Əziz Əzizov Abutalıbovun əlilə verdiyi obyekti sökdürdü – Foto

5-05-2020, 10:36   
 

Prezident Administrasiyasında “naməlum məsələlər” üzrə köməkçi işləyən, Əmlak Komitəsini çapıb-talamış Kərəm Həsənovun xalqın canına urcah elədiyi Əziz Əzizov hansı rayona icra başçısı göndərilirsə, insanlara “divan tutur”, daşı daş üstünə qoymur, əzazil, qəddar biri kimi sakinlərə zülm edərək əhalini prezidentdən və dövlətdən narazı salır.
Onun Cəlilabad və Yasamalda icra başçısı işləyərkən sakinlərin, sahibkarların başına açdığı müsibətlərdən hamı agahdır, çox yazılıb-deyilib, mətbuatda bir ittihamı aktı qədər məlumatlar var.
Buna baxmayaraq, Əziz Əzizov Suraxanı rayonuna icra başçısı təyin ediləndən sonra da əməllərindən geri qalmayıb. Nə ölkədəki kadr islahatları, nə prezidentin sərt xəbərdarlıqları, nə də son zamanlar DTX tərəfindən kabinetində rüşvət faktı ilə həmkarlarının həbs olunmaları Əziz Əzizovu narahat etməkdədir. Sanki onu qoruyan “sehirli əllər” var.
Odur ki, Ə.Əzizov Suraxanıya İH rəhbəri gələndən bəri hələ ki camaatın ürəyincə olan bir iş görməyib. Əvəzində isə II qrup əlilinin çörək yerini yerlə-yeksan etdirib.
Bu barədə Reportyor.info-ya özü danışan II qrup əlil Əliyev Ələkbər Fərman oğlunun sözlərinə görə, Ə.Əzizov onun yaşadığı binanın həyətindəki kiçik dükanını uçurub.
II qrup əlil Ə.Əliyev deyir ki, o, Suraxanının Hövsan qəsəbəsi, Füzuli Bayramov küçəsi, bina 22 A, mənzil 16-da yaşayır.
Ə.Əliyevin sözlərinə görə, Hacıbala Abutalıbov Suraxanı rayon icra başçısı işləyəndə ona müraciət edib: “Xahiş etdim ki, mənə dükan yeri ayırın, əliləm, pensiyam heç iynə-dərmana çatmır, ailəmi dolandıra bilmirəm, heç olmasa dükan açıb alver edim, birtəhər dolanım.
Sağ olsun, Hacıbala müəllim göstəriş verdi ki, Ələkbərə mağaza yeri ayırın. O vaxt yaşadığım yerin həyətində mənə yer təklif elədilər, mən də icra nümayəndələri ilə razılaşdım.
Deməli, hörmətli Abutalıov mənə 30 kvadratlıq dəmir “butka” hədiyyə elədi. Mən də ərzaq, meyvə-tərəvəz satmaqla dolandım. Obyekt işlədiyi vaxtda sosialı, vergini həmişə ödəmişəm”.
II qrup əlil deyir ki, sonra səhhətində yaranmış problemlə əlaqədar dükanı işlədə bilməyib, bir müddət müalicə alıb: “Özümü yaxşı hiss edəndə gördüm ki, dolanmaq çətindir. Suraxanının bundan əvvəlki icra başçısı İlqar Abbasova müraciət etdim, ondan işlə təmin etməyi xahiş elədim. O da sağ olsun, məni dinləyib Məşğulluq Mərkəzinə tapşırdı.
Ondan sonra məni qeydə aldılar və Hövsanda 104 saylı Mənzil İstismar Sahəsində sahə nəzarətçisi təyin etdilər. Bu gün də həmin yerdə işləyirəm. 104 saylı MİS-ə düşən ərazidə yaşayanlar məndən razılıq edirlər, işimi layiqincə görməyə çalışıram”.
Ə.Əliyev bildirir ki, bu ilin aprelində əsən güclü külək onun 10 daş hörülmüş dükanının bir hissəsini dağıdıb-töküb.
“İstədim tökülən daşları üst-üstə qoyum, dedim birdən qalan yerlər də uçar-tökülər, məhəllədəki uşaqların üstünə dağılar, bir hadisə olar.
Bu dəmdə Suraxanı İcra Hakimiyyətinin işçiləri gəlib dedilər ki, icra baçısı Əziz Əzizov səni çağırır. Mən də qəbuluna getdim.
Elə İcra Hakimiyyətinə çatanda evdən zəng gəldi ki, Hacıbala müəllimin sənə hədiyyə etdiyi dükanı sökdülər. Mən Əziz müəllimin qəbuluna getdim ki, məsələni soruşum, amma buraxmadılar.
Onun yerinə şöbə müdiri Mehman müəllim məni qəbul etdi. Ona dedim ki, bu dükanı Abutalıbov verib. Siz verməmisiz ki, siz də sökdünüz. Dedi ki, başçı tapşırıb, yaxşı eləmişik, buranın ağasıyıq, get kimə istəyirsən şikayət elə…”
II qrup əlil Ə.Əliyev prezidentə müraciət edərək Suraxanının icra başçısı Əziz Əzizov kimi məmurların özbaşınalıqlarının vətəndaşları boğaza yığdığını bildirib.
O, dövlət başçısından kömək istəyib və ümidvardır ki, icra başçıları ilə bağlı araşdırmalar Suraxanı rayonuna da gəlib çıxacaq. Qeyd edək ki, Ə.Əzizov Yasamalda da obyekt sökmək işində kifayət qədər mahir idi…
Reportyor.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.