Vergilər Nazirliyi ləğv edildikdən sonrakı müddətdə yeni yaradılacaq Dövlət Vergi Xidmətinə kimlərin rəhbərlik edəcəyi maraqla gözlənilirdi. Nəhayət, dünən Prezident İlham Əliyevin imzaladığı fərmanla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin(DVX) əsasnaməsi təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətin rəhbərliyində kadr təyinatları aparılıb.
Ölkə başçısının imzaladığı həmin sənədlərdən məlum olur ki, qurumun rəhbərliyinə kifayət qədər gənc və geniş ictimaiyyətə o qədər də tanış olmayan şəxslər təyin olunub. Vəən əsası isə odur ki, həmin şəxslərin adları sabiq Vergilər naziri Fazil Məmmədovun kadrlarından fərqli olaraq, hər hansı korrupsiya əməllərində hallandırılmayıb.
Yeni sərəncamlara görə, Orxan Nəzərli, Samirə Musayeva və İlkin Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavinləri vəzifəsinə təyin ediliblər. Orxan Nəzərli həm də Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.
Bu təyinatlardan aydın olur ki, indiyədək vergilər nazirinin 1-ci müavini postunu tutan Sahir Məmmədxanov vəzifəsini itirib. Belə ki, onun adı Dövlət Vergi Xidmətinin rəhbərliyinə təyin olunmuş şəxslərin sırasında yoxdur.
2001-2009 - cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub. 2009-cu ildən Vergilər nazirinin müavini 2016-cı ildən isə Vergilər nazirinin birinci müavini vəzifəsini daşıyırdı.
S.Məmmədxanov indiki vergi orqanında Fazil Məmmədovun nazir olduğu dövrdən qalan və ona ən yaxın kadrlardan sayılan çox az sayda şəxslərdən biridir. Belə ki, F.Məmmədovun nazirliyindəki “vergi akulaları”nın əksəriyyəti nazir dəyişikliyi olan kimi və ondan sonrakı dövr ərzində bir-bir yola salınmışdı. S.Məmmədxanov isə son günlərə qədər vergi orqanında çox yüksək vəzifə tuturdu.
Ancaq maraqlıdır ki, F.Məmmədovun ətrafındakı digər “parlaq fiqurlar”la müqayisədə, S.Məmmədxanovla bağlı mətbuatda o qədər də çox məlumata rast gəlinməyib.
Yalnız bir neçə il bundan öncə bir çox saytlarda və qəzetlərdə Ağcabədi rayonunda fəaliyyət göstərən “Arif-50” firmasının rəhbəri Arif Qasımovun açıq müraciəti, şikayəti dərc edilmişdi. İş adamı həmin vaxt Sahir Məmmədxanov tərəfindən külli miqdarda pulunun mənimsənildiyini iddia edirdi. Və bildirirdi ki, bu səbəbdən öz obyektlərini satışa çıxarmağa məcbur olub. Lakin sonradan bu məsələnin necə yekunlaşdığı, iddiaların doğru olub-olmadığı barədə hər hansı məlumata rast gəlinmədi.
Ümumiyyətlə isə Fazil Məmmədovun rəhbərliyi altında işləyib, Vergilər Nazirliyində yüksək postlar tutmuş şəxslər arasında korrupsiyaya bulaşmayan, ən azından böyük məbləğlərdə “paket” almayan iri məmur tapmaq demək olar ki, qeyri-mümkündür. Və sözsüz ki, həmin məmurlar artıq çoxdan ölkədəki “kölgə iqtisadiyyatı”nın və məmur oliqarxiyasının bir hissəsinə çevriliblər...
Cəlal
AzPolitika.info