Bakıda tikinti mafiozu: “Proqress 2016” sakinlərə necə kələk gəlib? – Şok video
15-12-2020, 10:44
Bakıda tikinti mafiyasının qurbanları günbəgün artır. Hüquq-mühafizə orqanları onlarla mütəşəkkil səviyyədə mübarizə aparsa da, dələduz inşaat firmalarının, rəhbərlərinin sayı azalmaq bilmir ki, artmaqdadır. Reportyor.info-nun verdiyi xəbərə görə, belə şirkətlərdən biri “Proqress 2016” MTK-dır. Bu şirkət neçə ildir ki, payçıları aldatmaqdadır. Əldə etdiyimiz məlumatda deyilir ki, şirkətin faktiki sahibi, “Hayan E ” MMC-nin də hüquqi sədri olan Səməndərov Emil Tofiq oğlu mənzil sahiblərinə fırıldaqda gəlməkdə davam edir və havadarlarına güvənir. Bu özbaşınalıq və dələduzluq faktı istintaq tərəfindən təsdiqini taparsa, E.Səməndərovu uzunmüddətli dörd divarlıq hücrə həyatı gözləyir. Amma nə şirkət rəhbəri mənzil alan vətəndaşların problemini həll edir, nə də onu qoruyan “sehirli əllər” şikayətçilərin səsinin yuxarılara laızmi səviyyədə çatmasına imkan verir. Şikayətçilərdən birinin video müsahibəsində dediyinə görə, 2018-ci ilin dekabrında 39 min manat nağd ödəniş edərək “Proqress 2016” MTK-dan mənzil alıb.
Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E ” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış. Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb. Beləliklə, bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Faktiki şikayətçinin sözlərinə görə, bu, ciddi qanun pozuntusudur. Çünki bir müqaviləyə xitam verilməmiş, digəri imzalanıb. Reportyor.info məlumat verir ki, mənzili nağd aldığı üçün hazırkı ev sahibi hüquq predmetləri çərçivəsində mülkiyyətin ona aid olduğunu söyləyir. Sitat: “Ancaq indiyə qədər binaya mismar vurulmayıb, ailələr, körpəsi, yaşlısı olan adamlar kirayələrdə qalmışıq. Bizim ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından xahişimiz budur ki, binamız Emil Səməndərov və quldur dəstəsindən alınsın”. Eyni problemlə üzləşən digər payçı 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. Sakinlərin sözlərinə görə, “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bir mənzili bir neçə şəxsə satıb.
Bu da fırıldaq və dələduzluq əməli hesab edilir. Bakıda bir neçə şirkət rəhbəri belə ittihamla mühakimə olunub və ağır həbs cəzası alıb. Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti məsələdən məlumatlıdırlar. Amma nəticəsi yoxdur. “Biz neçə ildir ki, binanın təhvil verilməsini gözləyirik”, – deyə sakinlər gileylənirlər. Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır. Sakinlər deyirlər ki, Vətən müharibəsi günlərində susublar, problemi qabartmayıblar, Orduya, dövlətə dəstək olaraq bir müddət gözləyiblər. “Biz bina sakinlərinin siyahısının blokda lövhədə yerləşdirilməsini tələb etmişik. Amma yerinə yetirilməyib. Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur. Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib. \ AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi. Yeri gəlmişkən, “Proqress-2016” MTK-da mənzil alıb, ancaq mənzillərinə köçə bilməyənlər Korrusiyaya qarşı Baş Mübarizə İdarəsinin önünə toplaşıblar. Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb. Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər. Arifə Reportyor.info