“Rusiya əlini çəksə, Ermənistan xəritədən silinəcək” - Moskvadan İrəvana hədə

6-05-2020, 08:59   


Tanınmış rusiyalı ekspert: “Paşinyanı özü kimi beli çantalı biri əvəzləyəcək”; amerikalı politoloq: “Ermənistanın kürəyində Rusiyanın əli ermənilərin düşündüyündən daha ağırdır...”

Ermənistanda “məxməri inqilab”ın yaxınlaşan ikinci ildönümü ərəfəsində də Moskva-İrəvan münasibətlərində gərginlik qalır. Bu müddət Rusiya rəhbərliyi üçün yeni “inqilabçı” hökuməti öz “dişinə” vurmaq baxımından tamamilə bəs edib. Reallıq belədir ki, rəsmi Kreml baş nazir Nikol Paşinyanın idarəçiliyindən məmnun deyil - bunu açıq şəkildə büruzə verməsə də.

Bu və digər səbəblərdən tərəflər arasında hətta “soyuq müharibə”nin getdiyi və Moskvanın Paşinyana əvəz axtardığı haqda rəylər var. Hesab edilir ki, gizli qərbçi sayılan erməni baş nazir iqtidara gələndən Rusiyanın adamlarını sıxışdırdığı, o cümlədən onları ən yüksək dövlət postlarından uzaqlaşdırdığı, eks-prezident, Putinin sadiq dostu Robert Köçəryanın timsalında bəzilərini həbsə saldırdığı üçün Moskva N.Paşinyana qəzəblidir və ona alternativ axtarır.

Təbii ki, proseslərin bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırmaq hələlik dəqiqliklə mümkün deyil. Bir şey aydındır ki, Moskva Paşinyan və komandası ilə uzun müddət işləmək niyyətində deyil. Kremlin Ermənistanın indiki hakimiyyətinə təsir və təzyiq rıçaqları isə kifayət qədərdir. Onları sadalamağa lüzum yox. Təkcə həll olunmamış Dağlıq Qarabağ məsələsini, Ermənistanın Rusiyadan total enerji (qaz) asılılığını və işğalçı ölkədə dislokasiya olunmuş Rusiya hərbi kontingentinin varlığını yada salmaq yetər.

***** 

İrəvan-Moskva əlaqələri korlanıb: Münasibətlər getdikcə daha da ...

“Rusiya əlini üstündən çəksə, Ermənistan postsovet xəritəsindən silinəcək. Özü də təkcə Ermənistan yox”.

“Yeni Müsavat”ın məlumatına görə, bu hədələyici sözləri Moskvadakı “Avrasiya ideyaları emalatxanası” elmi tədqiqatlara dəstək fondunun ekspert şurasının sədri, xarici siyasət, müdafiə və təhlükəsizlik sahələri üzrə mütəxəssis, tanınmış politoloq Qriqori Trofimçuk 1 in.am erməni portalına müsahibəsində Moskva-İrəvan siyasi əlaqələrinin perspektivini şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan lap əvvəldən aparıcı Rusiya ekspertlərinin nəzər-nöqtəsi baxımından suallar yaradıb: “İlk növbədə söhbət Paşinyanın hakimiyyətə gəlmə formatından, həmçinin də liberal adlandırılan dəyərlərə onun sərt oriyentasiyasından gedir. Özlüyündə Paşinyanın praktik fəaliyyəti bütün neqativ gözləntilər və proqnozlarla üst-üstə düşdü. Hərçənd öz rəhbərliyinin fəaliyyətinə dəqiq qiyməti erməni xalqının özü verə bilər”.

Rusiyalı analitik rəsmi İrəvanın Rusiyadan alınan təbii qazın qiymətində endirimə nail olması üçün etdiyi cəhdləri anlaşılmaz hesab edir. “Qazın qiymətinə gəlincə, ekspertləri həmişə liberalların tarif və qiyməti endirmək tələbləri təəccübləndirib. Axı liberalların özləri deyirlər ki, qiyməti bazar müəyyən edir və mal istehsal edən ona istənilən qiyməti qoya bilər. O ”totalitar SSRİ"də idi ki, on illər boyu qiymət dəyişmirdi, qardaş xalqlar üçün isə ümumiyyətlə, pulsuz idi. İndi ki, hər yerdə demokratiya hökm sürür. Odur ki, ancaq sevinmək qalır", - deyə o, Ermənistanda iqtidarda olan “Soros uşaqları”na kinayə edib.   

Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental ...

Sözünə davam edən Trofimçuk işğalçı ölkədə mümkün hakimiyyət dəyişikliyində Moskvanın maraqlı olması ilə bağlı suala cavabında belə deyib: “Rusiya Ermənistanın daxilində rəsmən heç nə axtarmağa hazırlaşmır. Orada erməni xalqı özü nəsə axtarmalı olacaq - hansı ki, demokratiyanın görünməmiş nailiyyətlərindən ibarət ”bukletlərlə" yedizdirilir. Xalqın özü daxildən situasiyanı yaxşıya dəyişə biləcək şəxsləri irəli verəcək. Ancaq Ermənistan xalqı üçün problem, sadəcə, bütün işıqlı ümidləri qıran Nikol Vovayeviçdən qisas almaq yox, vəziyyəti real olaraq sabitləşdirən siyasətçi tapmaqdan ibarətdir. Bugünkü beynəlxalq şərtlərdə bu, praktik olaraq mümkün deyil - həm də o səbəbə ki, Ermənistan balaca ölkədir və bir sıra faktorlardan asılıdır. Paşinyanı əvəzləməyin ən effektli üsulu - onun yerinə özü kimi beli çantalı birinin gəlməsidir. Gəlsin və sadəcə, ona desin ki, onun vaxtı artıq bitib. Nikol Vovavyeviç çətin ki, belə demokratik üsula etiraz eləsin. Bu zaman köhnə fiqurlar arasında heç kimi axtarmaq lazım deyil - hansılar ki, nəyə qadir olduqlarını göstəriblər".

Rusiyalı analitikin əminliyinə görə, istənilən halda ölkə yalnız Rusiya ilə dostluq hesabına qurtula bilər. “Rusiya əlini üstündən çəksə, Ermənistan postsovet xəritəsindən silinəcək. Özü də təkcə Ermənistan yox”, - deyə o, ilk növbədə erməni xalqını hədələyib.

*****

PAŞİNYAN QƏRBİN ALQIŞLARI ALTINDA XANKƏNDİNƏ QARŞI OYUNA BAŞLAYIR ...

İrəvan-Moskva münasibətlərinin dinamikası okeanın o tayında da izlənir. Hər halda, 2018-ci ilin 8 may “məxməri inqilabı”nın əsas sponsorunun ABŞ olduğu çoxdan bəllidir.   

“Moskva İrəvana öz agentlərinin Ermənistanda təqib edilməsindən narazılığını bildirən siqnal göndərir”.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, ABŞ dövlət katibinin sabiq müşaviri, Qarabağ probleminin həllinə dair “ərazi mübadiləsi” variantının müəllifi, tanınmış politoloq Pol Qobl deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan bu acı həbi hansısa formada şirinləşdirməyə cəhd edir ki, öz xalqının gözündə gülünc görünməsin. O, İrəvanın Moskva ilə açıq qarşıdurmaya getməyə risk etmədiyini bildirib. “Kreml burada çoxgedişli oyun oynayır. Rusiya Gürcüstan və Azərbaycana nəzarət etmək istəyirsə, Ermənistandan gedə bilməz”- deyə Qobl qeyd edib.

Qobl Rusiyanın hazırda Cənubi Qafqazla bağlı dəqiq strategiyasının olmadığını və Moskvanın yalnız taktiki gedişlərlə hərəkət etdiyini söyləyib: “Qarabağla bağlı inkişaf gözləmək heç kimin xeyrinə deyil. Qaz, atom elektrik stansiyası, dəmir yollarının hamısı Ermənistanı cansız bədəndə saxlamaq üçün nəzərdə tutulan vasitələrdir. Ermənistanın kürəyində Rusiyanın əli ermənilərin düşündüyündən daha ağırdır”.

Bu “əli” indi Paşinyan da hiss eləməmiş deyil...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.