Tüpürmək vərdişi: İctimai yerdə bunu edənlər cərimə olunmalıdırmı?
11-05-2020, 15:31
Bakı kimi gözəl bir şəhərin küçələrində gəzmək insana zövq verir. Xüsusilə də hələ yayın qızmar istisinin olmadığı, havanın mülayim durumda olduğu bir dövrdə. Belə gəzintilərə tez-tez çıxmaq imkanım olmasa da, hər halda buna çalışıram. Açığı, bir mənzərə kefimi pozur, demək olar hər addımbaşı qarşıma çıxan tüpürcək izləri. Bizim insanların yeri gəldi-gəlmədi ictimai yerlərdə tüpürmək ənənəsi var. Bu barədə mətbuatda çox yazılıb, televiziyalarda süjetlər çəkilib, radioda danışılıb, amma yenə də tüpürürlər. Əslində şəhər şəraitində, insanların gözü önündə harasa tüpürmək çox böyük mədəniyyətsizlik sayılır. Məncə, bu hər bir insana məlum həqiqətdir. Di gəl, bu yazılmamış qaydaya əməl edən yoxdur. Dünyanın bir sıra ölkələrində küçədə tüpürməklə bağla qadağalar var. Sinqapurda ictimai yerdə tüpürməyə görə 1000 Sinqapur dolları ödəmək lazım gələcək. Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə yerə tüpürməyə görə ciddi cərimələr tətbiq edilir. Avropa ölkələrində harasa tüpürmək ənənəsi demək olar olmadığından elə də ciddi cəza sistemi yoxdur. Sadəcə, problemlə üzləşən hansısa şəhərlərdə belə cərimələr var. Məsələn, tüpürməyə görə Barselonada cərimə ödəməlisən, Londonda belə hərəkət etmək 100 funt sterlinq cəriməyə əsas ola bilər. Əgər tüpürmək kütləvi hal alırsa, çox da uyğun olmayan bir mənzərə yaranır. Bakı kimi gözəl bir məkanda belə halların çoxalması sual doğurmaya bilməz. Bir həkim kimi bunun səbəblərini araşdırmağa çalışdım. Hər hansı bir insanın ictimai yerlərdə, küçədə tüpürməsinin psixoloji səbəbi ola bilər. Daha çox infantilizmə qapılan, hələ də böyüməyən fərdlər bununla kiməsə bir növ özlərini göstərirlər. Eynilə kiçik yaşlı uşağın dil göstərməsi, “meymunluq” etməsi kimi. “Mən daha böyümüşəm, kimsə mənə nəyisə qadağan edə bilməz” prinsipini əldə tutanlar daha çox belə əməllərə meylli olurlar. Həm də belə insanlara uşaqlıq dövründə, nə ailədə, nə də məktəbdə nəyi edib-etməmək barədə kifayət qədər məlumat verilməyib. Tez-tez tüpürməyin həm də fizioloji səbəbləri var. Siqaret çəkən insanın tüpürməyi tam təbiidir. Siqaret tüstüsünün tərkibindəki zərərli qatran üst tənəffüs yollarını qıcıqlandıraraq ağız boşluğunda və alt tənəffüs yollarında seliyin ifrazatını çoxaldır. Bu da ağızda tüpürcəyin miqdarını artırır. Siqaretə aludəlik ölkədə böyük miqyas alıb. Uşaqdan tutmuş böyüyə kimi çoxu çəkir. Qanun sərtləşsə də, xeyri yoxdur, ictimai yerlərdə siqaret çəkilir, deməli tüpürənlərin də sayı artır. İnsanları tüpürməyə məcbur edən səbəblərin sırasında şəhərdə toz-torpağın çox olması, dayanmadan tikintinin getməsinə bağlıdır. Tikintidə yaranan toz xüsusi aparatların köməyi ilə yığılmır, elə havaya göndərilir. Belə hava ilə nəfəs almaq, boğazda külli miqdarda bəlğəmin formalaşmasına zəmin yaradır, tüpürmək məcburiyyəti ortaya çıxır. Burun-boğazda bir sıra problemi olan insanlar da tüpürürlər. Bəzən açıq, bəzən gizlicə. Problemi araşdırmaq, həkimə müraciət etmək əvəzinə ora-bura tüpürməkdə davam edirlər. Bəzən tüpürməyin yeri də olur. Məsələn, idmanla məşğul olanların tüpürməsi tam normaldır. Bunu biz futbol meydançalarında müşahidə edirik. Kiçik bir fasilə yaranan kimi futbolçular sudan istifadə edir, çoxlu miqdarda elə meydançaya tüpürürlər. Bu normal reaksiyadır, idmanla məşğul olan zaman tüpürcək ifrazatı çoxalır və bundan hansısa yolla yaxa qurtarmaq tələb olunur. Şəhəri tüpürcəklə batıranlara qarşı tədbir görülməlidirmi? Bu işdə hər vasitənin böyük rolu ola bilər. Həm təhsil ocaqlarında təlim-tərbiyə işini gücləndirmək, həm də buna zamin yaradan bütün faktorları aradan qaldırmaq lazımdır. Tək cərimə ilə iş bitməz. Burun-boğazda nəfəsalmaya mane olan irinli kütlələr formalaşırsa, sözsüz, bu kənar olunmalıdar. Bu daimi baş verirsə, belə insan hər zaman tüpürürsə, deməli problem ciddidir, həkimə müraciət etmək gərəkdir.
Elnur Əkbərov - Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim /e-tibb.az/