MAHMUDOVLAR AİLƏSİNİN AVROPADAKI BÖYÜK SƏRVƏTİ...- Beynəlxalq araşdırmanın tam mətni + FOTOLAR

1-06-2020, 15:01   



Xəbər verdiyimiz kimi beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ailə üzvlərinə aid olan, Britaniya offşor adalarında gizlədilmiş nəhəng biznes və daşınmaz əmlak imperiyasını aşkar ediblər. Bu barədə araşdırma bir neçə nüfuzlu qərb KİV-lərində dərc olunub.

Virtualaz.org xatırladır ki, jurnalistlər Mahmudovun sərvətlərinin izinə 2019-cu ildə Britaniya Men adaları qrupundakı Kayman adalarının “Cayman National Bank” adlı bankının müştərilərinin məlumat bazasına edilmiş haker hücumu nəticəsində düşüblər. Araşdırma qrupu həmin bankın müştəriləri arasında keçmiş Azərbaycan nazirinin izlərini aşkar ediblər. Məlum olub ki, çoxsaylı daşınmaz əmlak və aktivləri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və qızı Nərgiz Mahmudovanın adına qeydiyyatdan keçib.



"Cayman National Bank"ın binası: Mahmudovun ailə sərvətinin bir qismi bu bankda gizlədilmişdi...

Eldar Mahmudovun 19-cu əsrdə yaşamış milyoner babası?

Araşdırma qrupu Mahmudov ailəsinə həmin aktivlərin mənbəyi barədə sorğu verəndə ailənin hüquqşünası bildirib ki, Mahmudovlar bu biznesi 19-cu əsrdə yaşamış milyoner “babaları” Aslan Aşurovdan qalan sərvət hesabına, o cümlədən “ailənin gəlirlərindən qənaət edilmiş pullar” hesabına qurub.

Lakin jurnalistlər Mahmudovlar ailəsinin Aşurovla qohumluq bağlarına dair heç bir məlumata rast gəlməyiblər. O cümlədən Eldar Mahmudovun 1990-cı illərdə hüquq-mühafizə orqanlarında vəzifə tutana qədər imkanlı şəxs olduğuna dair heç bir fakt aşkar edilməyib. Keçmiş nazirin atasının rəsmi bioqrafiyasında göstərilir ki, o kəndli ailəsində anadan olub, E.Mahmudovun 1990-cı illərə aid olan bank bəyannamələrində isə pulları özünün qazandığını göstərib.

Bəs Eldar Mahmudovun “babası” Aslan Aşurov kimdir...

Virtualaz.org qeyd edir ki, 19-cu əsrdə yaşamış azərbaycanlı messenat və milyonçu Hacı Aslan Aşurov barədə tarixçi-publisist Ədalət Tahirzadənin “Aşurovlar nəslinin sənədli tarixi” adlı kitabında bəhs edilir.





19-u əsrin Bakısı: Eldar Mahmudovun "milyonçu babası" olubmuş...

Orada göstərilir ki, Hacı Aslan Aşurov tacir olub, sonradan Bakıda neft yataqları alıb. Ticarətdə qazandığı uğurlara görə “1-ci dərəcə Gildiya Tacir” imtiyazına layiq görülüb. Həmin imtiyaz o dövrdə Aşurova bir sıra imtiyazlar qazandırırdı. Aşurovun Bakı şəhərində imarətləri, “Aşurov Qardaşları” adlı ticarətxanası, neft yataqları, dükanları, dəyirmanları, mülkləri, Rusiyanın Saratov şəhərində torpaq sahələri və dəyirmanları olub. Habelə onun neft, şəkər və düyü daşıyan gəmilərin sahibi olduğu bildirilir.

Aşurovlar nəslinin digər nümayəndəsi Ağa Aşurov isə Azərbaycan Xalq Cümhiryyətinin qurucuarından biridir, ixtisasca mühəndis olub, cümhuriyyət hökumətində iqtisadiyyat naziri postunu tutub.

Göründüyü kimi Aşurovlar nəsli kifayət qədər nüfuzlu nəsildir və Eldar Mahmudovun ailəsinin öz oğurluq əməllərini bu nəsillə əlaqələndirmək cəhdinə araşdırmaçı jurnalistləri inandırmaq mümkün olmayıb.



Eldar Mahmudovun sovet dövrü akademiki olan atası Əhməd Mahmudov Bakıda, milyonçu Aşurovun ailəsində yox, Şərurda, sadə kəndli ailəsində anadan olmuşdu...

Jurnalistlər qeyd edirlər ki, Eldar Mahmudov atası Əhməd Mahmudov barədə 2013-cü ildə “İndigo” mətbəəsində (həmin mətbəə də E.Mahmudovun ailəsinə məxsus olub) dərc etdirdiyi kitabda onun Aşurovlarla bağlılığı haqda heç nə deyilmir. Əksinə, orada göstərilir ki, Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində sadə kədli ailəsində anadan olub.

Mahmudovların sərvəti hələ 2016-cı ildə şübhə doğurub

“Cayman National Bank”ın daxili sənədlərindən məlum olur ki, 2016-cı ildə bankın mütəxəssisi Mahmudovlara məxsus “Britannia Group Ltd” adlı şirkətin tranzaksiyalarının qanuniliyini sual altına alıb. Tezliklə bank bu sənədləri və informasiyanı Men adalarının maliyyə araşdırmaları şöbəsinə təqdim edib. Amma araşdırma aparılıbmı, bu məlum deyil.

Ələ keçirilmiş bank sənədləri Mahmudovlar ailəsinin sərvətləri Azərbaycandan avropaya necə ötürdüyünü aşkara çıxarır. Jurnalistlər terabaytlarla həcmdə informasiyanı təhlil ediblər, Mahmudovlar ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdəki biznes imperiyasını, daşınmaz əmlaklarını müəyyənləşdirə biliblər. Məlum olub ki, bu sərvətlərin ümumi dəyəri 110 milyon dollardan çoxdur.

Kayman bankına kim hücum etmişdi...

2019-cu ilin noyabrında özünü “şəffaflıq fəalları” adlandıran haker qrupu “Cayman National Bank”ın müştərilərinin məlumat bazasını ələ keçirdiklərini elan etdilər. Bu bank Britaniya krallığının tərkibində, İngiltərə ilə İrlandiya arasında yerləşən müstəqil Men adalarında mənzillənmiş “Cayman National Corporation Ltd” şirkətinin törəmə bankıdır. Bank təsdiq etdi ki, onun məlumat bazasını ələ keçiriblər və bu işə görə Fineas Fişer adlı haker məsuliyyəti üzərinə götürüb.



Naməlum haker 2019-cu ildə "Cayman National Bank"a müdaxilə edərək 2 Terabayt həcmində məlumat bazasını ələ keçirib, nəticədə Mahmudovların sirləri faş olub

Bank sənədlərindən məlum olur ki, Mahmudovlar ailəsinin bütün obyektləri və şirkətləri Eldar Mahmudovun 36 yaşlı oğlu Anarın və 31 yaşlı qızı Nərgizin adına rəsmiləşdirilib. Sənədlərə əsasən bu qardaş-bacı 20 yaşlarında artıq investor və daşınmaz əmlak maqnatları idi.

Anar Mahmudov 2006-cı ildə İsveçrədə biznes-məktəbi bitirib, həmin il isə sənədlərə əsasən bibisi ona Azərbaycandakı “Cryistal Group” şirkətlər qrupunu hədiyyə edib. Hansı ki, Anar Mahmudov sərvətinin mənbəyinin məhz bu şirkət olduğunu bildirir. Və həmin şirkəti guya babaları Aslan Aşurovdan qalmış sərvət hesabına qurmuşdular.

Qeyd edilir ki, bunu təsdiq edən heç bir fakt yoxdur, amma burası məlumdur ki, Eldar Mahmudov 90-cı illərdə DİN-in iqtisadi cinayətkarlıqla mübarizə idarəsində işləyib. 2004-cü ildə isə milli təhlükəsizlik naziri təyin olunub. Və 2015-ci ildə korrupsiya, talançılıq, biznesmenlərin şantaj yolu ilə soyulması kimi əməllərdə günahlandırılaraq işdən qovulub.


Eldar Mahmudovun 20 yaşlarında daşınmaz əmlak maqnatına çevrilən oğlu Anar Mahmudov və qızı Nərgiz Mahmudova


Offşor bankda Mahmudovlardan nə vaxt şühələndilər...

Jurnalistlərin sorğusuna cavab olaraq ailənin hüquqşünasının növbəti mktubunda isə göstərilir ki, Mahmudovların sərvətinin mənbəyi “ailənin uzun illər ərzində qazandığı pullardan qənaət edilən vəsait”dir.

Lakin Anar Mahmudov 2014-cü ildə “Cayman National Bank”a təqdim etdiyi izahatda göstərir ki, onun sərvətinin mənbəyi bibisinin 1990-cı illərdə əsasını qoyduğu “Cyristal Group” şirkətidir.

Bank sənədlərinə əsasən Mahmudovlar ailəsinin üzvləri bu sərvətlərdən Avropa Şengen zonasında maneəsiz hərəkət etmək imkanı verən “qızıl” vizalara malik olublar.

2015-cı ilin avqustunda bankın Hanna Holden adlı əməkdaşı daxili yazışmada bildirir ki, o “Britannia Group Limited” şirkətinin fayllarına nəzər salarkən həmin şirkətin yekun benefisiarlarının Azərbaycanda “siyasi əhəmiyyətli fiqurlar” olduğuna dair şübhələr aşkar edib.



Azərbaycanda "siyasi əhəmiyyətli fiqur"-Eldar Mahmudov ölkənin milli təhlükəsizliyinin qeydinə qalmaqla yanaşı xaricə milyonlar da ötürürdü

Şirkətin rəsmi sahiblərindən biri kimi hələ o vaxt nazir vəzifəsinə olan Eldar Mahmudovun 26 yaşlı qızı Nərgiz Mahmudov göstərilirdi. Onun sərvətinin ilkin mənbəyi kimi isə “qənaət edilmiş şəxsi vəsait” yazılmışdı. Mahmudovanın ünvanı isə İsveçrədə, Cenevrə gölü sahilindəki şəxsi mənzilinin ünvanı göstərilib.

Bundan bir il sonra Kayman adalarının normativ tələblərə əməl edilməsi üzrə milli meneceri Odri Batteruort “Britannia Group Limited” və ona bağlı offşor şirkətlər “Britannia Consulting” və “Britannia İnvestment”ə məxsus olan “Coldharbour Marine Holdings” adlı şirkət barədə daxili memorandum hazırlayıb. Faktiki olaraq “Cayman National Bank”ın müştəriləri arasında Mahmudovlara aid səkkiz şirkət olub.

“Mənim bu hesablar və ümumi münasibətlər barədə ciddi narahatlıqlarım var, tranzaksiyalara baxmayaraq”,-Battervort məktubda göstərib.

Maliyyə kəşfiyyatına dosye ötürüldü, amma...

Bundan bir ay sonra Bank Men adalarının maliyyə kəşfiyyatı Şöbəsinə Mahmudovların şirkətlərinin 2008-ci ildə qəbul edilmiş və cinayətkar yollarla əldə edilmiş gəlirlərə qarşı mübarizə qanunu çərçivəsində araşdırılması barədə məlumat verir. Həmin informasiya barədə hansı araşdırmanın aparıldığı məlum deyil.


 2006-cı il, Anar Mahmudov İsveçrənin Lozanna şəhərində biznes məktəbində təhsil alarkən-tələbəlik həyatı pis keçmir...


İnformasiyada Anar Mahmudovun britaniyalı vəkilinin məktubundan da sitat gətirlir. Orada deyilirdi ki, müştərinin hesablarındakı vəsait həqiqətən onun bacısının mülkiyyətçisi olduğu diskresion trastın (investisiya şirkətinin) müəyyən edilmiş vəsaitidir. 

“Biz hesab edirik ki, Anar Mahmudov həqiqətən yekun benefisiardır”,-bank sorğunu yekunlaşdırır.

Vəkilin sözlərnə görə, Anarın planı Böyük Britaniyada şirkətlərə və müəssisələrə ivestisya qoymaq, daşınmaz əmlak almaqdır. Onun sərvətinin mənbəyi isə Azərbaycandakı “Cyrstal Holdings” şirkətlər qrupu göstərilib. Bu şirkətin tikinti, katerinq, elit alkaqollu içkilər və digər biznes sahələri ilə məşğul olduğu bildirilib.

Mahmudovlar Zimbabvedə hansı qara işlərə bulaşıb?

Həmin vaxtlar artıq Eldar Mahmudov işdən azad edildi, onun qudası-Anarın qaynatası Cahangir Hacıyev mənimsəmə və korrupsiya ittihamları ilə tutuldu.Mətbuatda Mahmudovlar barədə dərc olunan neqativ məlumatlar “Cayman National Bank”ı məcbur edib ki, onların hesablarını bağlasın. Lakin hesabların bağlanması prosesi bankın daha ciddi narahatlığına səbəb olub.


 Mahmudovların izləri Afrika ölkəsi Zimbabveyə də gedib çıxır...


Məlum olub ki, Mahmudovların şirkətlərini “Northern Wychwood Limited” adlı firma idarə edir. Və həmin şirkətin adı məşhur “Panama sənədləri” sızmasından sonra Zimbabvedə bir sıra səs-küylü araşdırmalarda çəkilir. (virtualaz.org Mahmudovların Zimbabvedəki izlərini daha sonra araşdıracaq,-red.)

“Northern Wychwood Limited” jurnalistlərin məsələ ilə bağlı sorğusuna cavab verməyib.

Eldar Mahmudovun uşaqlarının Böyük Britaniyadakı mülkləri

Jurnalistlər araşdırıblar ki, Eldar Mahmudovun uşaqlarının İngiltərənin cənub sahillərində, Pul (Poole) və Bornmut şəhərlərində iki ofis binası var. Bunlar Mahmudovların Britaniyadakı daşınmaz əmlak portfelində ən az cəlbedici obyektlər hesab edilə bilər və 13.5 milyon funt sterlinq dəyərində qiymətləndirilib.


İngiltərədəki bu ofis binası 2016-cı ildə Nərgiz Mahmudovanın adına qeydiyyatdan keçmiş "Brit Holdings Limited" şirkəti tərəfindən alınıb


Həmin binalar Eldar Mahmudovun Azərbaycandan oğurladığı pullar hesabına 2016-cı ildə “Brit Holdings Limite” adlı Britaniya şirkətinin adına alınıb.Sənədlər göstərir ki, “Brit Holdings” şirkətinin yeganə səhmdarı Sent-Kits və Nevis ada dövlətində Nərgiz Mahmudovanın adına qeydiyyatdan keçmiş “Britannia İnvestment Limited” şirkətidir. Həmin binaların əsl sahiblərinin-yəni Mahmudovların adlarını isə Kiprdən və Men adasından olan peşəkar vasitəçilər ordusu gizlədib.

Habelə sənədlərə əsasən Anar Mahmudovun Londonun zənginlər məhəlləsi olan Naytsbricdə taunhausu (şəhər tipli mülkü) var. Bu mülkün dəyəri 17.35 milyon funt sterlinqdir və Anar Mahmudov onu 2019-cu ildə, cəmi 29 yaşı olanda alıb. Bu dördmərtəbəli obyektin trenajor zalı, spa-mərkəzi, kinoteatrı və lifti var.


Bu ofis binası da İngiltərənin cənubunda 2016-cı ildə Mahmudovların "Brit Holdings Limited" şirkəti tərəfindən alınıb.2013-cü ildə.


2018-ci ilin ortalarına qədər Anar Mahmudov habelə “8-10 Dover Street” adlı holdinqə sahib idi. Həmin holdinq Londonda “MNKY HSE” dəbdəbəli restoranının və barının mülkiyyətçisi olub, yüksək sinfə aid müştərilərinə müasir Latın Amerikası mətbəxindən nümunələr təqdim edir. Şirkət sonuncu maliyyə hesabatında 6.3 milyon funt sterlinq vəsaitinin olduğunu göstərib.


 Anar Mahmudovun Londonun zənginlər yaşayan Naytsbric rayonundakı dördmərtəbəli mülkü, cəmi 29 yaşı olanda alıb...


2018-ci ildə “8-10 Dover Street” şirkətinin səhmləri vəkil Mixail Skordisə satılıb. Əslində həmin vəkil Mahmudovların Kipr şirkətlərinin sənədlərində fiqurantdır. Şirkətin formal satışı o zaman baş verib ki, Britaniyanın Milli Kriminal Agentliyi Anarın qaynanası Zamirə Hacıyevanın izahedilməz sərvətlərinə dair qaldırdığı iddianı məhkəmədə müdafiə edə bilmişdi. Yəni məhkəmə Zamirənin aktivlərinə həbs qoymuşdu.

Belə görünür ki, Zamirənin kürəkəni Londondakı elit restoran-barı xilas etmək üçün tələsik öz adamının-vəkilin adına keçirdib.


 Anarın Londondakı restoranı


Anar Mahmudovun İspaniyadakı sərvəti

Araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, Anar Mahmudov ilk dəfə 2006-cı ilin mayında İspaniya “radarlarında” görünüb. O, 22 yaşında olarkən “Mjorca Capas Group İnvestment” adlı şirkətin sahibi idi. Həmin şirkət Anar Mahmudovun-Azərbaycanın milli təhlükəsilik nazirinin oğlunun İspaniyada qurduğu şirkətlərdən biridir.

Sonrakı 9 il ərzində Anar həm şəxsən, həm həmin bu şirkətlər üzərindən İspaniyanın Aralıq dənizindəki Mayorka kurort adasında onlarla daşınmaz əmlak obyekti alıb. Bura torpaq sahələri, dəbdəbəli apartamentlər, ofis binaları, avtomobil park yerləri və anbarlar, mağazalar və otellər daxildir.

Anar Mahmudov 2014-cü ilin sonlarında İspaniyadakı bütün sərvətini “Macent İnvest” adlı şirkətin çətiri altında cəmləyib.


 Nərgiz Mahmudovanın Mayorka adasının inzibati mərkəzi Palmada yerləşən iki binası: bunlar tarix-mədəniyyət abidələri kimi qorunur...


Həmin ilin oktyabrındaca “Macent İnvest” şirkəti Palma-de-Mayorkada yaşayış blokunun birinci mərtəbəsində dörd mağaza alıb. Həmin mağazalar heç vaxt açılmayıb və hələ də bağlıdır.

İspaniyanın daşınmaz əmlak Reyestri Eldar Mahmudovun oğlunun bu ölkədə aldığı daşınmaz əmlak obyektlərinin satış dəyərini açıqlamır, amma “Minding İnvest Group” şirkətinin sonuncu maliyyə hesabatına əsasən aktivlərin dəyəri 33 milyon avrodan çox olub.

Jurnalistlər onu da müəyyən ediblər ki, səhmlərinin 50 faizi Anar Mahmudovun “Macent İnvest Group” şirkətinə məxsus olan “Dolunay SL” adlı şirkət İspaniyanın Kalviya bələdiyyəsi ərazisində yerləşən, 17-ci əsrə aid olan və 127 hektar torpaq sahəsinə malik möhtəşəm fermanı 15 milyon avroya satışa çıxarıb.


 Eldar Mahmudovun ailəsinin İspaniyadakı möhtəşəm tarixi qəsri və ferması, indi 15 milyon avroya satışa çıxarılıb


Lakin Anar İspaniyanın Mayorka adasına böyük pullar yatıran yeganə Mahmudov deyil. Onun bacısı Nərgiz də adanın paytaxtı Palmada “Can Casasayas” və “Pension Menorquina” adlı iki modern binaya sahibdir. Həmin binalar mədəniyyət və arxitektura abidəsi hesab olunur. Binalar Nərgiz Mahmudova tərəfindən 2013-cü ilin sentyabrında 4.1 milyon avroya alınıb. Mədəniyyət abidəsi olduğu üçün bu binaların satış icazəsinə dair sənəddə həmin məlumat açıqlanıb.

Anar Mahmudov habelə adada bir sıra digər köhnə investisiyaların da sahibidir, hərçənd onun həmin investisiyalarda iştirakı ancaq 2016-cı ildən təsdiqlənir. O, Lüksemburqun “Hotel & Resort Investment” şirkətinin benefisiarıdır, həmin şirkət isə İspaniyada eyni adlı şirkətin sahibidir. 2001-ci ildən həmin ispan şirkəti Palma limanı ilə yanaşı olan elit otel binasına və yaxtalar üçün limana sahibdir, 2003-cü ildə isə yaxınlıqdakı qarajı alıb. 2018-ci ildə şirkətin aktivləri 4.1 milyon avro qiymətləndirilirdi.


 Mahmudovların şirkətinin Mayorkadakı mağazalarından biri, o vaxtdan bəri bağlıdır...


Anar Mahmudovun Lüksemburqdakı sərvəti: Fərhad Rəhimov nə deyir...

Araşdırmada deyilir ki, Anar Mahmudov Lüksemburqda, nəğd xarici pullarla işləyən maliyyə mərkəzində dörd şirkətin benefisiarıdır. 2001-ci ildə açılan “Hotel & Resort Investment SRL” şirkəti ilə yanaşı digər şirkətlər –“Conoco.M”, “UTİLİCOM” və “Gravıtylux” şirkətləri 2015-ci ildə, Eldar Mahmudovun nazir vəzifəsindən azad edilməsi ərəfəsində qeydiyyatdan keçiriliblər. Bu dörd şirkət 14.7 milyon dollarlıq aktivləri birləşdirir.

Fransada yaşayan Azərbaycan vətəndaşı Fərhad Rəhimov Mahmudovun Lüksemburqdakı bütün şirkətlərində direktordur. Onun adı habelə müntəzəm olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin şirkətlər şəbəkəsində keçir. F.Rəhimov 2013-cü ildə “Berkeley Business Limite” adlı şirkətin adından 42.5 milyon dollara özəl təyyarənin alınması üçün maliyyə sənədlərini imzalayıb. 

2015-ci ildə o, habelə “MRGC 2013 Ltd” adlı şirkətin direktoru olub. Həmin şirkət Zamirə Hacıyevanın hazırda üzərinə həbs qoyulan mülklərindən birini satın alıb. “Məni bu sövdələşməni restrukturizasiya etməyə dəvət etdilər, amma bu həmin vaxta təsadüf etdi ki, ailənin problemləri başladı və buna görə də mən tezliklə onlardan uzaqlaşdım”, -Rəhimov jurnalistlərə elektron poçtla göndərdiyi məktubda bildirir.


 Mahmudovlar Azərbaycanı təkbaşına talamırdı, bu işdə qudaları ilə əlbir idi...


Rəhimov deyir ki, Hacıyevlər və Mahmudovlar ailəsi ilə Lüksemburqun “Fortrust Global” şirkəti üzərindən işləyib. “Mən həmin şirkətlərdə qısa müddət ərzində ancaq nominal direktor olmuşa və ailənin Azərbaycanda problemləri başlayan kimi dərhal bu işlərdən uzaqlaşmışam”,-o yazıb.

“Mənim iştirakım çox qısamüddətli olub və heç bir öhdəliklər daşımırdı”,-Rəhimov əlavə edib. Və yazıb ki, Hacıyevlər ailəsinə müstəqil məsləhətçi kimi şəxsən və öz şirkəti üzərindən konsultasiya xidməti göstərib.

Mahmudovların Litvadakı sərvəti

Jurnalistlər “Cayman National Bank”dan ələ keçirilən terabaytlarla həcmdə sənədləri araşdırarkən məlum olub ki, Mahmudovlar ailəsinin biznesi hətta Litvaya qədər genişlənib. Onlar həmin ölkədə iki şirkət alıblar və qısa zaman ərzində bu şirkətlərdə iri sərvətlər cəmləyiblər.


 Mahmudovlar ailəsinin Litvadakı mülkü


Belə ki, 2016-cı ildə, artıq Eldar Mahmudovun nazir vəzifəsindən azad olunub faktiki ev dustağı ediləndən təxminən bir neçə ay sonra Anar Mahmudov və onun digər bacısı Xuraman, habelə işgüzar partnyoru Həmid Abbasov “Barkas LT” QSC adlı Litva şirkətini alıblar. Həmin şirkət o vaxta qədər əhəmiyyətli aktivlərə malik deyildi.

2015-ci ilin sonunda “Barkas LT” cəmi 24 min avro təmiz gəlir bəyan etmişdi və məcmu aktivləri 48 min 890 avro təşkil edirdi. 2017-ci ilin fevralında isə yeni sahibləri şirkətin nizamnaməsini dəyişiblər, ona yeni fəaliyyət növü , o cümlədən tikinti, daşınmaz əmlak, development və vasitəçilik, broker xidmətləri əlavə ediblər.

2017-ci ilin sonlaırnda şirkətin aktivləri artıq 722 min avroya çatırdı, o cümlədən maddi aktivləri 413 min avrodan çox idi. Hərçənd Litva kommersiya müəssisələri Reyestrində bu şirkət barədə ətraflı informasiya aşkar edilmir.

2018-ci ildə isə “Barkas LT” şirkətinin aktivləri artaraq 1.17 milyon avroya çatıb. Onun maliyyə hesabatlarında həmin ilə aid olan və 2017-ci il hesabatındakı məlumatlarla uyğun gəlməyən məlumatlar yer alır. Şirkət bildirir ki, tamam başqa biznes sahəsində işləyir, su, istilik və kondisioner təchizatı ilə məşğuldur. Publik məlumatlar göstərir ki, “Barkas LT” alkaqol ticarəti lisenziyasına da malikdir. Cəmi iki il ərzində şirkət aktivlərini 1 milyon avrodan çox artırıb. Baxmayaraq ki, 2017-2018-ci illərdə onun təmiz satış həcmi cəmi 60 min avro təşkil edib.

Eldar Mahmudovun arvadının izləri Litvada aşkarlanıb

Mahmudovlar habelə “White Cat” adlı digər Litva şirkətini də alıblar. 2017-ci ilin ortalarında bu şirkəti alandan sonra Nərgiz Mahmudova və onun anası Tahirə Mahmudova nizamnaməni dəyişdiriblər, ora “daşınmaz əmlak sahəsində konsaltinq xidmətləri” əlavə ediblər.


 Eldar Mahmudovun arvadı təkcə Bakıda poliklinikalardan birinin baş həkimi deyilmiş, həm də Litvada bizneslə məşğul imiş...


Həmin ilin sonunda şirkətin aktivləri 26 dəfə artaraq 576 min 554 avroyaçatmışdı. Ötən ilki hesabatında isə şirkətin aktivlərinin dəyəri 536 min 33 avro göstərilir.

Litva şirkətlərinə aid sənədlərində Eldar Mahmudovun iki qızı və oğlu, habelə onların anaları göstərirlər ki, yaşayış yerləri bu ölkədir. Onlar ünvan kimi Vilnüsun ətrafında cəmi 64 kvadratmetrlik mənzili göstəriblər. Həmin mənzil 2002-ci ildə tikilmiş binada yerləşir və 73 min 500 avro dəyərindədir.

Jurnalistlər isə aşkar ediblər ki, həmin mənzili 2018-ci ildə gənc litvalı qadın alıb. O, adının çəkilməməsini xahiş edib. Bildirib ki, Mahmudovlar ailəsindən kiminləsə heç vaxt şəxsən qarşılaşmayıb, amma onlardan azı üçünün mənzildə qeydiyyatının olduğunu təsdiqləyib. Qadın deyib ki, hazırda Mahmudovların mənzilə qeydiyyatını ləğv etdirib, hərçənd jurnalistlər bunu təsdiqləyə bilməyiblər.

Mahmudovlar Litvadan niyə xaric ediliblər...

Litvanın Miqrasiya Departamenti isə təsdiq edib ki, Anar Mahmudovun, anasının və iki bacısının “qızıl vizası” var. Bu viza Şengen zonasına asan açılan qapı olan Litvada diqqəti cəlb edib. Departamentin bildirdiyi kimi, xarici vətəndaş ölkədə işgüzar məqsədlə yaşayış icazəsi almaq üçün özünün Litvadakı şirkətinin nizamnamə kapitalına azı 14 min avro yatırmalıdır.




Ailənin Litvaya investisiya yatırımları isə Eldar Mahmudovun Azərbaycanda gözdən düşməsindən təxminən səkkiz ay sonra başlayıb, viza isə onlara 2017-ci ildə verilib. Litva hökuməti bildirib ki, hazırda həmin viza ləğv edilib.Anar Mahmudovun və bacısı Xuraman Mahmudovanın Litvada yaşayış icazəsi 2019-cu ildə bitib. 

Onların hər ikisi yaşayış icazəsini uzatmaq üçün müraciət etməyiblər. Tahirə Mahmudova və Nərgiz Mahmudovanın yaşayış icazəsi isə Departament tərəfindən 2018-ci ildə ləğv edilib. Çünki hakimiyyətin bildirdiyinə görə, ana və qızı Litvanın inzibati xətalar qanunu pozublar. Departament pozuntunun dəqiq xarakterini açıqlamayıb, ancaq onu göstərib ki, yaşayış icazəsi şəxsin özü və kommersiya fəaliyyəti barəsində düzgün olmayan informasiyalar təqdim etməsi, o cümlədən qeri-leqal miqrasiya riski ilə bağlı olaraq ləğv edilə bilər.

Mahmudovların Litvadakı şirkətlərini İndre Korsakovene adlı şəxs idarə edir, o jurnalistlərin sorğusuna cavab verməyib.

Mahmudovlar Azərbaycanda

Britaniyanın “Taylor Fordyce” adlı hüquq şirkətinin sahibi Rori Fordis 2013-cü ilin dekabrında vergi konsultantı müştərisi üçün tövsiyə məktubu göndərib. Məktub bu mövzuda olub ki, Anar Eldar oğlu Mahmudov öz şirkətlərinin hesablarını “Cayman National”a keçirib. Ona Böyük Britaniyada daşınmaz əmlak almaq və investisiya yatırmaq üçün diskresion etimad lazım gəlir. Şirkətlər isə onun bacısının adınadır.



Məktuba Anarın öz sərvətini necə əldə etdiyi barədə hekayəsi də əlavə olunur. Mahmudovun oğlu göstərir ki, sərvətinin ilkin mənbəyi onun Azərbaycandakı “Cyristal Holding” şirkətlər qrupudur. “Biznesin özü 1998-ci ilin yanvarında ailə toplantısında Azərbaycan iqtisadiyyatının inkişafı məsələləri müzakirə olunarkən başlayıb və qərara alınıb ki, neft infrastrukturuna investisiya yatırmaq lazımdır”,-Anar Mahmudov hekayəsində göstərir.

Bildirir ki, ailə neft satışı üzrə vasitəçilik edən və daha sonra eyni adlı yanacaqdoldurma məntəqələri açan “Caspian Petrol” şirkətini qurmaq üçün bankdan kredit götürüblər. Sonra Eldar Mahmudovun bacısı Elmira Mahmudova (KİV-lərdə onun Azərbaycan XİN-in nümayəndəsi olduğu göstərilir) habelə tikintiyə, qida, içki sektoruna və “Caspian Crystal” restoranlar şəbəkəsinə investisiya qoyub.

Tarixçədə göstərilir ki, guya Eldar Mahmudovun bacısı özünün bütün biznesini 2006-cı ildə qohumu Anar Mahmudova verib. Həmin il Anar İsveçrədə biznes məktəbində oxuyurdu, nazir atasının rəsmi maaşı isə cəmi 1350 avro idi.

Daha sonra hekayədə göstərilir ki, gənc sahibkar Anar Mahmudov 2006-cı ildə biznesinin restrukturizasiyasına və rebrendinqinə başlayıb.

Onun məktubuna əsasən ən gəlirli layihə dəbdəbəli avtomobillərin, o cümlədən “Land Rover”, “Jaguar”, “Maserati” və “Ducati” avtomobillərinin Azərbaycana idxalı olub. 2013-cü ildə o, özünün Azərbaycandakı çoxsaylı şirkətlərini cəmləşdirmək üçün “Cyristal Holding” şirkətini qurub. Bu şirkət peyk xidmətlərindən tutmuş parkinq, tikinti, mətbəə, benzin satışı, restoran xidmətləri və s. biznes sahələri ilə məşğul idi.

“Yuxarıda göstərilənlərdən biz başa düşə bilərik ki, “Cyrstal Holding”in qurulmasına, bu şirkətin Azərbaycan bazarında aktiv oyunçulardan birinə çevrilməsinə 10 il lazım olub. Və şiirkətlər qrupu istənilən beynəlxalq şirkətə yatırım qoya və öz investisiyalarına haqq qazandıra bilər”,-məktubda deyilir.

Anar Mahmudova xidmət göstərən hüquqşünas onun atası haqda bilirdi...

Lakin maraqlıdır ki, Anar Mahmudovun və Nərgiz Mahmudovanın vəkili jurnalistlərin sorğusuna cavab olaraq ailənin sərvətinin mənşəyini fərqli izah edib. Vəkil deyib ki, Anar və onun bacısı 19-cu əsrdə yaşamış ulu babaları messenat Aslan Aşurovdan miras olaraq sərvət əldə ediblər.


Anar Mahmudov inandırmağa çalışır ki, sərvətinin mənbəyi bibisinin ona verdiyi "Cyrstal" şirkətlər qrupunun Azərbaycanda qazandığı pullardır, vəkil isə "milyonçu ulu baba" haqda nağıl danışır...


Jurnalistlər təxmin edirlər ki, hələ də Azərbaycanda bir sıra şirkətlər Mahmudovlala bağlı ola bilər. 2012-ci ildə Mahmudovların bəzi şirkətlərinin dövriyyəsi 55.9 milyon dollar olub. Həmin il Mahmudovun şirkətləri Bakı şəhərində 10 avtomobil park yeri inşa etmək üçün hökumətdən sifariş alıb.

Fordis onu da göstərir ki, Anarın qaynatası Azərbaycan Beynəlxalq Bankının o vaxtkı rəhbəri Cahangir Hacıyevdir. Lakin məktubda onun atası-milli təhlükəsizlik naziri Eldar Mahmudov haqda heç nə deyilmir.

Rori Fordis jurnalistlərə bildirib ki, həmin vaxt o, Anarın atasının vəzifəsi haqda bilirdi və bir çox illər ərzində “Lawfords” şirkəti ilə işləyərək Anar Mahmudovun sərvətlərinin mənbəyi barədə sənədləri toplamağa çalışıb. Lakin Fordis öz müştərisi haqda sonrakı şərhlərdən qaçıb, “Lawfords Consulting” isə suallara cavab verməyib.

Araşdırmada deyilir ki, “Cayman National” bankında Mahmudovların hesabları 2014-cü ilin martında açılıb və 2016-cı ilin iyulunda bağlanıb. Üzə çıxan sənədlər isə ailənin nəhəng sərvətləri barədə ancaq qısa pəncərə aça bilər.


 Anar Mahmudov atası işdən çıxarılandan bir neçə ay sonra Vergilər Nazirliyinə yazdığı məktubda nə soruşmuşdu...


Jurnalistlər daha bir maraqlı sənəd aşkar ediblər. 2016-ci ilin fevralında Anar Eldar oğlu Mahmudov Azərbaycanın Vergilər Nazirliyinin rəsmi saytına bu müraciəti edib: “Mən Mahmudov Anar Eldar oğlu, Azərbaycan Respublikasının vətəndaşı, 2015-ci ildən xaricdə daimi yaşayıram və yaşadığım ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2015-ci ilin əvvəllərindən Azərbaycanda olmamışam. Sual: Nəzərə alaraq ki, mən 2015-ci ildən xrici dövlətin sakiniyəm və Azərbaycan vətəndaşıyam, heç vaxt başqa ölkənin vətəndaşı olmamışam, o zaman mən Azərbaycan Respublikasının vergi rezidenti və ya vergi qeyri-rezidenti hesab edilə bilərəmmi? Əvvəlcədən təşəkkürlər.”

Vergi orqnları isə cavab olaraq ona yazıblar ki, Anar Mahmudov artıq vergi rezidenti hesab edilmir. Jurnalistlər Mahmudovların hazırda hansı ölkədə yaşadığını təsbit edə bilməyiblər.

Mahmudovlar Kiprdə

Sənədlərə əsasən Mahmudovlar Men adasında əldə etdikləri statusdan istifadə edərək milyonlarla dolları naməlum şirkətlərə yatırıblar.



2014-cü ildə Kiprdə Nərgiz Mahmudovanın adına “Salvare IP Limited” adlı şirkət qeydiyyatdan keçib. Şirkət qeydiyyatdan keçəndən bir ay sonra “Salvare Worldwide Limited” adlı şirkət Böyük Britaniyada Anar Mahmudovun vəkilinin adına qeydə alınıb. Həmin şirkətin səhmlərinin “Salvare IP”-ə məxsus olduğu göstərilib. Şirkətin fəaliyyət sahəsi isə xilasedici hava balonları satışı göstərilib. Lakin şirkət 2014-cü ilin avqustunda Hempşirdə, kənd yerində Lloyds Bank-ın krediti hesabına sənaye müəssisəsi əldə edib. Məlum olur ki, bu şirkət Mahmudovların “Britannia Group” şirkətindən 2014-2016-cı illərdə 715 min 348 funt sterlinq alıb.

2015-ci ildə Anar Mahmudov “Britannia Group Limited” şirkətinə yatırım qoyub, bu yatırım Britaniyanın iHOD Limited texnoloji startapının 5.56 milyon funt sterlinq dəyərində səhmlərinin alınmasına sərf olunub. Bu şirkət portativ hidrogen mühərrikləri və yanacaq elementləri istehsal edir.

Bütün bunlar Eldar Mahmudovun Azərbaycandan oğurlayıb övladlarının əliylə xaricə daşıdığı sərvətlərin ancaq cüzi bir hissəsi haqda təəsürat yaradır. Hansı ki, bu sərvətlərin həcminin milyardlarla dollarla ölçüldüyü məlumdur.

Qeyd edək ki, Azərbaycanın Baş prokurorluğu beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun bu sensasion araşdırması ilə tanışdır və məsələyə yaxın saatlarda şərh verəcəyi gözlənilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.