Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

20 milyonluq villa tikən Zakir Həsənov şəhidləri bataqlığa gömüb: ailələri üsyan edir - Video

27-01-2021, 09:53   



Həyatın dəhşətli ironiyasına bax: müdafiə naziri Zakir Həsənov Bakının Yasamal ərazisində 20 milyonluq villa tikdirib. 
Amma Yasamaldan və digər yerlərdən olan şəhidlərimiz bu ərazidə yox, Qaradağın çöllüklərində, bataqlığında, urvatsız şəkildə dəfn olunub. 
Anaxeber.info-nu buna yazmağa məcbur edən fakt ötən axşam Qaradağdakı bataqlıqda basdırılan Vətən müharibəsi şəhidlərinin qəbirlərini su basması, bu səbəbdən ailələrinin etiraza qalxması, gecə saatlarına qədər gərginliyin davam etməsidir. 
Ağılasığmaz, hiddət doğuran mənzərəydi və bütün sosial şəbəkə bu hadisədən danışırdı, məzarlıqdan canlı yayım verilirdi. 
Şəhid ailələrinin bir tələbi vardı - məzarlar bu bataqlıqdan köçürülsün, Qarabağ savaşının qəhrəmanları II Fəxri Xiyabanda adlarına layiq dəfn olunsunlar. 
Z.Həsənovun özünə villa tikməyə layiq bilmədiyi həmin çöllük-biyabanlığı şəhidləri rəva görməsi qəzəb doğurmaya bilməzdi.
Ona görə də gecə saatlarına qədər vətən üçün canından keçənlərin yaxınları qəbiristanlıqdan çıxmır, üsyan edir, məmurları lənətləyir, harın və milyonçu balalarına alov püskürür, onlara öz aqibətlərini arzulayırdılar. 
Bütün bu qandonduran münasibəti və reaksiyaları ifadə etmək son dərəcə ağırdır, video kadrları baxmaq kifayət edir ki, şəhid ailələrinin nə hiss etdiklərini anlayasan. 

Ancaq nə məsul şəxslər, nə Müdafiə Nazirliyinin rəsmiləri özlərində bir güc tapıb bu rüsvayçılığa cavab verirlər. Hal bu ki, onlar elə gecəylə şəhidlərin uyuduğu məzarlığa gəlməli, izahat verməliydilər. 
Görüntülərdən aydın olur ki, qəbirləri su basıb, biabırçı vəziyyət yaranıb, qəbir daşlarını qaldıranda gölməçə ilə qarşılaşırsan. 
Bu da səbəbsiz deyil, o qəhrəmanları elə bir bataqlığa, kimsəsiz yerə gömüblər, heç düşmən bəlkə belə etməz. Bununla da şəhid ailələrinin yarasının üstünə sanki duz basıblar. 
Hərgah onlar dövlətdən diqqət, ehtiram gözləyir, məhz bu igidlərin sayəsində işğala son qoyulduğu üçün ölkənin ən mötəbər yerində dəfn olunmalarını istədikləri halda şəhidləri zibillikdə dəfn ediblər. 
Ən utandırıcı hal odur ki, şəhid ailələri müdafiə nazirinin əraziyə gəlməyini gözlədiyi halda Zakir Həsənov isti kabinetindən çıxmadı.
Şəhid ailələrinin sözlərinə görə, onlara ayrı-ayrı elçilərin diliylə müzakirə getdiyi, müşavirə olduğu xəbər verilib. Amma hələ ki köçürülmə prosesi barədə hər hansı rəsmi qərar yoxdur.
Anaxeber.info bildirir ki, şəhid ailələrinin üsyanı Azərbaycan adına başucalığı gətirmir. Ordusu qalib ölkənin şəhid ailələrinin, qazilərin problemlərinin günbəgün artması, narazılıqların, şikayətlərin çoxalması heç də hakimiyyətə divident qazandırmır. 
Əksinə, müharibədəki zəfərdən yığılan xalları xərcləməkdə olan siyasi hakimiyyət tezliklə bu boşluqları aradan qaldırmalıdır. 
Gah hərbçilərin maaşları azaldılır, gah şəhid ailələri, qazilər narazı salınır, gah da şəhidlərin plakatları sökülür. 
İndi də məlum olur ki, bu azmış kimi şəhidləri Qaradağın künc-bucağında, hansısa palçığın, bataqlığın içində basdırıblar. Z.Həsənov bu faktdan sonra istefa verməliydi! 
Ümumiyyətlə, bu “ideya” kimin ağlının məhsuludur? Hansı məntiqlə, şüurla qərara gəlinib ki, şəhidləri belə yerdə dəfn etsinlər?! 
Ən dəhşətlisi budur ki, ermənilər Xocavənddə faşist Qaregin Njdeyə abidə ucaldıblar, bizimkilər isə şəhidləri harada torpağa tapşırıblar. 
Bu, biveclikdir. Bu, özbaşınalıqdır. Bu, saymazlıq, təhqir, şəhid ailələrini dövlətin və onun rəhbərliyinin üstünə qaldırmaqdır, təxribatdır.
Ölkənin müdafiə naziri Zakir Həsənov həmin ailələri qəbul etmir, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov villasında dincəlir, şəhid ataları, anaları isə gecənin soyuğunda qəbiristanlığı tərk etmirlər, balalarının məzarlarını su basmasına görə hesabat tələb edirlər. 
Onlar xüsusi imtiyaz, ev və ya sərvətdən pay istəmir. Onlar övladlarının əbədi olaraq rahat uyumaları üçün normal bir məkan istəyirlər. 
Bu, onların ən doğal haqqıdır. Torpaq üçün ölən oğullar bu torpaqda ən gözəl yerdə uyumalıdırlar, yad edilməlidirlər, qarşısında baş əyməliyik, gələcək nəsillərə nümunə göstərməliyik. Ancaq bataqlığa dəfn edilməklə  şəhidə indidən hörmət qoyulmursa...Söz bu yerdə susur!
Anaxeber.info-
Turan





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar