Sərkisyanın aqressivliyinin bəsit sirri - Putin onu “yükləyib”; 3 prezidentin məlum görüşündə “gizli fayl”var; 3 günlük müharibə və Ermənistan cəmiyyəti - sındırılmış “qalib” xalq; ermənilərə qarşı savaş gözlənilən halda, Azərbaycan iqtidarı niyə daxildə həbsləri böyütdü...
Siyasi gündəmdə cəmi bir neçə məsələ var. Ermənilərlə savaş - olası müharibə, Soçi danışıqları, son həbslər və bir az da Ərdoğanın Türkiyədəki növbəti qələbəsi...Bu mövzulara dair xəbərlərə olan oxucu münasibəti maraqlı ipucları verir: ictimai rəy daha çox müharibə mövzusuna kilidlənib və həbslər, siyasi gəlişmələr onu az maraqlandırır.
3 günlük müharibənin yenidən doğduğu Azərbaycan
Ermənilərin təxribatı nəticəsində başlayan və 3 gün davam edən silahlı qarşıdurma çoxları üçün gözlənilməz bir gerçəyi ortaya çıxartdı. Xalqımız müharibə istəyirmiş! Həm də istəmək azdı - müharibəyə hazırdır, onun qaçılmaz olduğunu qəbul edir, ən əsası, iştirakçı olmağa razıdır! 3 gündə 15 şəhid xəbəri alan cəmiyyət sınmadı, qorxmadı; ehtiyatlanmadı, ümidsizlik əlamətləri göstərmədi. Çox yuxarı göstəricilərlə tam tərsi müşahidə olundu. Müxalifətin, bir sıra ekspertlərin illərdir iddia etdiyi “iqtidar millətin ruhunu məhv edib, onu təsirsizləşdirib, vətənpərvərlik ruhunu sındırıb” tezisi yanlış çıxdı. Həm də bu qədər düşmənçiliyə, qarşıdurmaya rəğmən, müxalifətin özünün - liderləri daxil - baş verənlərə cəmiyyətdən fərqli reaksiya göstərməməsi düşündürücü idi. Yorğun düşmüş, incidilmiş, siyasi səhnənin bir küncünə sıxışdırılmış müxalifət də daxil, xalqımız Qarabağdan vaz keçməyibmiş!!!
“Ermənilərə qarşı ciddi hərbi əməliyyatlar gələn ilin payızının ilk aylarında - Bakıda planlaşdırılan Avropa Olimpiya Oyunlarından dərhal sonra başlayacaq”
Əlbəttə ki, biz qəzetçilər bunu bilirik, xalqın həssas nöqtələrindən xəbərimiz var; olmasa zatən qəzetçilik yapa bilmərik, təqdim etdiyimiz məhsula oxucu tapa bilmərik. Lakin onu gördük ki, həm iqtidar, həm də müxalifət cəmiyyətdən, xalqdan bunca reaksiya, dəstək, birlik və ermənilərə münasibətdə qatı aqressivlik gözləmirmiş. Onların birinin ifadəsi ilə desək, 3 günlük müharibədən yeni xalq doğuldu. Lakin ortadakı acı gerçəklik nədir? Nə iqtidar, nə də onun müxalifəti müharibəyə hazır deyilmiş. Ən azı, xalq qədər hazır deyilmiş. Ona görə də olmadı.
Ancaq bilirik ki, müharibə hazırlıqları aparılır və iqtidarın planına görə ermənilərə qarşı ciddi hərbi əməliyyatlar gələn ilin payızının ilk aylarında - Bakıda planlaşdırılan Avropa Olimpiya Oyunlarından dərhal sonra başlayacaq. Hazırda aktual olan şayiələrdən birinə görə, “Ordunu hazırla, ilyarım sonra erməniləri torpaqlardan qovuruq” mesajını da prezident yeni müdafiə nazirini təyin edərkən ona bir saylı tapşırıq kimi verib.
3 günlük müharibə və Ermənistan cəmiyyəti - sındırılmış “qalib” xalq...
3 günlük müharibə Azərbaycan cəmiyyəti ilə bərabər, Ermənistan cəmiyyətini də açdı və hamı hər şeyi gördü. Əgər Azərbaycan cəmiyyəti, öz ordusuna münasibətdə bir xalq dəstəyi modeli ilə səhnəyə çıxdısa, müharibə, torpaqların azad edilməsi tələbini irəli sürdüsə, ermənilərdə bunun tam tərsi müşahidə olundu. Onlar nümayiş keçirib, sülh istədiklərini bəyan etdilər və öz hakimiyyətlərinə istefa istədilər. Doğrudur, bu tələbə onlar Azərbaycan və Rusiya prezidentlərini də əlavə etmişdilər. Lakin məsələ ortadadır. Erməni cəmiyyəti, xalqı olası müharibəyə hazır deyil, ondan qorxur və başlasa, Ermənistanda üsyan çıxacaq, mövcud hakimiyyət devriləcək. Bütün meqa- projelərdən kənarda qalan Ermənistan aclıq həddinə gəlib çatıb və onun müharibə üçün heç bir resursu yoxdur. 3 günlük müharibənin dünyaya və tərəflərə verdiyi ən qiymətli məlumatlardan biri də budur.
Erməni ilə sülh, barış mümkün deyil...
Ortaya çıxan ciddi gerçəklikdən biri də budur: bizim ermənilərlə qalıcı sülh əldə etməmiz mümkün deyil. Azərbaycanlılar torpaqlarının işğalı ilə barışmırlar, ermənilər də həyasızcasına işğal etdikləri torpaqlardan çıxmırlar. “Sülh olsun, birgə dolma bişirək” (İrəvandakı mitinqin şüarlarından biri budur) deyirlər, lakin özxoşlarına torpaq vermək istəmirlər. Donuz misalı, onları buna vadar etmək xalq olaraq azərbaycanlıların borcudur. Bu baxımdan, iki milləti necəsə barışdırmaq, dinc yanaşı yaşamaq modelinə qaytarmaq yaxın illərdə mümkün olmayacaq. Buna görə də hər kəs gələcəyə yönəlik planlarına yenidən baxsa yaxşıdır - regionda silahlı əməliyyatlar (ən yaxşı halda), ya da müharibə qaçılmazdır.
Bəs, Sərkisyan niyə “o cür” danışır
Soçi görüşünə dair hakimiyyət texnoloqlarının aydın və inandırıcı təhlili, təqdimatı olmadığı üçün, cəmiyyət anlaya və qərar verə bilmir: Bu görüş Azərbaycana nə verdi, kimin xeyrinə oldu, kimin prezidenti uddu... Hər ağızdan bir avaz gəlir. Bütün siyasət mühəndisləri müdrik pozada, qaşlarını çataraq, təhlil verirlər. Hamısı da nafilə. Çünki ortada məlumat yoxdur, ya da yox kimidir. Bu prosesdə ölkəmiz üzrə məlumatlı şəxs yalnız Azərbaycan prezidentidir. O da səfər gediş-dönüşündə brifinqlər keçirmir, mediaya danışmır və ona görə də ondan məlumat çıxartmaq mümkün olmur.
“Putinin strateji maraqları onu tələb edir ki, Azərbaycan Avrasiya və Gömrük ittifaqları layihələrində Rusiyanın yanında olsun; ən azı, Qərbin intriqalarında yer almasın. Əks halda, onun həyatının layihəsi olan Avrasiya və Gömrük ittifaqları alınmayacaq!”
Ermənistan prezidenti isə özünü qəribə aparır. İnformasiya texnoloqları, analitiklər üçün əslində Sərkisyandan, onun dil və bədən hərəkətlərindən çox məlumat verən ikinci obyekt yoxdur. Erməni prezident özünü görüşdə də aqressiv apardı - sanki bu, ona lazım idi... Daha sonra isə “vurram, dağıdaram” tipli qudurğan açıqlamalar verməyə başladı. Lakin incə bir məqam var! Hər bir aqressiya mətninin təhlili ortaya fərqli məzmun çıxarır. Erməni prezident aqressiv, hay-küylü bəyanatların arxasınca gerçək durumu göstərən bir, ya da iki cümlə işlədir. Bu da istisnasız, sülhlə, konfliktin danışıqlar yolu ilə həll edilməsi ilə bağlıdır. O, “yüklənmiş”, “otuzdurulmuş” birisi kimi, gerçək halını gizlədənə bənzəyir.
Təmkinini itirməsinin səbəbi də bu ola bilər. Sərkisyan və onun rəhbərlik etdiyi Ermənistan elə bir nöqtəyə gəlib ki, bundan belə “burcutmaq” mümkün deyil. Əsaslı bir güzəşt olmasa, onları müharibə gözləyir. Və ermənilər son 20 ildə ilk dəfə gördülər ki, Azərbaycan xalq və dövlət olaraq, bu müharibəni başlatmağa, udmağa hazırdır.
Gəzən dəhliz söhbətlərində də vurğulanır ki, Rusiya prezidenti də bütün bunları ona “başa salıb”. Və Sərkisyanı da məhz o “qruzit eləyib”. Müharibə çıxarsa, Rusiyanın loyallığının mümkün olduğunu açıq söyləyərək, onu konstruktivizmə dəvət edib. Çünki Putinin hazırda strateji maraqları onu tələb edir ki, Azərbaycan Rusiyanın yanında olsun, ən azı, Qərb planlarında və intriqalarında Putinin qarşısında olmasın. Əks halda onun həyatının layihəsi olan Avrasiya və Gömrük ittifaqları alınmır!
Azərbaycan tərəfi isə durumu dəyərləndirərək, Putinin qarşısına bir arqumentlə çıxır: Azərbaycan torpaqlarını işğal edən ermənilərlə bir ittifaqda ola bilməz! Əgər olmamızı istəyirsinizsə, torpaqların qaytarılmasında ədalətli mövqedən iştirak edin!
Soçi görüşü bu arqument-tələbin işləməyə başlamasının nümayişi idi. Sərkisyan orada və ondan sonra tərbiyəsizlik edə, kəskin danışa bilər. Bu, heç nəyi dəyişmir. Ermənilər güzəşt etməlidirlər, əks halda Putinin planının qarşısını kəsirlər və onu siyasi iflasa sürükləyirlər. Rusiya özü də ilk dəfədir ki, belə bir naqolay duruma düşür. Azərbaycansa, ilk dəfədir ki, belə bir böyük fürsətlər yaxalamış olur...
“İndi hakimiyyət heç müqavimət olmadan QHT sektorundakı müstəqilləri, ”vətən xainləri"ni damlamaqla məşğuldur... Məsələnin maraqlı tərəfi budur ki, prosesə ictimai maraq və qınaq sıfır səviyyəsindədir"
Danışıqlar masasına qədər hər şeyi danışmışdılar
Prezidentlərin rəsmi görüşü dekorativ xarakter daşıyırdı. Hər kəs bəyanatını verdi, şəkil çəkdirdi, bir az da lafladılar, dağılışdılar. Lakin Putinin də orada verdiyi açıqlamadan məlum olduğu kimi, bütün danışıqlar rəsmiyyətdəkindən bir gün əvvəl aparılıb, məsələlər həll olubmuş. Bu baxımdan, nümayiş olunan teatr maraqlı deyildi. Bütün maraq ondan bir gün əvvəl baş verən üçlü, qeyri-rəsmi söhbətdə ola bilərdi. Onu da məlum səbəblərdən nümayiş etdirmədilər.
Qərbin ehtiyatlı yaxlaşımı
Baş verən prosesi Qərb paytaxtları narahatlıqla izlədi. Xırda, təqdiredici bəyanatlar oldu. Lakin narazılıq göz önündədir. Qərbdə hesab edə bilərlər ki, Azərbaycan dünyanın indiki halında Putinə ciddi kart-blanş verilməsində iştirakçı oldu, onun fərqli səhnə və müstəvidə güclü gediş etməsinə, oynama imkanı qazanmasına yardım etdi. Haqsız sayılmazlar. Lakin baş verən proses Azərbaycanın çıxarları istiqamətində idi və bizcə prezident Əliyev Soçiyə getməkdə düz etdi.
Fürsət bu fürsət - Vətən müharibəsi modelinə keçmək!
3 günlük müharibənin səhnələşdirilməsi ortaya başqa bir məlumatı da çıxartdı. Hansısa yolla Azərbaycan hakimiyyəti olası hərbi əməliyyatlara Rusiyanın loyallığını ala bilib. Bunu ermənilərə də anlatdılar. Bizə elə gəlir ki, yaxın zamanlarda bütün erməni xalqını “başa salacaq” yeni arqument-əməliyyatın olması da mümkündür. İstək budur ki, ermənilər qansınlar - güzəşt eləməsələr Azərbaycanın qələbəsi ilə nəticələnə biləcək müharibə alacaqlar.
Azərbaycan cəmiyyətinin illərini siyasətə verən önəmli simaları (bu illərdən bir neçəsi də ermənilərlə müharibəyə milli müqaviməti təşkil etmək yolunda xərclənib) 3 günlük müharibə dövründə əksəriyyətlə özlərini dəyanətli apardılar. Bu sırada Müsavat başqanı İsa Qəmbəri və onun kritik mesajlarını xüsusi dəyərləndirmək lazımdır.
Təklif olundu ki, hakimiyyət çəkinməsin; Vətən müharibəsi modeli ilə torpaqların azad edilməsi istiqamətinə hərbi əməliyyatlara, əks-hücuma start versin. Cəmiyyətdən gələn səslər də bunu istəyirdi. Bu, o deməkdir ki, xalq da, siyasi qüvvələr də məğlubiyyət sindromundan çıxıblar, onların gözü “erməniləri yeyir”, əks nəticələrdən qorxmurlar və ən əsası, Silahlı Qüvvələrə, onların ermənilərə qələbə çala biləcəyinə inanırlar. Baxmayaraq ki, savaş üçün “fürsət bu fürsət” deyənlərin bir çoxu ordunu, iqtidarı kəskin şəkildə və illərlə tənqid edənlərdir.
Şəhidlərin dəfnindən hazırlanan bütün video-süjetlərə baxdıq, incələdik. Azərbaycan cəmiyyəti ruh etibarı ilə o vəziyyətdədir ki, elə oradaca, Azərbaycanın bir neçə kəndində həyata keçirilən dəfn mərasimindəncə 8-10 min nəfərlik könüllü qoşun düzəltmək olardı. Ağdamda isə şəhidi torpağa verən insanlarımız hayqıra-hayqıra erməni silahlı qüvvələri olan səmtə yürüyüblər. Yalnız hərbçilərin, polisin müdaxiləsi ilə bu əliyalın, bu qəzəbli, amma haqlı xalq yürüşü durdurulub. Lakin ondan çıxan böyük nəticə ortalıqdadır. Azərbaycan xalqı növbəti vətən müharibəsi iştirakçısı olmağa heç bir tərəddüdü olmadan, hazırdır.
İqtidar niyə repressiyalara başladı?
Hakimiyyətsə bu arada illərlə dözdüyü, toxunmadığı adamları da tutmağa başlayıb. Daha çox Qərb ölkələrinə bağlı olan fiqurlar, təşkilatlar hədəfə alınıb. Müxalifətlə hələlik işi yoxdur - lakin müxalifətin özünün də işi yox kimidir. Düşərgədaxili münasibətlər elektoratın gücünü bir araya gətirməyə imkan vermir. Liderlər də, səngərdən çıxmaq üçün xüsusi həvəs göstərmirlər. Aydın məsələdir ki, hər kəs meydanlara çıxmağa fürsət yaradan 2015-ci il i - parlament seçkilərini gözləyir və o zamana qədər “sağ qalmağı” hədəfləyir.
Bu baxımdan, indi hakimiyyət heç müqavimət olmadan QHT sektorundakı müstəqilləri, “vətən xainləri”ni damlamaqla məşğuldur. Sanki Qərblə özü işləyəcəkmiş kimi, “şərikləri” amansızlıqla sıradan çıxarır. Məsələnin maraqlı tərəfi budur ki, prosesə ictimai maraq və qınaq sıfır səviyyəsindədir. Cəmiyyət bu sektoru bilmir və bilsə də, onu sevmir. Üstəlik, Qərb paytaxtlarından da xüsusi fərqlənən təpki müşahidə edilmir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bunu yay fəsli ilə, dünya çaplı demokratların tətilə çıxması ilə əlaqələndirir. Lakin Qərb paytaxtlarındakı beynəlxalq miqyaslı təsisatların, insan haqları sektorunun fəaliyyət mexanizmlərini bilənlər anlayar - bu, ümumiyyətlə arqument deyil.
Bəs, hakimiyyət ona heç də siyasi rəqabət funksiyası daşımayan bu “qrantayed”ləri niyə tutur? Bu, onun nəyinə lazımdır? Və bu proses haraya qədər davam edəcək?
Maraqlı suallardır. Lakin onun cavablarını yazmağa qalxışsaq, daha bir səhifə lazım olacaq. Bunu da növbəti yazımıza saxlayaq.