9 may 2004-cü il. Qroznının “Dinamo” stadionunda Qələbə Günü münasibətilə hazırlanmış parad hazırlığı başlayıb. Müharibədən sonrakı Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırov və digər rəsmilər "Dinamo” stadionunda VIP-tribunasında artıq öz yerlərini alıblar. Saat 10: 35! Mərkəzi tribunada qəfil dəhşətli partlayış baş verir. Qan içində olan Əhməd Kadırova mühafizəçilər kömək etməyə çalışsalar da, respublikanın rəhbərinin həyatını qurtara bilmirlər. Ağır xəsarətlər alan prezident xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir.
Çeçenistanın başçısı ilə birlikdə daha 6 nəfər terror aktının qurbanı olur. Onları arasında Çeçenistan Dövlət Şurasının sədri Hüseyn İsayev də var idi.
Bu, Əhməd Kadırovun məruz qaldığı ilk terror hücumu deyildi. İlk sui-qəsd 1998-ci il oktyabrında hələ Kadırov İçkeriyanın müftisi vəzifəsini icra edərkən baş vermişdi. Qroznıdakı müftiliyin yerləşdiyi binaya gələndə partladılan bomba Kadırovun özünü yox, sürücüsünü yaralamışdı.
Həmin hadisədən İki gün sonra Kadırovu yenidən eyni üsulla öldürmək istədilər, amma partlayıcı vaxtında aşkar edildi və zərərsizləşdirildi. 1999-cu ilin mayında müftinin konvoyu hərəkətdə olan zaman, əvvəlcədən bomba yerləşdirilən maşın mühafizəçilərlə birlikdə havaya sovruldu.
İçkeriya prezidenti Aslan Məshədov Kadırovun “qələmini qırandan” sonra o, açıq hədəfə gəldi. Ə.Kadırovun başına hətta 100 min dollar mükafat təyin edildi.
Məlumatlara görə, bundan sonra Kadırova qarşı ard-arda sui-qəsd cəhdləri olub. Gah evinin ətrafında bomba ilə silahlanmış şəxslər saxlanılıb, gah evi atəşə tutulub. Bu sui-qəsdlərin ən dəhşətlisi may ayında Məhəmməd Peyğəmbərin ad gününü qeyd edilən zaman gerçəkləşdi. Qadın kamikedzə Kadırovun da olduğu meydanda özünü partlatdı. 18 nəfərin ölümünə, 145 nəfərin yaralanmasına səbəb olan sui-qəsddə yenə müftinin bəxti gətirdi...
2004-cü ilin 9 mayında isə terrorçular bu dəfə hər şeyi “ölçüb-biçmişdilər”. Bomba idman obyektinin yenidən qurulması zamanı platformanın içində quraşdırılmışdı. Əhməd Kadırovun öldürülməsinin məsuliyyətini səhra komandanı Şamil Basayev öz üzərinə götürdü. Terrorçunun sözlərinə görə, Kadırovun ölümü üçün ona 50 min dollar ödənilibmiş.
Kadırov öldürülməsindən sonra "Çeçenistan Respublikasının inkişafı və terrorizmlə mübarizədə göstərdiyi cəsarət və qəhrəmanlığa görə" Rusiya Qəhrəmanı adına layiq görüldü.
Sürgündə doğulmuşdu
Əhməd Hacı Kadırov 1951-ci ilin 23 avqustda bir çox çeçen ailəsi kimi sürgündə- Karakandada(Qazaxıstan) doğulub. Malaya Saran kəndində 6 il yaşadıqdan sonra Əhməd valideynləri ilə birlikdə Çeçenistanın Şali bölgəsində yerləşən Çentaroy kəndinə qayıdır. Kənd o qədər kiçik idi ki, öz məktəbi yox idi, buna görə də Əhməd ibtidai təhsil almaq üçün qonşu kəndə getməli olur.
Məktəbi bitirdikdən sonra gənc Əhməd kombayn sürücüsü kurslarına getdi, sonra isə sovxozda işə düzəldi. Lakin 2 ildən sonra ixtisasını dəyişdı və müxtəlif yerlərdə, o cümlədən Sibirdə inşaatçı kimi işləməyə başladı.
Gənclik illərində nəzərə çarpmayan dinə marağı 29 yaşı olanda özünü açıq büruzə verdi. Kadırovun həm atası, həm də əmiləri din xadimləri idi. Təəccüblü deyil ki, 1980-ci ildə Kadırov müsəlman təhsil müəssisəsi olan Buxara Mədrəsəsinə daxil olur. Sonra isə dini təhsilini Daşkənd İslam İnstitutunda davam etdirmək qərarına gəlir. Kadırov Çeçenistana qayıtdıqda onu əldə Qudermes məscidində imam müavini vəzifəsi təklif edilir.
Tezliklə bu cür fəaliyyət Kadırovu qane etmir. Enerjili bir insan olan Kadırov Şimali Qafqazda ilk İslam İnstitutunu təsis edir və ilk rektoru olur. 1990-cı ildə Kadırov Çeçenistanı tərk edərək İordaniyaya köçür və burada Əmman İslam Universitetində təhsilinin davam etdirir.
İçkeriyaya qayıdış
Vətənindən gələn pis xəbərlər onun vətəninə qayıtmağa məcbur etdi. Artıq İçkeriya Respublikası elan edilmiş və Rusiya ilə silahlı qarşıdurma başlamışdı.
Uzun illər aldığı dini təhsili sayəsində 1994-cü ildə Kadırov baş müfti vəzifəsinə təyin edildi. Bir il sonra, 1995-ci ildə Kadırov müfti və ruhani lider statusunda Rusiyaya müqəddəs müharibə-cihad elan etdi. Bu, onun sonrakı illərdə əleyhinə işləyən ən ciddi fakt kimi qaldı. Kadırov həmin müraciətində “mümkün qədər çox rus əsgərini öldürməyə” çağırış etmişdi.
2000-ci ildə Kadırovla və o zamankı İçkeriya prezidenti Aslan Məshədov arasında ciddi fikir ayrılığı ortaya çıxdı.
Məshədovun Çeçenistanda və Rusiyada vəhhabi cərəyanın yayılması üçün etdiyi ciddi cəhdlər Əhməd Kadırovun narazılığı ilə müşahidə olunurdu. Bu zaman dini lider artıq siyasi fiqura çevrilməkdə idi. Kadılrov müharibənin Çeçenistana ancaq bəlalar gətirdiyini deyir, tez-tez Rusiya ilə münasibətlərə yenidən baxmağı təkid edirdi. O, hətta Məshədovu devirməyə də cəhd etdisə də, planı alınmadı. Amma ciddi dəstək alması artıq respublikada dəyişiklik istəyənlərin təkcə Kadırovun olmadığını göstərirdi.
1999-cu ildə İçkeriya prezidenti Aslan Məshədovla müfti Əhməd Kadırov arasında bütün körpülər yandırıldı. Məshədov onu müfti vəzifəsindən kənarlaşdırdı və şəriət məhkəməsinin qərarı ilə ölüm hökmünə məhkum edildi. Kadırov Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaqda suçlanırdı.
Kadırov Rusiyanın federal qoşunlarının tərəfinə keçdikdən sonra Məshədov Kadırovu çeçen xalqının düşməni adlandırdı.
Siyasi karyera üçün dini təhsilin kifayət etmədiyini başa düşən Kadırov Mahaçqalada yerləşən İdarəetmə və Biznes İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olur. Daha sonra siyasi elmlər namizədi və iqtisad elmləri doktoru fəxri adını alır.
Prezident kimi cəmi...
2002-ci ilin dekabrında Qudermes şəhərində çeçen xalqının qurultayı keçirildi. Əsas məsələ Rusiya Federasiyası Konstitusiyasının ən yüksək normativ akt kimi qəbul edilməsinə səs verildi. Səsvermənin təşəbbüskarı Əhməd Kadırov idi. 23 mart 2003-cü ildə referendum keçirildi.2003-cü ilin oktyabrında Əhməd Kadırov müharibədən sonra Çeçenistan Respublikasının ilk prezidenti seçildi.
Şəxsi həyat-oğlunun ölümü
Əhməd Kadırovun həyat yoldaşı ilə 1970-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra evləniblər. Valideynləri ilk qız övladlarına Zargan adı veriblər. Bir il sonra, 1972-ci ildə Kadırovların Zulay adlı daha bir qızı dünyaya gəlir. 1974-cü ildə Kadırovun oğlu anadan olur. Adını Zəlimxan qoyurlar. 2 il sonra ailədə daha bir oğlan uşağı- Ramzan doğulur.
2004-cü ildə Zəlimxan kəskin ürək çatışmazlığından ölür. Ramzan Kadırov isə atasının izi ilə gedir və hazırda Çeçenistanın ikinci prezidentidir.
Qisas haqda qısa
Müsahibələrinin birində Ramzan Kadırov atasının öldürülməsi ilə əlaqəsi olan hər kəsin məhv edildiyini söyləyib.
Ötən ilin avqust ayının 23-də Almaniyada səhra komandiri Şamil Basayevin tərəfdarı olan Zəlimxan Xanqoşvili öldürülüb. Onun ölüm günü Ramzan Kadırovun atası Əhməd Kadırovun doğum gününə təsadüf edib. Almaniyanın “Bild” qəzeti iddia edib ki, 15 il sonra Ramzan Kadırov atasının ölümünə görə qisas alıb: “Zəlimxan Xanqoşvilinin ölümündə şübhəli şəxs ola bilər. Xanqoşvilini öldürən muzdlu qatilin adına verilən saxta pasportdakı soyad – Sokolov soyadı Çeçenistanda öldürülən rus kapitanın soyadı ilə eynidir”.
“Bild” yazırdı ki, hazırda xüsusi xidmət orqanları Kadırov və Rusiya hərbi kəşfiyyatının (“QRU”) müxtəlif ölkələrə muzdlu qatillər göndərib-göndərmədiyini araşdırır...
Orxan ƏLİYEV,
Musavat.com