Avropa Birliyi ABŞ-ın, yoxsa Çinin yanında yer almalıdır?

5-06-2020, 13:40   


Angela Merkel Tramp-Bayden savaşının qalibini gözləyir

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin rəhbərliyi altında Avropa Birliyinin 27 ölkəsinin lideri ilə Çin prezidenti Si Tsinpin arasında sentyabr ayında Leypsiq şəhərində keçirilməsi nəzərdə tutulan zirvə görüşü təxirə salınıb. Sammitin nə vaxt olacağı haqqında isə məlumat verilməyib.

Zirvə görüşü nədən təxirə salınıb? Rəsmi versiyaya görə koronavirus pandemiyası şəraitində belə bir görüşün keçirilməsi məqsədəuyğun sayılmayıb.

Siyasi təhlilçilər isə bu arqumentin sadəcə bəhanə olduğunu deyirlər. Çünki Avropa Birliyində koronovirusla mübarizə getdikcə daha təsirli olur. Tezliklə Avropa ölkələrində turizm sektoru öz fəaliyyətini bərpa edəcək. Ən əsası isə odur ki, Almaniya koronovirusla mübarizədə bütün dünyaya örnək ölkə kimi qəbul edilir. Belə bir ölkədə şərti olaraq 27+1 adlandırılıan zirvə görüşünün keçirilməsi təhlükəsizlik baxımından təxirə salına bilməzdi. Deməli, ortada başqa səbəblər var.
Əsa məsələlərdən biri odur ki, Çin ilə Qərb arasında geosiyasi gərginlik artmaqdadır. Xüsusən, keçmiş Britaniya koloniyası olan Honq Konqda vəziyyətin gərginləşməsi AB-də "ciddi narahatlıq" doğurub. Avropa Parlamentinin Çin üzrə nümayəndə heyətinin rəhbəri Reinhard Bütikofer “Deutsche Welle”yə açıqlamasında belə deyib: "Böyük Britaniya kimi biz də Honq Konqda demokratiya uğrunda mübarizə aparan etirazçılara dəstək verməliyik”.

Çinin Honq Konqda atdığı addımlar rəsmi Pekin ilə Vaşinqton arasındakı münasibətlərdə mövcud olan böhranı daha da dərinləşməsinə səbəb olub. Bundan başqa, ABŞ prezidenti Donald Tramp koronavirusun yayılmasında Çini dönə-dönə ittiham edib. ABŞ-ın digər yüksək vəzifəli şəxsləri də oxşar bəyanatlar səsləndiriblər. Çin rəsmiləri isə bu kimi ittihamları kəskin şəkildə rədd edirlər. Elə bu səbəbdən də bəzi təhlilçilər Pekin ilə Vaşinqton arasında yeni “soyuq müharibə”nin başladığını vurğulayırlar.

Bəzi ekspertlər isə qeyd edir ki, Tramp-Bayden amili bu məsələdə xüsusi rol oynayıb. 2020-ci ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək. Avropa Birliyinə daxil olan ölkələrlə Donald Tramp arasında açıq düşmənçilik müşahidə olunur. Xüsusən, Almaniya ilə ABŞ arasındakı münasibətlər son dərəcə gərgindir. Avropalı siyasətçilər ümid edir ki, 2020-ci ildə keçirilən prezident seçkilərindən Cozef Bayden qalib çıxacaq. O isə Avropa Birliyi ilə ABŞ arasında uzun müddət mövcud olmuş dost münasibətin tərəfdarıdır.

Chinese President Xi Jinping shakes hands witht Italian President Sergio Mattarella in Rome in March 2019

Həm də Avropa Birliyi ilə Çin arasında sammitin ABŞ-da keçiriləcək prezident seçkisindən bir neçə həftə qabaq keçirilməsi Donald Trampın xeyrinə işləyə bilər. Angela Merkel isə ABŞ-ın hazırkı prezidentinə belə bir şans vermək istəmir.

Başqa bir məqam da var. Əgər Donald Tramp yenidən ABŞ prezidenti seçilsə, Avropa Birliyi Çin ilə daha yaxın münasibətlərin qurulmasına qərar verəcək. Bu ehtimal haqqında Avropalı siyasətçilər açıq danışırlar.

Çin prezidenti Si Tsinpin artıq 7 ildir ki, iqtidardadır. Bu müddət ərzində Çinin Avropada təsir dairəsi ciddi şəkildə genişlənib. Rəsmi Pekinin qlobal ambisiyaları da sürətlə inkişaf edir. AB-nin üçüncü ən böyük üzvü olan İtaliya bərbad vəziyyətdə olan iqtisadiyyatı üçün milyardlarla sərmayə almaq məqsədi ilə Çinin "Kəmər və Yol" infrastruktur layihəsinə imza atıb. Digər Avropa ölkələri də Çinlə əlaqələrin genişlənməsində maraqlıdır.

O da qeyd olunur ki, Çin nəhəng iqtisadi imkanlarından Avropa Birliyinin parçalanması üçün də istifadə etməyə çalışır. Şübhəsiz ki, avropalılar da bu təhlükəni görürlər.

Böyük ehtimalla demək olar ki, Avropa Birliyi ilə Çin arasında zirvə görüşü ABŞ-da prezident seçkiləri başa çatdıqdan sonra keçiriləcək. Avropa Birliyi ABŞ-ın, yoxsa Çinin yanında yer alacaq? Yalnız və yalnız Amerikada keçiriləcək prezident seçkisinin nəticəsi bu suala cavab verəcək...

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://www.dw.com/en/eu-china-summit-what-really-happened/a-53688837?fbclid=IwAR1ZCBE86S5FwZvQNrk4WE0j2YBHAs2SlT4PsW08PMNUQdBNh8QCxy5TGRg

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.