Məlum olduğu kimi, bu il aprel ayının 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyası ilə bağlı ölkədə mövcud olan sərt karantin rejiminin yumşaldaılması haqqında qərar verib.
Yumşalma prosesi ilə əlaqədar olaraq mayın 4-dən Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeron rayonu istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində sms-icazə sistemi ləğv edilib, bir sıra sahələrdə fəaliyyət bərpa olunub. Son bir neçə gündə ölkədə virusa yoluxma sayının pik həddə çatmasına və pandemiyanın ikinci dalğasının başlamasına baxmayaraq, yumşalma qərarı iki ay ərzində evə qapanan əhalinin əl-ayağını açıb. Xüsusən də, qərarın şamil olunduğu rayonlarda əhali sərbəst şəkildə küçələrə axışır.
Virtualaz.org saytı Quba rayonunda vəziyyəti araşdırıb, şərtlərin yumşalması fonunda əhalinin qaydalara necə əməl etməsilə maraqlanıb.
170 min nəfərdən çox əhalisi olan Quba şəhəri şimal zonasında mühüm iqtisadi və ticarət mərkəzi olduğundan nəinki rayonətrafı kəndlərin, həmçinin qonşu rayonların da əhalisi alış-veriş məqsədilə Qubaya axın edir. Rayon mərkəzinə çatana qədər bütün yolqırağı kəndlərdən müşahidə etmək olardı ki, artıq həyat öz əvvəlki axarına dönüb. Əkin sahələri, təsərrüfatlarda çalışan, mal-qara otaran kəndliləri addım başı görmək olar.
Şəhərin özündə də karantin dövründən fərqli olaraq həm nəqliyyatın, həm də əhalinin sayında sıxlıq müşahidə olunur. Küçələrdə sərbəst dolaşan insanlara baxanda düşünmək olar ki, ölkədə virus təhlükəsi yoxdur. İstər mərkəzi, istərsə də kənar küçələrdə qrup halında dolaşan sakinlərinə rast gəlinir. Həm də heç kim nə əlcəkdən, nə maskadan istifadəyə lüzum görmür. Rayonun Heydər Əliyev propektində yerləşən alış-veriş mərkəzlərində qızğın alver getdiyinin şahidi olduq. Uzun müddət evdə qalmağa məcbur olan əhali mağazaların içərisində tünlük yaradırdı. Müşahidə aparmaq üçün daxil olduğumuz ticarət obyektlərinin yalnız birində girişdə müştərilərin əlləri dezinfeksiya olunurdu. Digər bir mağazada isə maskalı satıcıya rast gəldik. Bu maskada gördüyümüz ilk və son satıcı idi. Nəinki mağazalarda, apteklərdə belə nə satıcılar, nə də alıcılar maskadan istifadə etmirdilər.
Məşhur Quba bazarı qeyri-iş günü olmasına baxmayaraq həmişəki kimi izdihamlı idi. Burada da bütün tövsiyə olunan qaydaların üstündə qırmızı xətt çəkilmişdi. Maska taxmadıqları bir yana qalsın, heç sosial məsafə belə gözləyən yox idi.
Bazarın girişində yerləşən ticarət obyektində karantin qərarının yumşaldılmasından sonra müştəri sayında canlanma olduğunu satıcılar da təsdiqləyirlər. Amma əhali daha çox ərzaq malları və meyvə-tərəvəz alır. Geyim, təsərrüfat malları, tikinti materiallarının satışında yenə də durğunluqdur.
Həmsöhbətimiz olan satıcı Vidadi Əfəndiyev deyir ki, virusa yoluxmamaq üçün heç bir qabaqlayıcı tədbir görmür. Bunu belə əsaslandırır ki: “Quba rayonunda koronavirusa yoluxma cəmi iki faiz təşkil edir. Bu elə də böyük rəqəm deyil”.
Qoruyucu tibbi maskanı isə ona görə taxmır ki, buna öyrəşməyib: “ Mən maska taxmağa öyrəşməmişəm, taxa bilmirəm. Amma evə gedəndə əllərimi spirtləyirəm...”, - V. Əfəndiyev deyir.
Satıcıdan qapalı məkanlarda karantin qaydalarına əməl etməyənlərə qarşı hər hansı tədbir görülüb-görülmədiyini soruşuruq. Məlum olur ki, maska taxmayanlar, məsafə gözləməyənlərə “gözün üstə qaşın var” deyən yoxdur. Satıcı əlavə edir ki, həmin şərtlərə ancaq rayonda hazırda fəaliyyət göstərən dövlət idarələrində əməl olunur.
Bazarda meyvə-tərəvəz saan Kərim adlı digər satıcı isə bir az da irəli gedərək koronavirus pandemiyasını “oyun” adlandırır: “Boş şeydir, belə xəstəlik yoxdur. Mənim Rusiyada qohumlarım var, onlarla da danışıram, eyni şeyi deyirlər. Nə onların tanıdıqlarından, nə də bizim tanış-bilişdən bu virusa yoluxub ölən yoxdur. Deməli belə virus da şayiədir...”, - satıcı qəribə məntiqlə izah edir.
Bazarda göyərti ticarəti edən şəxslə də söhbətləşirik. Satıcı deyir ki, uzun illərdir bu ticarətlə məşğul olsa da, hələ indiki qədər kasad alver görməyib: “İlin bu vaxtı göy-göyərtinin bol olan vaxtıdır, il boyu almayan da, normalda aprel-may aylarında göyərti alır. Amma bu yaşıma qədər belə zəif alver görməmişəm. Karantin dövrü onsuz da müştəri yox idi, indi də çox azdır. Göyərtinin dəstəsini 10 qəpikdən verirəm, daha bundan ucuz neçəyə satım?”
Satıcı əlavə edir ki, tərəvəzin əkin mövsümü olduğundan günaşırı qonşu Xaçmaz rayonuna yollanıb satış üçün şitil gətirir. Bazarda ən rahat satılan tərəvəz şitilləri də günlərlə piştaxtada qalıb solur, özünə alıcı tapa bilmir. Yəni, bazara gün ərzində baş çəkənlər çox olsa da, real alıcı yoxdur.
Satıcılarla söhbətdən belə məlum olur ki, küçədə rastlaşdığımız insanların əksəriyyəti alış-verişə və ya iş dalınca çıxanlar deyil, gününü keçirənlərdir.
Ailəvi istirahət məkanlarının qarşısında tüstülənən samovar və cərgə ilə düzülən avtomobillər bu yerlərin də dolu olmasından xəbər verirdi. Çayxana və kafelər də günorta olmasına baxmayaraq ağzına qədər dolu idi. Qubanın girişindən rayonun içərisinə doğru bir neçə kiçik parka da baş çəkdik. Müşahidə apardığımız istirahət yerlərinin demək olar ki, hamısında əhali qaynaşırdı. Məktəblər bağlansa da, küçələr məktəb yaşlı uşaqların ixtiyarına verilmişdi. Məhəllələrdə hava almağa çıxan kim, itini gəzdirən kim, dəstə-dəstə gəzib söhbətləşən kim. Təəssüf ki, maskasız, əlcəksiz, sosial məsafə gözləmədən....
Gülnar Əliyeva
Virtualaz.org