Sistemdə şəkli çıxır, ad-soyad isə fərqlidir: pul kimə göndərilib? - FOTOFAKT

15-05-2020, 14:46   


“Sass 2019” və “Golsarazi” MMC-lər 1989-cu il təvəllüdlü Manafov İbrahim Həmid oğlunun adından istifadə edərək saxtakarlığa yol verib.

Bu barədə İ.Manafovun xalası Zülfiyyə Mustafayeva “MediaPost”a müraciətində deyib. O, müxtəlif MMC-lərin qohumunun adından istifadə edərək dövlətdən 190 manatlıq birdəfəlik ödəmə aldığını iddia edib:

“Apreldə işsizlik müavinəti üçün müraciət etmişdik, amma aktiv VÖEN olduğu üçün imtina cavabı gəldi. Halbuki VÖEN aktiv deyil, 2011-ci ildə bağlanıb və heç bir əməliyyat aparılmayıb. VÖEN-i 5 illik dayandırmışdıq. Sonra isə ümumiyyətlə, ləğv etmək istəsək də, ləğv olunmayıb. Apreldə həmin VÖEN-in ləğvi üçün yenidən müraciət etdik. İ.Manafovun adına heç bir bank hesabı yoxdur. VÖEN-in işləməsi üçün lazım olan pul köçürülməsi, bank əməliyyatları və sair bunların heç biri yoxdur. İbrahim passiv VÖEN istifadəçisidir. Birdəfəlik ödəməyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında məşğulluqla bağlı qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil edəndə Adışirin adı altında bacım oğlunun fotosu çıxdı.

Məlumatlarda müxtəlif illərdə həmin şəxsin adına bağlanmış əmək və xidmət müqaviləsi göstərilir. Maraqlıdır ki, müqavilələrdə İbrahimin 2018-2019-cu illərdə 5 və 10 günlük işlədiyi qeyd olunur. Bəzi yerlərdə VÖEN-lə işəgötürmələr var. VÖEN-lə işə götürülən adamın vəsaiti necə ödənilib? Onun bank hesabı yoxdur. Qaimələr kimə göndərilib? O sistemlə iş ASAN imzanın üzərindən aparılır, amma bu şəxsin ASAN imzası yoxdur. Maaş aybaay hesablanıb. Amma müqavilə 10 günə bitib. Belə olan halda aybaay maaş necə yazıla bilər? Əmək müqavilələrinə xitam verilibsə, bu barədə bildirişlər niyə yoxdur?”

lll

Z.Mustafayeva problemlə əlaqədar müxtəlif dövlət qurumlarına müraciət etsə də, cavab ala bilmədiyini söyləyib:

“Bütün bunlarla bağlı Vergilər Nazirliyinin 195 qaynar xətti ilə danışdım. Dedilər ki, həmin məsələlərin araşdırılması Vergilər Departamentinin kurasiyasında deyil. ƏƏSMN-nin də 142 çağrı mərkəzi isə daima məşğuldur. “Facebook” vasitəsilə ƏƏSMN-ə müraciət etsəm də, hələ də bir cavab ala bilməmişəm. Eyni zamanda ƏƏSMN-nin elektron poçtuna məktub yazsam da, cavab yoxdur. Məsələnin araşdırılmasını və MMC-lərin orataya çıxarılmasını gözləyirik. İbrahimin işlədiyi yerlərin, restoranların hamısı bizə bəllidir. Bu şirkətlər necə olub onun şəxsiyyət vəsiqəsindən istifadə ediblər? Başqa adamın vəsiqəsi ilə bağlı məlumatları sistem necə götürüb? Sistemə FİN-i daxil edəndə adamın öz fotosu, ad soyadı çıxmalıdır. Necə olur ki, İbrahimin şəxsiyyət vəsiqəsinin altında hansısa Adışirinin adı çıxır? Düşünürəm ki, Vergilər Nazirliyi də bu məsələyə aydınlıq gətirməlidir.

İbrahimin sənəti aşpaz olduğu üçün iş imkanları məhduddur. Restoranların nə zaman fəaliyyət göstərəcəyi də bilinmir. Bu adam evdə oturursa, heç olmasa, dövlət tərəfindən verilən və haqqı olan yardımı almalıdır”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.