ATƏŞ XƏTTİ: Tərtərdə yola mərmi düşdü, 2 ev dağıldı – FOTOLAR, VİDEOREPORTAJ
13-10-2020, 15:08
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı vəhşilik törətməkdə davam edirlər. Düşmən mərmiləri, raketləri Tərtər ərazisinə yağdırır.
Bir qədər əvvəl işğal olunmuş Dağlıq Qarabağın ərazisindən rayonun ərazisinə atılan mərmi həyət evinin bir addımlığına, yola düşüb, 2 evə ciddi ziyan dəyib, pəncərələr, dam örtüyü dağılıb. Mərminin düşdüyü yerdə yarım metr dərinliyi olan yuva açılıb.
Rayon sakini Zəminə Qurbanova “Yeni Müsavat”ın reportyoruna deyib ki, mərmi onun yaxınlığına düşüb və partlayıb: “Allah istədi ki, partlayış dalğası mən tərəfə, qəlpələr əks tərəfə getdi. Dalğa məni vurdu, yerə yıxıldım, şükür Allaha hər hansı bir xəsarət almadım. Ayağa qalxanda evimizin dağıldığını gördüm. Uşaqlar evdə olduğu üçün özümü tez evə çatdırdım, şükür Allahın böyüklüyünə, bizdən kimsənin burnu da qanamadı. Qonşumuzun da evi dağılıb, ermənilər ordumuzla bacarmır, mərmini əliyalın əhalinin evinə atır. Bizim evlərimizi, kəndlərimizi, şəhərlərimizi ağır toplarla vururlar. Allah Paşinyanın evini yıxsın, torpağımızı da işğal ediblər, evlərimizə də mərmi atırlar. Bu bizi qorxutmur, biz heç hara gedən deyilik”.
Qonşuluqda yaşayan və mərmi partlayışı nəticəsində evinin dam örtüyü dağılan Kamilə Məmmədova reportyorumuza deyib ki, mərmi düşəndə evdə olub: “Erməni atəşkəsə əməl etmir. Onlar bizə qənim kəsiliblər. 100 evimiz də dağılsa, ermənini Ermənistana qədər qovacaq ordumuz. Onlar qudurğanlıq, alçaqlıq edirlər. Bizim uşaqların, qocaların yaşadığı evlərə raket atırlar. Biz evlərimizdən gedən deyilik. Ali Baş Komandana, ordumuza arxayınıq, zəfər bizimdir, Qarabağ bizimdir!”
Qeyd edək ki, döyüşlərin 17-ci günü, 13 oktyabrda səhərə yaxın Ermənistan Silahlı Qüvvələri yalvararaq nail olduqları atəşkəsi Tərtər istiqamətində pozublar. Tərtər rayonu ərazisinə 2 raket atılıb. Bundan sonra ordumuz düşmənin mövqelərinə zərbələr endirməyə başlayıb. Bu yazı hazırlanana qədər düşmən Tərtər rayonunun ərazisinə 40-a yaxın mərmi atıb, 5 mərtəbəli yaşayış binası da daxil olmaqla 10 evə ziyan dəyib. Ötən 17 gün ərzində düşmən Azərbaycan ordusunun qarşısında aciz qalıb və bu acizliyi silahsız əhaliyə atəş açmaqla nümayiş etdirir. Hazırda Tərtər istiqamətində şiddətli döyüşlər gedir, düşmən mövqeləri ordumuzun şiddətli atəşi altındadır.
“Yeni Müsavat”ın Tərtər rayonuna ezam olunan Reportyor Qrupu xəbər verir ki, ötən müddət ərzində düşmən rayon ərazisinə 13 minə yaxın mərmi atıb. Nəticədə, 9 rayon sakini həlak olub, 39 nəfər yaralanıb. Rəsmi mənbələrdən aldığımız məlumata görə sentyabrın 27-i saat 6-dan bu saata qədər ermənilərin Tərtər rayonuna atdıqları mərmi və raketlə mülki sakinlərə məxsus 112 ev, 40 yardımçı tikili tamamilə dağılıb, 451 evə, 52 çoxmənzilli yaşayış evinə, 18 sosial obyektə, 7 istehsal sahəsinə, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Hazırda şiddətli döyüşlər davam edir.