O, 4-5 kq bal yeyib, 20-yə yaxın arə ailəsini məhv edib
Quba rayonunda fermer Əziz Ələkbərova məxsus şəxsi təsərrüfat ayı hücumuna məruz qalıb. Hadisə bu gecə Quba - Xınalıq yolunun 52-ci kilometrliyindəki Cek kəndi ərazisində qeydə alınıb. Əziz Ələkbərovun verdiyi məlumata görə, ayı təsərrüfatın fəaliyyət göstərdiyi sahəyə girərək burda olan arı pətəklərini məhv edib.
“Gecə qonaqlarım gəlmişdi. Burada yer az olduğundan onları qoyub getdim evə. Qonaqlar gecə ayı gəldiyini görüblər. Silahları olmadığından çölə çıxmağa çəkiniblər. Ayı da gəlib bir qıraqdan yeşikləri dağıdıb, balı yeyib gedib”.
Təsərrüfatın əməkdaşı Zəfər Əzizov isə hadisənin baş verdiyi gecə həyətdə hənirti eşitdiyini, amma ayıdan qorxaraq çölə çıxmadığını deyib.
“Gecə 5 radələrində ayının səsini eşitdim. Qaldığım yerin pəncərəsindən baxdım ki, ayı gəlib. Qorxdum, çölə çıxmadım. Səhərə kimi narahat yatdım. Oyananda gördük ki, arıxanada pətəkləri ayı dağıdıb. Arıxanaya ciddi ziyan vurub”.
20-yə yaxın arı ailəsini məhv edən ayı 4-5 kiloqram balı yeyərək ümumilikdə təsərrüfata 500 manata yaxın ziyan vurub.