”.

Süjetdə Mahir Quliyevin birinci müavini olmuş Xanlar Məmmədovun da ifadəsindən fraqment yer alır, o yardım adı altında 12 min manatın ayrıldığını və pulun başçıya çatdırıldığını deyir.

Digər rayon məmuru, baş memar Yaşar Əzimov isə deyir ki, o rayonda tikintilərə icazə verilməsi üçün haqq alırdı və başçıya çatdırırdı. Habelə məlum olur ki, Mahir Quliyev rayonda 48 mənzilli yaşayış binasının tikintisi üçün ayrılmış dövlət vəsaitindən 20 faizlik “otkat” alıb.

“Filmin” sonunda təqsirləndirilən Mahir Quliyevin də sözlərinə yer verilir: “Mən şəxsən özüm buraxdığım səhvlərə görə ...a...bı...bu günkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm...”

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.