Ucarda yol polisləri sürücünü döyüb təhqir etdi - VİDEO+FOTO
29-03-2021, 11:19
Göygöl rayonu H. Əliyev pr:77 ünvanında yaşayan Hüseynov Vüsal Həsən oğlunun müraciəti daxil olub. Vusal Hüseynov şikayətində Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru Mehdiyev Xəyyam Rafiq oğlu, yol-patrul xitmət inspektorları Samir Dəmirov və Əhliman Novruzov tərəfindən döyülüb təhqir edildiyini bildirir. RegionNews.az olaraq videodakı nalayiq ifadələrə görə üzr istəyirik.
Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova, Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə müraciətlərinin səmərə vermədiyini görən Vüsal Hüseynovun prezident İlham Əliyevə müraciət etməkdən başqa yolu qalmayıb: “17 dekabr tarixində saat 12 radələrində avtomobillə Ucar şəhərinin ərazisindən keçirdim. Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru Mehdiyev Xəyyam Rafiq oğlu və yanından olan yol-patrul xitmət inspektorları Samir Dəmirov və Əhliman Novruzov tərəfindən hərəkətdə olan zaman saxlanıldım. Avtomobildən düşən zaman tibbi maskamı taxıb, məni saxlayan polis əməkdaşlarına yaxınlaşdım. Hərəkətdə olan zaman dönmə siqnalından isdifadə etmədiyimi bildirdilər. İradımı bildirərək, baş yolda hərəkətdə olan zaman baş yoldan kənara çıxmadığımı dedim. Onda mənə tibbi maskadan istifadə etmədiyim üçün cərimə yazacaqlarını söylədilər. Hazırda ağzımda maska olduğunu və nə səbəbə belə etdiklərini soruşanda, mənimlə kobud davranaraq, inzibati protokola imza atmamı təkid etdilər. Mən isə haqlı olduğumu sübüt etmək üçün telefonla çəkiliş apardım. Çəkiliş aparmağımdan əsəbləşən polis nəfərləri məni təhqir edərək telefonu söndürməyimi israrla isdədilər.” Vüsal Hüseynov çəkiliş aparmaq hüququm var sözlərindən sonra polislərin onu nalayiq sözlərlə təhqir edərək, üstünə hücuma keçdiklərini bildirir. “ Üç polis birdən məni məcbur olaraq xidməti yol patrul avtomobilinə basaraq döyməyə və təhqirlər yağdırmağa başladılar. Çəkiliş apardığım telefonumu əlimdən aldılar və məni Ucar RPŞ-nə apardılar. Şöbədə mənə hədə qorxu gələrək, çəkiliş etdiyim videonu silməlməyəcəyim təqdirdə vəziyətimin yaxşı olmayacağını bildirdilər, tutdurmaqla hədələdilər. Şikayət edəcəyimi söyləyən zaman “bilirsən biz kimik, heç nəyi sübut edə bilməzsən” dedilər. Hədə qorxu qarşılığında telefonumda olan videoları sildirdilər.”
Daha sonra Ucar RPŞ-dən məhkəməyə aparıldığını söyləyən Vusal Hüseynov toplam 300 manat cərimə edildiyini bildirdi. O, cərimənin 100 manatının maskadan istifadə etmədiyinə, 200 manatının isə polisin qanuni tələbinə riayət etmədiyinə olduğunu dedi. Evə döndükdən sonra o, xüsusi program vasitəsi ilə videoların bir qismini bərpa edə bildiyini söyləyir. DİN və prokurorluğa müraciətinin qəribə sonluğunu vurğulayan Vusal Hüseynov polislərdən yalnız birinin inzibati tənbeh edildiyini yazır. Prezident İlham Əliyevə müraciətində bir sıra suallara aydınlıq gətirilməsini xahiş edir. “Hörmətli cənab prezident, məni 3 nəfər polisin təhqir edib, döyməsi ilə bağlı fakt ortada ola – ola niyə cəmi bir nəfər töhmət almaqla, hər üçü qurtula bilir? Əgər polis qanunu pozduğuna görə töhmət alırsa, mən nə üçün “polisin qanuni tələbinə riayət etmədiyimə” görə 200 manat cərimə olunuram? Məgər vidoe görüntüdəki təhqir və döyülməyimin cəzası yüngül bir töhmətdir?” Müraciətinin sonunda işin tam araşdırılmadığını bildirən şikayətçi prezident İlham Əliyevdən kömək istəyir. “Hörmətli cənab prezident, ədalətinizə inanıram. Başıma gələnlərin obyektiv araşdırılmasına kömək etmənizi və nəzarətinizə götürmənizi xahiş edirəm.” Vusal Hüseynov bütün qanuni vasitələrlə onu təhqir edib, döyən polis adına ləkə gətirən həmin əməkdaşların layiqli cəzalandırılmasına çalışacağını söyləyir. RegionNews.az olaraq bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.