Ana səhifə

İşdən çıxarılan Qarayevin qara günləri başlayır - prezidentdən yeni xəbərdarlıq

    Tarix: 22-05-2020 09:25   


Prezident İlham Əliyev  mədəniyyət naziri Əbülfəs Qarayev haqda çoxdan gözlənilən sərəncamını imzaladı; dövlət başçısı iki rayona təyin edilən icra başçıları ilə videokonfransda  “pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək” dedi; baş prokurorun müavinləri də işdən çıxarıldı    

Çoxdan gözlənilın sərəncam-Qarayev daha nazir deyil...

Mayın 21-də prezident İlham Əliyev bir sıra mühüm qərarlar verib. Prezident mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Azərbaycanın uzunömürlü nazirlərindən biri də Ə.Qarayev idi. Ə.Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu.

Ə.Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Ə.Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı.

DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavinin, həmçinin idarə rəisinin həbsi nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onu istefa verməsi və istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı. 14 ildir mədəniyyət sahəsinə rəhbərlik edən Qarayevin işdən necə(öz ərizəsi ilə) ayrıldığı haqda təfərrüat hələ ki, yoxdur. Amma cəmiyyət Prezidentin tezliklə belə bir qərar verəcəyini gözləyirdi. Sabiq nazirin həbslərlə bağlı  artıq istintaqa cəlb edildiyi ilə bağlı məlumatlar da var. Mayın 8-də məhkəmənin qərarı əsasında, Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Əbülfəz Qarayev yeni direktorlar təyin etdi

Yada salaq ki, iki il əvvəl müavini təyin edilmiş Rafiq Bayramov uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir.  Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Yeni mədəniyyət nazirinin kimin ola biləcəyi ilə bağlı ən müxtəlif iddialar var. Amma bu istisnasız olaraq dövlət başçısının səlahiyyətində olan məsələdir və bu səbəbdən konkret adlar çəkmək məqsədəuyğun deyil.    

Prezident yeni təyin olunmuş Ağstafa və İmişli rayon icra ...

Həbsdəki icra başçılarının yerinə təyin edilənlər-YAP gəncləri önə çıxarır... 

Mayın 21-də prezident İlham Əliyev ötən ilin dekabrından boş qalan Ağstafa rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının sərəncamı ilə bu post Seymur Orucova tapşırılıb. Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nın 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb. Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Seymur Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Seymur Orucov

Yeni icra başçısı Seymur Orucov 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub. 2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. Ailəlidir.

Seymur Orucov YAP-ın Səbayel rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

İmişlinin yeni İcra başçısı Elçin Rzayev kimdir? | 1news | Xəbərlər

Elçin Rzayev

Prezidentin başqa bir sərəncamı isə İmişli rayonuna yeni icra  başçısı təyinatı ilə bağlı olub. Bir neçə gün əvvəl  həbs edilən Vilyam Hacıyevin yerinə  Elçin Rzayev təyinat alıb.  E.Rzayev yeni təyinata qədər, Əmlak Məsələləri Dövlət Komitəsində, Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri  və icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Prezident İlham Əliyev İmişli və Ağstafa rayonlarına yeni təyin ...

Prezident yeni icra başçılarına tapşırıq verdi 

“Sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb”. 

Bunu prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident bildirib ki, son 17 il ərzində 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub: “Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulub. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”.

Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin ...

Prezident  xatırladıb ki, Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

Rüstəm Usubov istefaya göndərilir? - “Məsələ artıq həll olunub ...

Baş prokurorluqda da müavinlər dəyişdi 

Prezident baş prokurorun birinci müavini Rüstəm Usubovun və digər müavin Namiq Əsgərovun vəzifələrindən azad edilmələri haqqında sərəncam imzalayıb. Prezident onların hər ikisinə  “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Məmmədov baş prokurorun birinci müavini təyin edilib. Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

2005-ci ildən baş prokurorunun birinci müavini olan Rüstəm Usubov  1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq İdarəsinin prokuroru, Baş prokuror yanında mühüm işlər üzrə müstəntiq, böyük müstəntiq, Respublika Prokurorluğu İstintaq İdarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı Prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi Prokurorluğun İstintaq İdarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

Orxan ƏLİYEV,
“Yeni Müsavat” 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net