Koronaviruslu xəstələri müalicə edən həkim elə şeylərdən danışdı... - Müsahibə

6-05-2020, 20:37   


Ədalət Rüstəm: “Ehtiyat əldən verilərsə, payızda ikinci dalğa yaşanacaq”

Azərbaycanda koronaviruslu (COVİD-19) xəstələrin müalicəsi ilə məşğul olan həkimləri cəmiyyətdən təcrid ediblər. Onlar Bakının Ağşəhər adlandırlan nahiyəsində, dəniz kənarındakı “Bulvar” otelində yerləşdirilib və hər gün işlədikləri xəstəxanalara xüsusi avtobuslarla aparılıb-gətirilirlər. İşdə həkimlərə skafandra oxşayan xüsusi geyimlər geydirilir. Onlar otelə qayıtdıqdan sonra diqqətli şəkildə gigiyena qaydalarına riayət edirlər. Olduqca rahat oteldəki otaqlarda tək-tək yaşayan həkimlərə gündə üç dəfə dövlət hesabına qida verilir.

Onlardan biri də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmdir. Ədalət doktor Musavat.com-a  verdiyi müsahibədə Azərbaycanda koronaviruslu xəstələrin son durmundan, bu virusa yoluxmamaq üçün nələri etməyin zəruri olduğundan danışıb.

Ədalət Rüstəmlə müsahibəni təqdim edirik:

- Ədalət bəy, koronovirusa yoluxan xəstələri müalicə edən həkimlərin özləri təhlükədən necə sığortalanıb?

- Əvvəlcə onu qeyd edim ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının təxminən yarısı koronavirusa yoluxan xəstələrin müalicəsi üçün ayrılıb. Klinikada 100-dən artıq tibbi personal çalışır və onların da əksəriyyəti xanım həkimlərdir. Həmin həkimlər şəhərin bir çox tibb mərkəzlərindən könüllülük prinsipləri ilə cəlb olunublar. Tibb işçilərinin, demək olar ki, hamısı otellərə yerləşdirilib və onların ailələri ilə təmaslarına icazə verilmir. Həkimlər yalnız o halda öz evlərinə gedə bilərlər ki, ailə üzvləri ilə birlikdə yaşamasınlar, evdə tək olsunlar. Biz 15 günlük növbəyə işə çıxırıq. Lakin kimsə istəsə növbəti 15 gün də işini davam etdirə bilir. Əgər növbədən ayrılmaqla bağlı qərar qəbul edərlərsə, onlar daha 15 gün ərzində oteldə saxlanılırlar. Çünki onlara virus yoluxa bilər və bu, 15 gün ərzində özünü büruzə verir.

- Həkimlər üçün həyati risk nə qədərdir?

- Risk ehtimalı, əlbəttə, var. Amma deyildiyi qədər də çox deyil. Çünki həkimlər virusdan qorunmaq qaydalarını bilir, xüsusi geyimi düzgün geyinir, təhlükəsizlik texnikasına lazımınca riayət edirlər.

- Ancaq deyilənə görə, həkimlər arasında da yoluxanlar az deyil.

- Bəli, 300 nəfərə yaxın həkim artıq koronavirusa yoluxub. Bir bizdə deyil, dünyada da belədir. Təxminən hər 4 xəstədən biri tibb işçisidir.

-Azərbaycanda koronavirusa yoluxanlar arasında yaş aralığı necə dəyişir?

-Bütün yaş kateqoriyasında xəstələrimiz var. Onların arasında az sayda olsa da, uşaqlar da var.

-Belə məlumatlar dolaşır ki, koronaviruslu xəstə kimi qeydiyyata alınan xəstələrin əslində bəziləri adi qripə yoluxanlardır. Bu iddialar nə qədər doğrudur?

-Tamamilə yalan fikirlərdir. Xəstəxanaya daxil olmayan koronavirusa yoluxanlar var. Amma xəstəxanaya koronaviruslu xəstə kimi daxil olanların arasında başqa patologiyası olan xəstə yoxdur. Onların hamısında COVİD-19 aşkar edilib. Lakin xəstələrin böyük əksəriyyəti simptomsuz xəstələrdir. Yəni onlar özlərini xəstə hiss etmirlər, heç bir xəstəlik əlaməti daşımırlar. Hamımız kimi ayaq üstədirlər, xəstəxanada tamamilə rahat şəkildə gəzirlər. Lakin dövlət düzgün olaraq onları cəmiyyətin içinə buraxmır, xəstəxanada saxlayır. Bu şəxslərdə ağırlaşma olma ehtimalı çox azdır. Lakin onlar izolyasiya olunmasalar, virus daşıyıcıları olduqları üçün digər şəxsləri yoluxdura bilirlər. Bu baxımdan həmin insanların testləri mənfi nəticə verənə qədər xəstəxanada qalmalıdırlar.

-Hələ ki, dünyada vaksin aşkar edilməyib. Bəs xəstələr necə müalicə olunur?

-Koronavirus ailəsinə məxsus olan viruslar ötən əsrin 60-cı illərindən məlumdur. Yəni bu virusun da müalicəsində əvvəlki viruslardan müalicədə tətbiq edilən preparatlardan istifadə olunur. Hazırda xəstələrə antibakterial terapiya, immuniteti artıran dərmanlar verilir. Bizim xəstələrin 60-70 faizi asimptomatik xəstələr olduğu üçün onlarda yalnız virus kənarlaşdırıcı müalicələr aparılır.

-Bir ara məlumatlar yayıldı ki, zəncəfil koronovirusu öldürür, immuniteti artırır. Bu, nə qədər doğru fikir idi?

-Bütün bunlar sadəcə olaraq nadanlığın göstəricisidir. Zəncəfil koronovirusu məhv etmir. Sadəcə olaraq immuniteti artırmaq baxımından zəncəfilin faydası var və bu fayda alma və armudda olduğundan çox deyil.

-Həkim, Azərbaycanda koronavirusa yoluxma nə zaman başa çatacaq?

-Virusdan nə dünya, nə də Azərbaycan heç zaman qurtulmayacaq. Bu virus yüz milyonlarla virusdan biri kimi bizimlə yanaşı yaşayacaq. Peyvəndin tapılma ehtimalı isə, fikrimcə, çox azdır. 4 ay ərzində artıq bu virusun 50-dən artıq ştammı var. Buna görə də uzun illər vaksinin tapılacağı gözlənilmir. Hətta indiyə qədər mövcud olan epidemiyaların da effektli vaksini yoxdur.

-Hazırda Azərbaycanda koronavirusdan müalicə alan ağır xəstələr varmı?

-Bəli, var. Bizim klinikada olan xəstələrin sağalma ehtimalı 100 faizdir. Azərbaycanda mənə görə sırf COVİD-19 virusundan ölən az olub. Ölənlər bu virusa yoluxma ilə bərabər ağır xəstə olublar. Ya böyrək çatışmazlıqları olub, ya diabetləri və sairə. İnfeksiya isə sadəcə olaraq onların ölümünü bir qədər tezləşdirib. Gedişat göstərir ki, hazırda yoluxma ziqzaqvaridir: bir həftə qalxır, o biri həftə azalır. İnsanlar indiki dövrdə birmənalı şəkildə maskadan istifadə etməlidirlər. Çünki yoluxma hava-damcı yolu ilə də keçir.

-Metronun fəaliyyəti bərpa edilmir ki, içəridə havasızlıq olur və virusa yoluxma arta bilər. Lakin digər tərəfdən də avtobuslarda sıxlıq yaşanır. Hansı daha təhlükəlidir?

-Metronun açılması daha təhlükəlidir. Çünki metroda havalandırma lazımı qədər deyil. Bu baxımdan virusların çıxış ehtimalı azdır.

-Azərbaycanda koronavirusla bağlı müasir tibbi avadanlıqların, testlərin vəziyyətini necə qiymətləndirirsiz?

-Azərbaycan vaxtı-vaxtında normadan dəfələrlə artıq tibbi avadanlıqları alıb. Bu gün bizim xəstəxanada ən azı 40 süni tənəffüs aparatı var. Onların əksəriyyəti isə bu günə qədər istifadə edilməyib və buna zərurət yaranmayıb. Azərbaycanda ECMO adlı qiyməti 6 milyon dollar aparat da var. Bu da ən ağır xəstələrdə istifadə edilir. Hələ ki həmin aparatlara da qoşulan olmayıb. Çünki bu qədər ağır xəstəmiz yoxdur.

-Diaqnostik testlər yanlış nəticə göstərə bilərmi? Məsələn, qrip olan şəxsin koronavirusa yoluxduğunu bildirməsi mümkündür?

-Diaqnostik testlərdə 50-60 faiz səhvlər olur. Ancaq dəqiqləşdirici müayinələr var. Diaqnostik testlər kütləvi müayinə üçündür. Gün ərzində 5-6 min adam test edilir və onların böyük əksəriyyəti mənfi çıxır. Müsbət çıxanları növbəti mərhələdə dəqiqləşdirici müayinədən keçiririk. Əgər kimsə koronavirusa yoluxubsa, onun təmasda olduğu hər kəs testdən keçirilir. Buna görə də gündəlik testlər bu qədər çox olur. Əgər koronavirusa yoluxan şəxsin yaxınları, ətrafı test olunmaqdan qaçarsa, o zaman işə polis cəlb edilir. Yəni kənarda heç kim qalmır.

-Hava istiləşəndə virusa yoluxma azalacaqmı?

-Xeyli azalacaq. Çünki virus ultrabənövşəyi şüaların təsirindən qısa müddət ərzində məhv olur. Lakin böyük ehtimalla payızda qrip mövsümü başlayan zaman ikinci dalğa da başlayacaq. Mənə görə hazırkı vəziyyəti ikinci dalğa saymaq olmaz. Bu, mövcud virusların yenidən aktivləşməsidir.

-İnkişaf etmiş ölkələrdə koronavirus daha çox yayılıb. Azərbaycanın səhiyyəsinin zəif olduğu bildirilsə də, burada ciddi yoluxma müşahidə edilmir. Səbəb nədir?

-Azərbaycan səhiyyəsi o qədər də zəif inkişaf etməyib. Koronavirus infeksiyasına qarşı mübarizə Azərbaycan səhiyyəsinin gücünü göstərdi. Həkimlərin birliyini, könüllü olaraq prosesə qoşulmağını hər kəs gördü. Müsbət nəticə onunla bağlıdır ki, Azərbaycan vaxtında proses qoşulub, sosial izolyasiya tətbiq etdi. Düzdür, biz həkimlər sərhədlərin bağlanmasını yanvar ayında istəyirdik. Lakin 1 ay gecikmə də olsa sərhədlər qapandı. Bütün bunlar isə hadisələrin kütləvi şəkildə genişlənməsinin qarşısını aldı.

-Kimlər bu virusa az yoluxurlar? Bir ara siqaret çəkənlərin az yoluxduğu bildirilirdi.

-Nə qədər qəribə olsa da, bu deyilənlərdə həqiqət payı çox idi. Doğrudan da bu infeksiyaya yoluxma siqaret çəkənlərdə xeyli artıq azdır. Xəstələrin təxminən 4 faizi siqaret çəkənlərdir. Görünür, bu virus qeyri-sağlam toxumadan, hüceyrədən qaçır. Bir də ruhi xəstələrdə bu xəstəlik hələ müşahidə olunmayıb. Onlara verilən dərmanlar da bu virusu bloklaya bilir.

-Bəzi şəxslər isə bu virusun yerli-dibli olmadığını düşünürlər və yüksək səslə deyirlər...

-Bu, yanlış fikirdir. Çünki mənim xaricdə yaşayan həkim dostlarım var və onlar koronavirusa yoluxublar. Birinin vəziyyəti son dərəcə ağırdır.

-Spirt koronovirusu məhv edirmi?

-Bəli, 30 saniyə ərzində spirt koronovirusu məhv edir. 95 faizlik spirti əldə saxlamaq üçün onu su əlavə edərək 70 faizə salmaq yaxşı olar. Spirti havaya püskürdən zaman, havadakı virusları məhv edə bilir.

Əli Rais,
Elçin Əkbər (fotolar)
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.