Avtoritar ölkələr Olimpiya oyunları üçün deyil

26-07-2014, 10:57   
İlk Avropa Olimpiya Oyunlarının avtoritar Azərbaycanda keçirilməsinə Ilham Əliyevi nə ruhlandırıb?

Leyla Yunus, Sülh və Demokratiya Institutunun Direktoru

Hörmətli xanımlar və bəylər! Sözsüz ki, aşağıda oxuyacaqlarınızın çoxu Sizə bəllidir. Ancaq Siz əsas insan haqları və demokratik azadlıqların kobudcasına pozulduğu avtoritar Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarını keçirmək barədə qərar qəbul etmisinizsə, deməli, hər şeyi bilmirsiniz...

Başlanğıcı ötən sayımızda

Insan alveri

2009-cu ildə Dəvəçi rayonunun polis rəisi və onun müavinin təşkilatçılığı ilə azyaşlı (7-14 yaş) Məcidova bacılarının oğurlanması nümunəsində DIN-in yüksək rütbəli zabitlərinin insan alverində iştirakı barədə istintaq protokollarının orijinalından istifadə edərək araşdırma dərc etmişdim. Polis zabitlərinin heç biri istintaqa cəlb edilmədi, SDI isə kəskin təzyiqə məruz qaldı: DIN rəhbəri məni böhtanda ittiham edib məhkəməyə verdi, SDI əməkdaşını oğurlamağa cəhd edildi. Beynəlxalq aləmin dəstəyi sayəsində nazir iddiasını geri götürdü, qızım və SDI əməkdaşının ailəsi Avropada sığınacaq əldə etdi...

Mülkiyyət hüququ

2009-2011-ci illərdə Bakının 60 mindən çox sakini qanunsuz olaraq öz mənzil və evindən məhrum edilib. Minlərlə bakılı “Avroviziya” mahnı müsabiqəsi nəticəsində evsiz qalıb.

SDI “Mülkiyyət hüququnun pozulmasının korrupsiya tərkibi - Corruption as Constituent in Violation of Property Right by Executive Agencies” araşdırması aparıb və onu vətəndaşları korrupsiya ilə mübarizə aparmağa, korrupsiya haqda məlumat verməyə çağıran prezident Ilham Əliyevin adına göndərib. Araşdırmanın nəticələri KIV-də də dərc edilib. 10 avqust 2011-ci ildə “Nyu-York Tayms” qəzetində mənimlə müsahibə dərc olunmuşdu. Növbəti gün - 11 avqust 2011-ci ildə SDI-nin, Qadın Krizis Mərkəzinin və Piyadalara qarşı Minaların Qadağan Edilməsi üzrə Azərbaycan Kampaniyasının ofisi yerləşən Yunus ailəsinin ofisi bütün əmlakı ilə birgə buldozerlə uçuruldu.

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində paytaxtda 80 min sakinin müliyyətinin qanunsuz olaraq məhv edilməsi nəzərdə tutulur. Artıq bakılıların evlərinin sökülməsinə başlanılıb.

Ədalətli məhkəmə hüququ

Prezident I.Əliyev 15 yanvar 2014-cü ildə Brüsseldə, 24 iyun 2014-cü ildə Strasburqda çıxış edərkən bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Bu bəyanat reallığa tamamilə ziddir. 8 iyul 2014-cü il üçün həbsdə 41 vicdan məhbusu və 68 siyasi məhbus olub.

SDI daim siyasi repressiya qurbanlarının siyahısını yeniləyir və bu siyahı hər zaman saytda ingilis dilində olur.

ABŞ və AB-nin diqqətini cəlb edən Ukrayna hadisələri Əliyevin avtoritar rejiminə Azərbaycanda qalan müstəqil KIV və QHT-ləri məhv etməyə başlamaq imkanı verib. SDI-nin “vicdan məhbusu” siyahısında arasında bunlar var:

- 11 jurnalist və blogger, o sıradan milli azlığın dilində yeganə qəzet olan “Talışın səsi” qəzetinin redaktoru Hilal Məmmədov, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu (qızı da məhkum edilib), Azərbaycanın əməkdar jurnalisti, Gerd Butserius mükafatı laureatı Rauf Mirqədirov, bloggerlər Rəşad Ramazanov, Əbdül Əbdülov və b.

- 5 hüquq müdafiəçisi, o sıradan Seçki Monitorinqi və Demokratik Tədqiqatlar Mərkəzi QHT-nin rəhbərləri Anar Məmmədli və Bəşir Süleymanlı. Onlar 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərinin saxtalaşdırılması barədə ciddi sübutlar (o sıradan videohesabatlar) təqdim edib.

- Çoxu ABŞ və AB ölkələrində təhsil almış 11 gənc fəal, o sıradan NIDA hərəkatının 8 üzvü. Saxlanan zaman və istintaq gedişində onlar işgəncəyə və başqa qeyri-insani davranışa məruz qalıblar.

- 2 müxalifət lideri: Ilqar Məmmədov - REAL hərəkatının lideri və Yadigar Sadıqov - Müsavat Partiyası sədrinin müşaviri.

Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması vətəndaşları ədalətli məhkəmə hüququndan məhrum edir və hər bir azadfikirli insan siyasi sifarişlə məhkum edilmək riski altındadır.

Qarabağ münaqişəsinin dinc yolla həllinə əngəl

Millətlərarası və konfessiyalararası ədavətin qızışdırılması

Bizim eradan əvvəl Yunanıstanda Olimpiya oyunlarının təşkilatçıları sülh və qarşılıqlı anlaşmanın, düşmən obrazını dağıtmağın necə vacib olduğunu anlayırdı.

Bu gün bunu unutmusunuz! Əks halda Olimpiya oyunlarını nəinki hər an qonşunun timsalında düşmən obrazını təbliğ edən, prezidentin isə müharibəyə çağırışlar etdiyi, eyni zamanda, sülh uğrunda hərəkat fəallarının, xalq diplomatiyası iştirakçılarının repressiyalara məruz qaldığı, təqib edildiyi, həbs edildiyi ölkədə keçirilmək qərarına necə gələ bilərdiniz? Bu barədə hər gün dünya mətbuatı yazır.

2014-cü ilin aprelin 19-da Azərbaycanın əməkdar jurnalisti, Gerd Butserius mükafatı laureatı Rauf Mirqədirov həbs edilib. Ona vətənə xəyanət, Ermənistanın xeyrinə casusluq ittihamı irəli sürülüb. Casusluq fəaliyyətinin sübutu kimi R.Mirqədirovun birgə erməni-Azərbaycan layihələrində iştirakı, o sıradan unikal birgə Azərbaycan-Ermənistan saytının (www.publicdialogues.info) işində iştirakı göstərilir.

Bu veb-saytda ciddi presssinqə məruz qalan, o sıradan erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri pisləyən “Daş yuxular” romanı yandırılan Əkrəm Əylisliyə dəstək kampaniyası başlanmışdı. Bu saytda SDI Azərbaycana, xristianlara, o sıradan ermənilərə nifrət tərbiyə edən tarix dərsliklərinin təhlilini dərc edib.

Bu saytda əl-ələ tutan Azərbaycan və Ermənistan qadınları birlikdə uşaqlarımızın dinc gələcəyi naminə müharibə və nifrətin təbliğatına etiraz edir.

Tarixdə ilk Avropa Yay Olimpiya Oyunlarının müasir Azərbaycanda keçirilməsi təkcə sülh, insanpərvərlik, hümanizm, qanunun təntənəsi və ədalət ideyalarına zidd olmaqla qalmır.

Bu, Olimpiadanın öz ideyasına həqarət və istehzadır.

Mən Sizi Bakıda Yay Olimpiya Oyunlarının keçirilməsi barədə qərara yenidən baxmağa çağırıram.

Ölkəmizin azad düşüncəli insanları və dünyada ədalət tərəfdarları qan və göz yaşları basmış avtoritar Azərbaycanda Olimpiya oyunlarının keçirilməsinə qarşı kampaniyaya başlayır.

Qeyd: Bu müraciət Avropa Olimpiya Komitəsinə(AOK) və AOK-un AB-dəki nümayəndəliyinə göndərilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.