Cəmiyyət də son 20 ildə ən yüksək səviyyədə döyüş ovqatına köklənib; ölkədə savaşa dəstək üçün böyük xalq yürüşü çağırışları dəstəklənir...
Cəbhə xəttində gərginlik davam edir. İyulun 31-dən başlayan intensiv atışmalar ötən gün də davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən gülləsindən Biləsuvar rayonundan hərbi xidmətə çağırılmış 29 yaşlı gizir Valeh Xosiyev yaralanıb. Gizirimiz hərbi hospitala yerləşdirilib. Nazirliyin başqa bir xəbərinə görə isə cəbhə bölgəsində iki əsgərin “silahla ehtiyatsız davranması” nəticəsində bir hərbçimiz ölüb, digəri yaralanıb.
Avqustun 5-də gecə saatlarından etibarən erməni silahlı qüvvələrinin cəbhə xəttində yenidən fəallaşması qeydə alınıb. Qazağın Kəmərli kənd sakinlərinin verdiyi xəbərə görə, ermənilər rayonun Qaymaqlı, Kəmərli kəndlərini və üzbəüz mövqelərimizi iri çaplı silahlardan atəşə tutublar. Atışma 4 saat - gecə saat 2-dən səhər 6-ya kimi davam edib. Dünən gündüz saatlarında isə erməni artilleriyası mövqelərimizə top atəşi açıb. Eyni zamanda hərbi helikopterlər Füzuli istiqamətində uçuşlar həyata keçirib.
****
Dünya ölkələri isə Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artmasından narahatlığını bildirib. ABŞ hökuməti münaqişənin hərbi həllinin mümkün olmadığını bəyan edib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki keçirdiyi son brifinqdə bildirib ki, bu münaqişənin hərbi həlli ola bilməz: “Biz ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün bütün tərəflərə dəstək verməyə çalışmışıq. Mən bu məsələ ilə bağlı komandamızla danışdım, bizim mövqeyimiz belədir ki, mövcud problemin həlli üçün dialoqların təşkilində hər cür səy göstərməyə, yardımçı olmağa həmişə kimi hazırıq”.
NATO da Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahat olduğunu açıqlayıb. “Trend”in məlumatına görə, bu barədə NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək. U.Lahue qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: “Münaqişədə gərginliyin yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir”.
****
Bu arada Ermənistan ordusunun iyulun 31-də Azərbaycan səngərlərinə qəfil hücuma keçməsi və ordumuzun 13 şəhid verməsi xalq arasında ciddi təpkiyə səbəb olub. Ölkə ictimaiyyəti, siyasətçilər, dövlət xadimləri, media, mədəniyyət xadimləri, ən mühüm sadə xalq kütlələri döyüş əməliyyatlarının bərpa olunması, torpaqların düşməndən təmizlənməsi üçün savaşın başlanması ilə bağlı çağırışlar edir. Eyni zamanda davamlı olaraq insanların hərbi komissarlıqlara, hərbi hissələrə müraciət edərək orduya yazılmaq istədikləri bildirilir. Ötən gün Tərtər rayonunda, eləcədə Ağdam rayonunda yerli sakinlər hərbçilərə müraciət edərək orduya yazılmaq istədiklərini bildiriblər. Analoji hadisələrin Bakıda və digər rayonlarda da yaşandığı deyilir. Eyni zamanda keçmiş döyüşçülər ölkə başçısına müraciət edərək ön cəbhəyə yollanmaq istədiklərini bildiriblər.
Hazırkı vəziyyətdə söhbət etdiyimiz ekspertlər birmənalı olaraq həm ordunun, həm də xalqın torpaqların azad edilməsi üçün yüksək əhval-ruhiyyədə olduğunu deyir. Bunu mediada gedən xəbərlər, sosial şəbəkələrdəki müzakirələr və son günlərdə keçirilən küçə sorğuları da təsdiqləyir. Bu mövzuda “Yeni müsavat”a danışan keçmiş baş nazir Pənah Hüseyn deyib ki, Azərbaycan cəmiyyəti son 20 ildə ən yüksək səviyyədə döyüş əhval-ruhiyyəsinə köklənib. Sitat: “Açığı, bu, son 20 ildə ilk belə hadisədir ki, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi yüksəkdir. O cümlədən cəmiyyətin digər təbəqələri, valideynlər, yaşlı insanlar, qadınlarımız ermənilərin bu həyasızlığından çox ciddi şəkildə hiddətlidirlər”.
P.Hüseyn təklif edib ki, indiki mərhələdə xalqın birliyini təmin etmək, o cümlədən xarici düşmənlərə ciddi mesaj vermək üçün Qarabağla bağlı xalq yürüşü keçirməyə ehtiyac var: “Sözün həqiqi mənasında biz vətən müharibəsi astanasına gəlib çatmışıq. Hətta bir çox yerlərdə təşəbbüs qaldırılıb ki, hansısa siyasi qüvvənin, o cümlədən hakimiyyətin tədbiri kimi deyil, 100 minlərin iştirakı ilə ümummilli bir aksiya keçirilsin. Xalqın bu tələbi bütün dünyaya, o cümlədən Azərbaycanın siyasi qüvvələrinə çatdırılmalıdır. Mən inanıram ki, belə bir çağırış olarsa, yüz minlərlə insan bu çağırışlara səs verər”.
Yada salaq ki, Azərbaycanda xalq yürüşü bir dəfə baş tutub və bu yürüş həm ölkə daxilində, həm də dünyada böyük rezonans doğurub. 2012-ci ilin fevralında paytaxt Bakıda 100 mindən artıq insan Xocalı faciəsinin 20 ili münasibətilə yürüşə qatılıb. Səssiz yürüş vasitəsilə bütün dünyaya Xocalıya ədalət mesajı verilib. Həmin yürüşdə ölkə başçısı da iştirak edib və bu hadisə ciddi rezonans doğurub.
Müşahidəçilərə görə, hazırkı situasiyada Azərbaycan xalqının birliyini nümayiş etdirmək, milli birliyi möhkəmlətmək və düşmənlərə, o cümlədən dünyaya Azərbaycan xalqının torpaq itkisi ilə barışmaq istəmədiyini nümayiş etdirmək üçün ən uyğun yol milli birlik yürüşüdür. Görünən odur ki, siyasi qüvvələr, o cümlədən ölkə müxalifəti torpaqların azad edilməsi naminə siyasi mübarizəni kənara qoymağa hazırdır.
* * *
Milli Məclisin üzvü Vahid Əhmədov deyir ki, hazırda yaranmış yüksək əhval-ruhiyyə işğal altındakı torpaqları azad etmək üçün fürsətdir: “Ermənilərin hücumuna məruz qalıb gənc övladlarımızı şəhid verməmizə baxmayaraq, xalq əzm nümayiş etdirdi, ordu ilə bir yerdə olduğunu göstərdi. Mediada, internet saytlarında, camaat arasında söhbətlərdə bunun şahidi olduq. Yəni elə bir dövr yaranıb ki, Azərbaycan öz torpaqlarını azad etməlidir. Bu əhval-ruhiyyə də çox yüksək qiymətləndirilməlidir. Mən hesab edirəm ki, nəinki yürüş keçirmək, ümumiyyətlə, torpaqlarımızın azad edilməsi üçün çox əlverişli şərait yaranıb. Çünki Ermənistan tərəfi Azərbaycan tərəfinə gözlənilmədən hücum edib, şəhidlər vermişik. Artıq dünyanın bir çox ölkə və təşkilatları bunu pisləyib. BMT müəyyən qərarlar verib. Yəni elə bir məqam yaranıb ki, biz indi istənilən an torpaqlarımızı azad edə bilərik. İkincisi isə Azərbaycanın hərbi qüdrəti, ordunun hazırlığı yüksək səviyyədə olduğu göz önündədir. Bu mənada nəinki yürüş, mən belə hesab edirəm ki, artıq Azərbaycanın öz torpaqlarını azad etmək vaxtı gəlib çatıb. Bilirsiniz, heç bir beynəlxalq təşkilat torpaqlarımızı almaqda bizə yardımçı olmayacaq. Tarixdə də elə fakt olmayıb ki, işğal olunmuş torpaqlar sülh yolu ilə geri qaytarılsın”.
Vahid Əhmədovun sözlərinə görə, ümumxalq yürüşünün təşkili torpaqların azad edilməsi istiqamətində bir addım olar: “Lakin eyni zamanda, fikrimcə, indiki vəziyyətdə, hazırda dünyada gedən proseslər də, Ukraynada baş verən hadisələr, yeni seçilmiş prezidentin işğal olunmuş torpaqları azad etməsi bir daha sübut edir ki, beynəlxalq aləmdə artıq bu yol da qəbul edilir. Azərbaycanın öz torpaqlarını azad etməsi üçün çox əlverişli imkan yaranıb”.
Deputat Fəzail Ağamalı da torpaqların döyüş yolu ilə azad edilməsinin tərəfdarı olduğunu bildirdi. Ancaq onun fikrincə, hazırda beynəlxalq şərait müharibə üçün münasib deyil: “Çünki Rusiya və ABŞ-ın savaşa hansı reaksiyanı verəcəyi aydın deyil”. Ancaq bütün bunlarla yanaşı, F.Ağamalı partiya sədri kimi torpaqların hərb yolu ilə geri qaytarılmasının tərəfdarı olduğunu və bunu hər zaman söylədiyini bildirdi: “Mən həmişə demişəm, çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqları bir nəticə verməyib. Əgər sülh danışıqları nəticə vermirsə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə məhkumuq”.