Dünya boyunca koronavirusa inanmayanların səbəbləri nədir?

8-05-2020, 17:46   



bu gün koronavirusFotonun müəllifiGETTY IMAGES

Dünya boyunca yayılan koronavirus infeksiyası 260 mindən çox ölümə səbəb olub. Azərbaycanda koronavirusa yoluxanların sayı 2200-ü keçib, 28 nəfər vəfat edib.

Azərbaycan da daxil, dünyanın 100-dən çox ölkəsində ya karantin, ya da sərbəst hərəkəti məhdudlaşdıran tədbirlər elan olunub.

Səhiyyə rəsmiləri belə tədbirlərin zəruri olduğunu desə də, həm Azərbaycanda, həm də bır sıra ölkələrdə bir çox insan buna şübhə ilə yanaşır. Bu mövqeyə həm fərdlər, həm də rəsmilər səviyyəsində rast gəlmək olar.

koronavirus

xətt

Türkmənistan, Braziliya, Nikaraqua və Belarusda pandemiya problemi ya inkar olunur, ya da onun əhəmiyyəti azaldılır.

Covid-19 pandemiyasına məhəl qoymayan və ya rədd edən bu dörd ölkə arasında pandemiyanın ən çox təsirinə məruz qalan Braziliyadır. Bu ölkədə koronavirusdan ölənlərin sayı 7 mini keçib.

Prezident Jair Bolsonaro, pandemiyanın miqyasını rədd edərək, "kiçik qrip" kimi təsvir etdiyi xəstəliyə qarşı sərt tədbirlərdən imtina edir.

Pandemiyanı ən qəti şəkildə inkar edən liderlərdən biri də Belarus Prezidentidir.

Prezident Aleksandr Lukaşenko Belarusda karantin rejimi tətbiq etməyibFotonun müəllifiTASS VİA GETTY IMAGES
Image captionPrezident Aleksandr Lukaşenko Belarusda karantin rejimi tətbiq etməyib

Aleksandr Lukaşenko müntəzəm olaraq yoluxma riskinin az olduğunu deyir və araq, sauna, xama ilə "müalicə olunmağı" məsləhət görür. Belarusda karantin rejimi tətbiq edilməyib və ictimai tədbirlər keçirilir.

İnanmayanların "səbəbləri"

Koronavirus problemini inkar edənlər arasında belə bir fikrə rast gəlmək olar ki, hər şey göründüyü kimi deyil.

Bu qəbildən olan ən geniş yayılmış versiyalardan birinə görə, karantin ölkələri zəiflətmək üçün tətbiq olunur ki, insanları tabe etmək asanlaşsın. İddialara əsasən, bunun üçün insanlara vaksin adı ilə mikroçiplər yeridilməlidir.

YouTube-un Azərbaycan seqmentindəki belə kliplər dünya hökmranlığı ilə bağlı konspirologiya iddialarını təkrarlayır.

Onlardan biri də 5G rabitəsi isə bağlıdır. İddia olunur ki, Covid-19-da yaranan nəfəs çatışmazlığı oksigen həzmini pozan 5G tezliklərinin təsiri nəticəsidir.

Buna görə, bəzi yerlərdə rabitə qüllələrinə hücumlar olub. Belə hadisələr Britaniyada və Şimali Osetiyada da baş verib.

Koronavirusa inanmayan Şimali Osetiya sakinləri 5G antenalarını məhv ediblər, regionun başçısı Vyaçeslav Bitarov 2 apreldə TASS agentliyinə bildirib. Onun sözlərinə görə, insanlar bunun arxasında hansısa qüvvələrin olduğunu düşünür.

Bəs görəsən belə inamsızlığa səbəb nədir?

Postsovet ölkələrində konspirasiya nəzəriyyələrini araşdıran, Britaniyadakı Leeds Universitetinin professoru İlya Yablokov hesab edir ki, bunun arxasında hakimiyyətlərə inamsızlıq və çarəsizlik hissi durur.

"Situasiyaya (istər virusa, istərsə də karantinə qarşı) təsir etmək iqtidarında olmayan zəif insan mövqeyi bizi bu vəziyyətdən faydalanacaq güc mərkəzi axtarmağa sövq edir: "Elitalara inamımız yoxdur deyə, virusla bağlı şübhələrimizi onlara yönəldirik".

Koronavirusun ən çox yayıldığı ABŞ-da YouGov və Economist qrupunun rəy sorğusu göstərir ki, insanlar müəyyən dərəcədə koronavirusun siyasi məqsədlər üçün şişirdilməsinə inanır.

Mart ayında keçirilən araşdırmaya qatılanların 44 faizi bu fikrə şərik çıxıb. Daha 13 faiz isə koronavirusun "uydurma" olduğunu hesab edir.

bu gün koronavirusFotonun müəllifiGETTY IMAGES

Azərbaycanda müvafiq rəy sorğusu barədə məlumat mövcud deyil, lakin şəbəkələrdə saxta xəbər yayanların məsuliyyətə cəlb olunması ilə bağlı rəqəmlər açıqlanıb.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev 10 nəfərin inzibati qaydada həbs olunduğunu, 18 nəfərə cərimə kəsildiyini və 127 nəfərə xəbərdarlıq verildiyini deyib, APA xəbər verir.

Mütəxəsisslərə görə, məlumata inam (və ya inamsızlıq) probleminin bir hissəsi informasiyanın çox olması ilə bağlı ola bilər.

Biz hər gün, hər tərəfdən xəbər alırıq və buna görə də, onun həqiqi olub-olmamasını müəyyən edərkən, daha çox intuisiyamıza güvənirik, Avstraliya Milli Universitetindən Eryn Newman belə hesab edir.

Onun sözlərinə görə, ilk olaraq şübhə ilə qarşılanan məlumatlar tez-tez peyda olandan sonra daha mötəbər görünür. Koronavirusu şübhə altına alan bəzi məlumatlar öz formasına görə, fərqlənsə də, yenə də inkar mesajını nəql edə bilər.

Rusiya internetində rast gəldiyimiz belə mesajlardan biri lətifə şəklində təqdim olunur: "Rusiyada koronavirusdan ilk insan öldü - qarajda onun üstünə, çovdar, makaron və konserv ilə dolu şkaf düşdü".

İnamsızlığa çarə varmı?

Harvard Universitetində elmin tarixi üzrə mütəxəssis Naomi Oreskes hesab edir ki, koronavirus pandemiyası kimi ciddi hadisələr baş verdikdə, insanlar "dolayı inkara" üz tuta bilər.

Məlumat mənbəyi insanın etibar etdiyi şəxs olmalıdır ki, ona fikir versinlər. Əks təqdirdə məlumat qulaqardı edilə bilər.

"İnsanlar İnstaqramdakı camaata diqqət yetirirlər. Tom Hanks [aktyor-red.] onda virusun olduğunu deyəndə mən Kaliforniyada idim və Los Angelesdə hamı bu barədə danışırdı. - Oreskes NewYorker nəşrinə bildirib.

"Washington ştatındakı qocalar evində insanlar ölür, amma Tom Hanks buna yoluxduğunu söyləyəndə birdən hamı diqqət yetirir".

bu gün koronavirusFotonun müəllifiGETTY IMAGES

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası haqqında fərziyə, saxta və uydurma xəbərlərin yayılmasını "infodemiya" adlandırıb.

"Biz yalnız epidemiya ilə mübarizə aparmırıq; biz infodemiya ilə mübarizə aparırıq", - fevral ayında saxta xəbərlərin yaylması probleminə dair danışaraq ÜST təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib.

Buna görə mütəxəssislər hər hansı məlumatı yaymazdan əvvəl bir sıra suallar verməyi məsləhət görür.

Həmin məlumat başqa yerlərdə də yayılıbmı? Onun mənbəyi Ümumdünya Səhiyyə Təşkilatı kimi etibarlıdırmı? Təsvir və ya foto kontekstdən çıxarılıbmı?

Bu suallara cavablarda əminlik hiss etmirsinizsə, ola bilər ki, bu, saxta məlumatdır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.