Tovuzda 10 yaşlı qızın qətli: Bilmirik ki, anasını da aldadıblar, yoxsa qəsdən belə deyir...
11-02-2021, 09:32
“Qonşularə saxta ifadələr verməyə məcbur ediblər” Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı istintaq 13 aydır ki, davam edir. Bir həftə öncə Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsi azyaşlının qətlində ittiham olunan İlkin Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətini daha 4 ay artırdı. İ.Süleymanovun vəkillərinin həmin qərardan verdiyi şikayətə fevralın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib, İ.Süleymanovun istintaq dövründə həbsdə saxlanma müddətinin daha dörd ay artırılması haqda qərar qüvvədə saxlanılıb. Məhkəmə iclasında İ.Süleymanov özü də iştirak edib. O bildirib ki, həbs olunması da, daha sonra həbs müddətinin uzadılması da qanunsuzdur. Çünki onun bu cinayətə heç bir aidiyyəti yoxdur. İ.Süleymanov vurğulayıb ki, 13 aydır heç bir təqsiri olmadan həbsdə saxlanılır. 47 yaşlı İ.Süleymanov 2020-ci ilin yanvarından həbsdədir. Cinayət Prosessual Məcəllənin 159.7 maddəsinə əsasən, istintaq dövründə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti 13 aydan çox ola bilməz. İstisna hallarda – işin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu istintaqı gecikdirərsə, bu halda müddət 6 aya qədər uzadıla bilər. Bu halda da uzatma üçün Baş prokuror məhkəməyə təqdimat verməlidir. “İşi məhkəməyə göndərmək üçün sübut yoxdur” Vəkil Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, artıq 13 aydır həbsdə saxlanan İ.Süleymanovun işində müddətin uzadılması üçün hüquqi əsas yox idi. Çünki qanunun müəyyənləşdirdiyi istisna halların heç biri onun işinə aid deyil: “İstintaq xüsusilə ağır cinayətdə belə, 13 aydan artıq davam edə bilməz. Ya bu müddətdə araşdırmaları yekunlaşdırıb işi məhkəməyə göndərilməlidilər, ya da şəxs həbsdən azad edilməlidir. Bunlar nə onu eləyir, nə də bunu. Özləri də yaxşı bilir ki, İlkinə qarşı ittiham əsaslı deyil. Heç bir sübut yoxdur. Hələ Zakir Qaralovun rəhbərliyi dövründə prokurorluq bəyan etmişdi ki, “cinayətkarı tapmışıq, özü də etiraf edib”. Sonradan İlkin Süleymanov məhkəmədə bildirdi ki, bu cinayətə aidiyyəti yoxdur, o etiraf ifadəsi də iradəsinə zidd şəkildə, zorla alınıb. İstintaqın əlində həmin ifadədəki məlumatları təsdiqləyən başqa heç bir mötəbər sübut yoxdur. Əlavə sübutları var idisə, İlkin inkar edəndə həmin sübutları ortaya qoyub, cinayəti onun törətdiyini təsdiqləyərdilər. Bunun üçün də dörd ay yetərli idi ki, istintaqı yekunlaşdırıb işi məhkəməyə göndərsinlər. İşin bu qədər uzanmasının özü də təsdiq edir ki, istintaqın əlində məhkəməyə çıxarılacaq sübut yoxdur”. Vəkil bildirib ki, Baş prokuror və onun birinci müavini dəyişəndə onlarda da bu işin obyektiv araşdırılacağına dair ümid yaranmışdı. Lakin sonradan ümidləri piç oldu: “Baş prokuror, birinci müavini dəyişəndə biz düşündük ki, yeni rəhbərlik bu işə obyektiv hüquqi qiymət verilməsini təmin edəcək. Hər hansı nöqsan olubsa da, keçmiş rəhbərliyin dövründə olub. Amma proseslər göstərdi ki, biz yanılmışıq, ümidlərimiz özünü doğrultmadı. Yeni rəhbərliyin dövründə də həbs müddətinin artırılması üçün bir neçə dəfə təqdimat verildi. Bir dəfə 5 ay, bir dəfə 1 ay 13 gün uzadıldı. Artıq 13 ay tamam olanda düşünürdük ki, Baş prokuror təqdimatı imzalamamışdan əvvəl istintaqa prosessual rəhbərliyi həyata keçirən şəxsi, istintaq qrupunun rəhbərini çağıracaq. Soruşacaq ki, nəyə görə 13 ay ərzində iş yekunlaşmayıb? Sübutlar varsa, niyə məhkəməyə göndərilməyib? Sübut edə bilməmisinizsə, niyə adamı həbsdə saxlamısınız? Növbəti dörd ayda nəyin axtarışındasınız? Güman edirdik ki, təqdimatı imzalamayacaq. Amma ümidimiz yenə puça çıxdı”.Əlibaba Rzayev Mənbə: Meydan TVBugünkü məhkəmədən də ədalətli qərar, obyektiv mövqe gözləmədiklərini vurğulayan vəkilin sözlərinə görə, işi Avropa Məhkəməsinə göndərmək üçün yerli məhkəmə instansiyalarını keçmək lazımdır. Ona görə də şikayət verməyə məcburdular: “Biz məhkəmədən qeyri-adi qəhrəmanlıq, ədalətli qərar gözləmirdik. Sadəcə, prosesdur idi, keçməliydik. İlkin Süleymanovun bu cinayətlə əlaqəsi olmadığı hamıya bəllidir. Əsl cinayətkarların kənarda qalmasının səbəbi bizə də bəlli deyil. Amma əminik ki, gec-tez bu işin üstü açılacaq. Avropa Məhkəməsinə şikayət üçün ölkədaxili hüquqi müdafiə imkanlarının hamısından istifadə etməliyik. Hazırda üç şikayət göndərmişik. Birincisi, həbs qətimkan tədbirinin qanunsuzluğu, ikincisi, işgəncə, üçüncüsü isə polis şöbəsində dörd gün qanunsuz saxlanmasıyla bağlıdır. Biz bu halların hər biri ilə bağlı yerli hüquq-mühafizə orqanlarına, məhkəmələrə şikayət etmişik. Amma təmin olunmayıb”. İ.Süleymanovun yaxınları da istintaqın uzanmasından narazıdır. Onların sözlərinə görə, indiyədək də İ.Süleymanovun əleyhinə saxta sübutlar toplamaq cəhdləri olub, bu məqsədlə müxtəlif insanlara təzyiqlər edilib. “Uşağın qulağındakı sırğanın eynisini İlkingilin həyətinə atmağa cəhd göstəriblər” “Hüquq-mühafizə orqanları saxta sübutlar toplamağa çox cəhd göstəriblər. Polis rəisinin rəhbərliyi altında bir qrup polis gecə saatlarında heç bir qanuni əsas, məhkəmə qərarı olmadan İlkingilin evinə girmişdilər. Bunu ictimailəşdirdik. Onlar o zaman planlaşdırılan saxtakarlığı eləyə bilmədilər. Nərmin bala itkin düşəndə onun qulağında sırğa olub, məlumat gəldi ki, onun eynisini tapıb, İlkingilin həyətinə atmağa cəhd göstəriblər. Bu məsələ də yayılandan sonra edə bilmədilər. Yəqin bundan sonra da saxta sübutlar toplamağa çalışacaqlar. Dörd ayın uzadılması da bu məqsədə xidmət edir. Nə olursa olsun, İlkini cinayətkar kimi təqdim etməyə çalışırlar. Çünki əks halda, onu qanunsuz həbsdə saxladıqlarına görə özləri cəzalanmalıdılar. Bizim xahişimiz budur ki, dövlət başçısı bu işi nəzarətinə götürsün, iş ədalətli araşdırılsın. Biz sadəcə, ədalət istəyirik. Ədalət olsa, İlkin də azadlıqda olacaq”, - İlkinin əmisi oğlu Tariyel Süleymanov bildirib.Tariyel Süleymanov Mənbə: Meydan TV“İlkinin əleyhinə yalan ifadə vermək üçün kənd sakinlərinə təzyiq olunur” İ.Süleymanovun qardaşı Adil Süleymanovun sözlərinə görə, Dondar Quşçu kəndinin sakinlərinə onun əleyhinə yalan ifadə vermələri üçün təzyiq edilib: “Saxta sübutlar toplamaq üçün bir neçə istiqamətdə cəhd göstəriblər. Dəfələrlə ifşa olunduqlarına görə o saxta sübutları əldə edə bilməyiblər. Meyitin yandırıldığı yeri dərhal qızın atasına qazdırdılar. Məqsəd dəlil-sübutların itirilməsi idi. Bunu eləmək lazımdırsa belə, istintaqçılar eləməliydi, nəinki qızın atası, heç polis rəisi də bunu eləməməliydi. Qonşuları saxta ifadələr verməyə məcbur ediblər. Hətta bir nəfər buna görə özünə qəsdə cəhd eləmişdi. Məlumat aldıq ki, İlkinin əleyhinə ifadə verməyə məcbur edildiyinə görə dərman içib özünü öldürmək istəyib. Başqa birini İlkinə “pampers” satılması barədə ifadə verməyə məcbur ediblər. Qızın anası da açıqlamalarında deyir ki, İlkin “pampers” alıb. Bilmirik ki, onu da aldadıblar, yoxsa qəsdən deyir. Amma bunların hamısı yalandır. Başqa bir yalan bu idi ki, guya bizim evimizdən Nərminə aid qanlı əskilər tapılıb. Uydurublar ki, guya İlkin sağ ikən uşağı videoya çəkib. Bunlar hamısı yalandır. Bu yalanlar da həm kənd camaatında yanlış fikir yaratmağa hesablanmışdı, həm də səlahiyyətli şəxslərdə. Qənirə xanımla (deputat Qənirə Paşayeva nəzərdə tutulur) danışanda bizə bildirdi ki, ona da belə məlumatlar deyiblər. Ona bildirdik ki, sizin səlahiyyətiniz var. Araşdıra bilərsiz, bunların heç biri olmayıb. Sadəcə, yanlış yönləndirmə məqsədilə uydurulmuş məlumatlardır. Qoxu bilən itləri gətirmişdilər. O itlər uşağın biz tərəfə yox, o biri tərəfə getdiyini müəyyənləşdirmişdi. Evdən dönəndən 20 metr sonra iz itmişdi. Güman edirik ki, elə oradan uşağı maşına qoyub aparıblar”.Adil Süleymanov Mənbə: Meydan TVAzyaşlı N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb. Uşağın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. İ.Süleymanov həbs qərarından apelyasiya şikayətinə baxılanda hakimə bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb. İ.Süleymanovun vəkilləri ona işgəncə verilməsi, yanvarın 6-da saxlandığı halda, iş materiallarında tutulma vaxtının 10 yanvar kimi göstərilməsi ilə əlaqədar yerli məhkəmələrə şikayət edib. Lakin bu şikayətlər təmin olunmadığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.