“Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunandan sonra orduda islahatlar həyata keçirilir və ordunun döyüş qabiliyyəti artırılır. Bizim önəm verdiyimiz əsas məsələ də budur”.
Virtualaz.org saytı xəbər verir ki, bunu ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə müdafiə nazirinin müavini Kərəm Vəliyev bildirib.
K.Vəliyev Zakir Həsənov müdafiə naziri təyin edilənə qədər orduda problemlərin olması faktını faktiki olaraq etiraf edib.
Nazir müavini həmçinin NATO-ya inteqrasiyası məsələsi ilə bağlı ciddi siyasi bəyanatla çıxış edib.
“Biz NATO-ya inteqrasiya edirik. Bəli, Azərbaycan hərbi sahələrdə müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıq edə bilər. Lakin bizim strateji məqsədimiz NATO-ya inteqrasiyadır. Biz öz ordumuzu NATO-nun yeni standartlarına uyğun şəkildə quracağıq” - deyə nazir müavini bildirdi.
Kərəm Vəliyev Naxçıvanda əlahiddə ordunun yaradılmasının vacibliyini də xüsusi vurğuladı: “Bizim Naxçıvanda çox güclü silahlı birləşmələrimiz və aviasiyamız var. Son təlimlər də bizim ordumuzun döyüş qabiliyyətinin yüksək olduğunu göstərdi. Tam məsuliyyətimlə bəyan edirəm ki, Naxçıvanda çox güclü ordumuz var”.
Nazir müavini qeyd etdi ki, ehtiyatda olan zabitlərin hamısı mərhələ-mərhələ ordu təlimlərinə cəlb ediləcək. Məqsəd hamının ümumi səfərbərlik anına qədər tam hazır olmasını təmin etməkdir.
K.Vəliyev bəyan etdi ki, Qarabağın ərazisi əsasən dağlıq relyefə malikdir, ona görə də hazırda dağ-atıcı qoşun növlərinin hazırlığına xüsusi diqqət yetirilir.
Nazir müavini onu da vurğuladı ki, əsgərlər artıq təsərrüfat işlərinə cəlb edilmirlər. Bu işləri orduya cəlb olunmuş mülki işçilər görür.
“Əsgər təsərrüfat işləri ilə yox, hərbi hazırlıqla məşğul olmalı, təlim görməlidir, hərb elminin sirlərini öyrənməlidir” - deyə general bildirdi.