Qəbul imtahanı ilə bağlı narahatlıq: Ballar aşağı salınacaq?

19-05-2020, 13:26   


Qəbul imtahanı ilə bağlı narahatlıq: Ballar aşağı salınacaq?

Koronavirus pandemiyası digər sahələrə olduğu kimi, təhsilə də ciddi təsirlərini göstərməkdədir.

Mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Eyni zamanda karantin tədbirləri çərçivəsində hazırlıq kurslarının, eləcə də repetitorların fəaliyyəti qadağan edilmişdi. Karantin tədbirlərinin yumşadılması ilə repetitorluq fəaliyyətinə icazə verilsə də, bu da müxtəlif şərtlər çərçivəsində həyata keçirilməlidir.

“Virtual məktəb”, “Teledərslər” kimi layihələr tətbiq olunsa da, bunlar heç də məktəb şəraitində, hazırlıq kurslarında və ya repititor yanında mütəmadi olaraq keçilən tədrisi əvəzləmir. Təhsildə sahəsində baş verənlərin şagirdlərin psixoloji durumuna təsiri də danılmazdır.

Ali məktəbə hazırlaşan abituriyentlərin durumu isə xüsusilə ciddidir. Həm məktəblərdə dərslərin dayandırılması, həm repititorluq fəaliyyətinə tətbiq edilən qadağalar, həm də imtahanların keçirilməsi ilə bağlı uzun müddət qeyri-müəyyənliyin olması, eləcə də tətbiq olunan yeni qaydalar məzunlara təsirsiz ötüşmür. Bütün bunlar imtahanların nəticələrinə necə təsir edəcək? Keçid ballarının aşağı salınması gözlənilirmi?

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, imtahanlar bitdikdən sonra nəticələrin necə olacağı ilə bağlı fikir söyləmək olar:

“İmtahanlar bitməli, sonra imtahan nəticələri statistik təhlil olunmalıdır. Yalnız bundan sonra nəticələr barədə danışmaq olar. Dövlət İmtahan Mərkəzi tərəfindən bütün - buraxılış, qəbul, magistratura, rezidentura, dövlət qulluğuna qəbul imtahanları elmi statistik cəhətdən təhlil olunur və “Abituriyent” jurnalı tərəfindən dərc olunur. Nəticə olmazdan əvvəl hər hansı fikir söyləmək düzgün olmaz”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mövcud durumda valideyn və abituriyentlər gərginlik və həyəcan keçirirlər ki, bu da anlaşılandır:

“Amma bu təkcə bizim ölkə ilə bağlı olan bir məsələ deyil və hesab edirəm ki, buna görə də ciddi təşvişə düşməyə ehtiyac yoxdur. Vəziyyət dövlətin nəzarəti altındadır, mütəmadi olaraq məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirəyə çıxarılır, həm təhsil naziri Ceyhun Bayramov, həm də Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə öz mövqelərini bildirirlər. Məlumdur ki, keçid balı məsələsində narahatçılığa əsas yoxdur, yəni bu ballar prosesin gedişində üzə çıxır. Digər tərəfdən isə pandemiya ilə əlaqədar keçilməyən dərslərin imtahanlara salınmayacağı elan edilib. Yəni nə keçilibsə, o da imtahana salınacaq”.

Təhsil eksperti bunlarla bağlı olaraq, ciddi narahatçılığa və psixoloji gərginliyə əsas görmür:

“Baş verənlər bizim təhsilimiz üçün bir dərs oldu, növbəti fövqəladə vəziyyətlərə hazırlıqlı olmaq üçün müəyyən təcrübə qazanıldı. Distant təhsil, teledərslər,virtual məktəb kimi təcrübələr yarandı. Tarix də sübut edir ki, müəyyən çatışmazlıqlar inkişafa yol açır”.

Balların ötən illərlə müqayisədə aşağı düşəcəyi ilə bağlı sualı cavablandıran Nadir İsrafilov bildirib ki, test imtahanlarına start verilən 1990-cı illərin əvvəllərində imtahanlarda keçid balının 350 olması nəzərdə tutulub:

“Çünki 350 bal bizim klassik qiymətləndirmə ilə ”3” qiymətinə uyğun idi, amma sonrakı hadisələr keçid balının müəyyənləşdirilməsi doğru olmadığını göstərdi. İndi hətta 100 balla da ali məktəblərə qəbul olanlar var. Bu il nəticələrin əvvəlki illərlə kəskin şəkildə fərqlənəcəyini gözləmirəm. Hazırda məzunlar üçün bütün mümkün resurslardan istifadə olunur. Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil. Təhsilin keyfiyyəti bir neçə ayda dəyişə bilməz, bunun üçün ən azı onilliklər lazımdır. Əvvəllərdə qəbul modelində hansısa dəyişiklik olan zaman keyfiyyət göstəricilərinin aşağı düşməsi müşahidə olunub. Ola bilər ki, göstəricilər aşağı olsun. Amma nəzərə almaq lazımdır ki, pandemiya iqtisadiyyata da, digər sahələrə də ciddi ziyan vurub, o cümlədən də təhsilə də təsirsiz ötüşməyib”.

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.