Azərbaycanda Covid-19 virusuna yoluxanların sayı aprelin 30-dan bəri iki dəfədən çox artıb.
TƏBİB-in məlumatlarına əsasən, aprelin 13-də ən çox, 847 aktiv xəstə var idisə, sonrakı günlər ərzində xəstələrin sayı kəskin aşağı düşmüşdü.
Aprelin 30-da xəstələrin sayı 455-ə endiyi halda, mayın 12-də bu rəqəm 925-ə qalxıb.
Azərbaycanda Covid-19 virusuna yoluxanlar arasında yerli mənbələrdən yoluxanların sayı üstünlük təşkil edir, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BBC News Azərbaycancaya bildirilib.
TƏBİB-in sözçüsü Rəvanə Əliyeva deyir ki, ölkəyə təxliyə edilənlər arasında da virus aşkarlanır, ancaq Azərbaycan daxilində olan yoluxma halları daha çoxdur.
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, Azərbaycana təxliyə edilən hər bir şəxs 14-21 gün müddətində məcburi karantində saxlanılır.
Prezident İlham Əliyev bildirib ki, yoluxma halı azalandan sonra yenidən artması "vətəndaşların məsuliyyətsizliyindən" doğur.
Sumqayıta səfəri zamanı İlham Əliyev deyib ki, sakinlər çölə çıxarkən məsafə saxlamır, maska taxmırlar.
Prezident hesab edir ki, aprelin 27-dən karantin rejiminin yumşaldılması əks nəticə verib və yoluxanların sayı artmağa başlayıb.
"Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar", - İlham Əliyev deyib.
TƏBİB-in sədri Ramin Bayramlı bir neçə gün öncə keçirdiyi brifinqdə deyib ki, yoluxma hallarının əksəriyyəti Bakı, Gəncə şəhərlərinin, o cümlədən Yevlax və Abşeron rayonlarının payına düşür.
O, koronavirusa yoluxma hallarının 50 faizinə yaxınının Bakıda qeydə alındığını, Gəncə-Qazax və Aran bölgələrinin isə say etibarı ilə paytaxtı izlədiyini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, insanlar tibbi maska taxmadıqlarına görə cərimə olunmurlar, lakin onlara müəyyən məhdudiyyətlər tətbiq olunur.
Cənab Zahidov polisin bu işə ciddi nəzarət etdiyini bildirib.
"Evdən küçəyə çıxan hər bir şəxsdən tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər. Tibbi maskadan istifadə etməyən şəxslər metroya, avtobusa və digər ictimai yerlərə buraxılmır. Polis insanların tibbi maska taxmasına və 2 metrlik sosial məsafə saxlamasına nəzarət edir və ciddi şəkildə tələb edir".
Bakıda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində avtobus və metroya tibbi maska taxmadan daxil olmaq qadağan edilib.
Bakı Nəqliyyat Agentliyi avtobus və taksilərdə sürücü və sərnişin arasında şəffaf arakəsmələrin quraşdırıldığını bildirib.
Ehsan Zahidov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 4-dən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşalma yoxdur.
"Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib".
DİN vətəndaşları zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Martın 24-dən tətbiq edilən karantin rejimi aprelin 27-dən yumşaldılıb. Bəzi şəhər və rayonlarda gediş-gəliş bərpa olunub, ancaq Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonunda karantin mayın 31-nə qədər uzadılıb.
İndiyədək Azərbaycanda 2600-dən çox koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 33-ü ölüb.