Atatürk Azəbaycanı ruslara təslim etdimi?

12-08-2014, 10:41   
Atatürk Azəbaycanı ruslara təslim etdimi?Onun ofisi İstanbulun ən tanınmış yerlərindən olan Üsküdar bölgəsindəki Osmanlı Mərkəzində yerləşir. Türkiyənin ən tanınmış, özəlliklədə cəsarətli fikirləri ilə böyük bir kəsimin rəğbətini qazanmış , 100-lərlə kitabın müəllifi professor-doktor Kadır Mısıroğlu ilə görüşürük. Həyatının önəmli bir hissəsini Osmanlı tarixini araşdırmaqla keçirən bu böyük alimin iş otağı başdan-ayağa arxivdir. Çox az tapılan kitablar, çeşidli əlyazmalar, müxtəlif sənədlərlə dolu olan otaqda danışdıqca dediklərini sübut etmək üçün bəzən axtardığı sənədləri belə tapmaqda çətinlik çəkir.

"Hələ bura mənim iş otağımdır, buna baxmayaraq sənədlərin çoxluğundan bəzən lazım olanları tapmaqda çətinlik çəkirəm. 150 kvadratmetirlik evim də kitablar, əlyazmalarla doludur. Artıq evdə belə gəzməkdə çətinlik çəkirəm."

Azərbaycandan gəldiyimi və müsahibə almaq istədiyimi bilincə, "Qardaşım mən nə müsahibə verim ? Bəs tamamlamadığım kitabları nə vaxt yazım ?" deyir. Lakin təkid edincə, danışmağa başladı. Kadır Mısıroğlu müsahibəyə sığacaq bir insan deyil. Yəni jurnalistlərin adət etdiyi kimi sən sual verirsən, müsahibin cavab verir qaydasından uzaq bir elm adamıdır. Heç bir sual vermədən özü başladı.

"Türklər Azərbaycanı satmadı. 1920-ci ildə Azərbaycanı ruslara kim satdığını sizə söyləyəcəm. 1966-cı ildə, Trabzonda bir toplantıdaydım. Toplantıda iştirak edən və çıxış edən bir azərbaycanlı 1920-ci ildə rusların Azərbaycanı işğal etməsində Osmanlı dövrünün böyük hərbçilərindən olmuş Xəlil paşanı ittiham etdi. Bildirdi ki, "Qızıl Ordu" Azərbaycana girən zaman türklər azərbaycanlılara kömək etməyib.

Çıxış edən insanın Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Qarabağdan olan deputatı Məhəmməd Sadiq Aran olduğunu öyrəndim. Sonra mən çıxış etdim. Açıqca söylədim ki, Azərbaycanın özgürlüyünü ruslara Müstafa Kamal Atatürk təslim etdi. O, mənə etiraz etdi. Toplantıdan sonra görüşdük və dediklərimi əsaslandıran sənədləri ona göndərəcəyimi dedim. Bir müddətdən sonra , ona xəbər göndərsəm də, xəstəxanada olduğunu öyrəndim. Bir qədər sonra, özüm onun arxasınca getdim və AXC dönəminin tanınmış isimlərindən olan Məhəmməd Şərif Əfəndizadənin "Azərbaycan İnqilabı" kitabını, bir də Mustafa Kamalın "Yeni Gün" qəzetində dərc olunmuş bəyanatını ona təqdim etdim. Ağladı və Məhəmməd Şərif Əfəndizadənin Cümhuriyyət Parlamentində onun kimi Qarabağdan millət vəkili olduğunu söylədi. Bilirsinizmi, həmin kitabda və Mustafa Kamalın bəyanatında nə vardı? Məhəmməd Şərif Əfəndizadənin kitabında Xəlil paşa ilə söhbəti vardı. Əfəndizadə Xəlil paşadan niyə rusların Azərbaycana hücumu zamanı Nuru paşanın rəhbərlik etdiyi ordunun müdaxilə etmədiyini soruşur. Xəlil paşa isə onun bu işlə bir əlaqəsinin olmadığını , o zamanlar artıq dövlətə rəhbərlik edən Müstafa Kamalın belə bir əmr verdiyini deyir. "Yeni Gün" qəzetində isə Mustafa Kamalın Azərbaycanla bağlı bəyanatı dərc olunmuşdu. Bəyanatda AXC hökumətinin ingilis yanlısı olduğu və rusların Azərbaycanı ingilislərin əlindən alandan sonra, Türkiyəyə köməyə gələcəyi bildirilir. Əsl həqiqəti görüncə, Məhəmməd Sadiq Aran belə bir söz dedi: "Siz məni ayıltdınız. Mən də Azərbaycanı satanları özümə dost bilirdim.""

Mustafa Kamaldan sonra, hakimiyyətdə olmuş İsmət İnönünün də Azərbaycana qarşı sərt bir mövqedə olduğunu deyən Kadır Mısıroğlu Türkiyənin ikinci prezidenti olmuş İnönünün Qarabağ ermənisi olduğunu iddia edir:

"İnönü ikinci cahan savaşı dönəmində Stalin rejimindən qaçaraq sərhədi keçən 400-dən çox azərbaycanlı aydını ruslara təslim etdi. Ruslar onları sərhədi keçən kimi türk əsgərlərinin gözü önündəcə güllələdi. Çünki, İnönü milliyyətcə Qarabağ ermənisi idi. Mənim əlimdə bunları sübut edəcək çoxlu sayda sənədlər var."

Kadır Mısıroğlunun fikirincə, Azərbaycana ən böyük zərbə hər zaman İrandan gələ bilər.

"Azərbaycan bir coğrafiya adıdır, Anadolu kimi. Azərbaycan torpaqlarının böyük bir hissəsi İran işğalındadır. Azərbaycanın əsl paytaxtı Təbrizdir və bu şəhər də İran işğalındadır. Bakı sonradan mərkəz olmuş. İran bu səbəbdən də Qarabağ savaşı dönəmində də , indi də Ermənistana yardım edir. Məhz blokadada olan Ermənistanı İran enerji və digər təzhizatlarla təmin edib və edir. Ümumiyyətlə bu ölkə bir fitnə diyarıdır."

Türkiyədəki prezident seçimlərindən danışan Mısıroğlu siyasətçi deyil, bir tarixçi olduğunu, fəqət ölkəsinin bu dönəminin qürurverici olduğunu deyir.

"Türkiyədəki prezident seçimlərini belə dəyərləndirərdim. Osmanlının ən son və ən mağdur sultanı Abdulhəmidin devrilməsinə cavab olaraq Ərdoğanı prezident seçdik. Ərdoğanın seçilməsi bir başlanğıcdır. Bunun davamı da gələcək İnşallah. Türkiyə artıq Osmanlı dönəmindəki o şanlı günlərinə dönür. "
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.