«Bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər, yazıçılar üçün də çalışmalıdır»
Azərbaycan Yazıçılar Birliyi (AYB) haqqında uzun illərdi tənqidi yazılar yazılır və bu birliyin bir qrup adam tərəfindən zəbt edildiyi bildirilir. Əslində, səslənən fikirlər həqiqəti əks etdirir. Diqqət etsək görərik ki, bu qurumda sovetin “ətri” hələ də qalmaqdadır. 27 ildir eyni şəxs sədrdi, eyni adamlar dövlətdən mükafat alır və ciddi ədəbiyyat nümunələri də barmaqla sayılacaq qədərdi. Müstəqillik illərində ortaya çıxan ciddi əsərlərin əksəriyyəti AYB-dan kənarda olan yazıçılara məxsusdur. Ancaq bir qayda olaraq başda Anar Rzayev olmaqla qocaman yazıçılar bu tənqidləri qərəzli hesab edirlər və sancmaq kimi qiymətləndirirlər.
Bu dəfə AYB ilə bağlı tənqidi fikirləri hansısa yazıçı, müxalif fikrin daşıyıcısı deyil, YAP icra katibinin müavini Siyavuş Novruzov səsləndirib, Novruzov “1937.az2 saytına müsahibəsində deyib: ”Azərbaycan ədəbiyyatı eyni adamlarla bitə bilməz. Bu baxımdan müxtəlif proqramlar çərçivəsində, mənə elə gəlir ki, gənc yazarlara xüsusi kömək olunmalıdır, dəstək göstərilməlidir. Mövcud yaradıcı birliklər Sovet sistemindən çıxıb, yenidən təkmilləşməlidir. Amma hesab edirəm ki, bu gün o tərkibdə də müvafiq dəyişikliklər getməlidir. Məsələn, hər dəfə, heç olmasa, 10 faiz, 20 faiz, 30 faiz dəyişikliklər olanda ədəbiyyatın inkişafına da kömək olur. Azərbaycan Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşir və hesab edirəm ki, qurumda hər şey sistemləşməlidir. Mənə elə gəlir ki, bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər yazıçılar üçün də çalışmalıdır. Yazıçılar birliyində gənclərə üstünlük verilməlidir".
Yaxşı olardı ki, AYB-nin rəhbərliyində olanlar Siyavuş Novruzovun fikirlərinə də münasibət bildirsinlər.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca “Azadlıq”a açıqlamasında bu məsləyə geniş münasibət bildirməyəcəyini söylədi: “Görünür, deputatların işi azalıb, indi də yazıçılardan danışırlar. Yəqin yay fəslinə görədir”.
Yazıçı Seyran Səxavət isə, belə məsələlərin vaxtının keçdiyini bildirdi: “Mənim üçün bu məsələlər artıq kiflənib, köhnəlib və mənasızlaşıb”.
AYB-nin katibi Çingiz Abdullayev isə hazırda xaricdə olduğunu və cavab verə bilməyəcəyini söylədi.
Istənilən halda YAP-çı deputatın bu məqamları dilə gətirməsi onu deməyə əsas verir ki, bugünə qədər olan tənqidlər qərəz deyil, hamının bildiyi həqiqətdir.