10-yaşlı Nərminin ölüm işi: ‘Bu qədər haqsızlıq, ədalətsizlik olmaz axı…’

3-02-2021, 08:54   





Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitin yandırılmasında suçlanan İlkin Süleymanov haqqında yenidən həbs qərarı çıxarılıb. Fevralın 1-də Nəsimi rayon Məhkəməsində Baş prokurorun onunla bağlı təqdimatına baxılıb.
Təqdimatda göstərilib ki, bu iş üzrə istintaq araşdırmaları başa çatmayıb, bu üzdən İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətinin daha dörd ay uzadılmasına ehtiyac var. Məhkəmə də təqdimatı təmin edib və İ.Süleymanovun ilkin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha dörd ay artırılıb.
Qapalı keçirilən məhkəmə iclasında İ.Süleymanov özü də iştirak edib. O, günahsız olduğunu, uşağın ölümünə heç bir aidiyyəti olmadığını vurğulayıb, həbsdən buraxılmasını istəyib.
İ.Süleymanovun vəkilləri onun həbsdə saxlanma müddətinin növbəti dəfə uzadılması haqda məhkəmə qərarının qanunsuz və əsassız olduğunu deyir.

“Heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar”

47-yaşlı İ.Süleymanov 2020-ci ilin yanvarından həbsdədir. Cinayət Prosessual Məcəllənin 159.7 maddəsinə əsasən, istintaq dövründə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti 13 aydan çox ola bilməz. Amma istisna hallarda – işin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu istintaqı gecikdirərsə, bu halda müddət 6 aya qədər uzadıla bilər. Bundan ötrü Baş prokuror və ya onun birinci müavini məhkəməyə təqdimat verməlidir.
Vəkil Əlibaba Rzayev bildirib ki, artıq 13 aydır həbsdə saxlanan İ.Süleymanovun işində müddətin uzadılması üçün hüquqi əsas yoxdur. Çünki qanunun müəyyənləşdirdiyi istisna halların heç biri bu işə aid deyil: “Bir nəfər təqsirləndirilən şəxs var. İş materiallarının həcmi də həddindən böyük deyil, bir cinayət epizodundan söhbət gedir. 13 ay bu iş üzrə istintaqı yekunlaşdırmaq üçün yetərli idi. Sadəcə, istintaqın əlində İlkinin təqsirliliyinə dair heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar. Əgər cinayəti gerçəkdən İlkin törətmiş olsaydı, bu müddətdə yüzlərlə sübut tapmaq olardı”.
Ə.Rzayev deyir ki, istintaq İ.Süleymanovu sübut yetərsizliyinə görə həbsdən buraxa da bilmir. Çünki onun həbsinin ilk günlərində Baş Prokurorluğun o dövrdəki rəhbərliyi cinayətin üstünün açıldığını, İ.Süleymanovun olayı etiraf etdiyini bildirmişdi: “İndi buraxılsa, sual yaranacaq ki, sübutlar yox idisə, İlkin niyə həbs olunmuşu?”.

“Onlarda o uşağa aid heç nə yoxdur”

Vəkil növbəti 4 ay ərzində də mötəbər sübutların ortaya qoyulacağını düşünmür. İstintaq davam etdiyinə görə bir çox məsələləri hələ açıqlaya bilmədiyini deyən müdafiəçinin sözlərinə görə, işdə 20-dən çox ekspertiza rəyi var. Onların da bir çoxu İ.Süleymanovun təqsirsizliyinə dəlalət edir.
Ə.Rzayev müvəkkili haqqında həbs müddətinin daha 4 ay artırılmasına dair məhkəmə qərarından apellyasiya şikayəti verəcək.
İ.Süleymanovun yaxınları da istintaqın uzanmasından narazıdır.
“Evdən çarpayı, palaz və başqa şeyləri aparıblar ki, ekspertizadan keçirsinlər. Bir ildir, xəbər yoxdur. Çünki onlarda o uşağa aid heç nə yoxdur, ola da bilməzdi. Amma uşağın meyitini cəmi 3 saata ekspertizadan keçirib, tələsik dəfn elədilər”, – İ.Süleymanovun yaxınları belə deyir.
Qardaşı Adil Süleymanov bildirib ki, məhkəmənin qərarı onlar üçün gözlənilməz olmadı. Amma ədalətli qərara inanmasalar da, son ümidlərini də itirməmişdilər: “Bu qədər də haqsızlıq, ədalətsizlik olmaz axı…”.
Azadlıq radiosu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.