Azərbaycanda illərdir zorlanan 14 yaşlı qızın yaşadığı ev - FOTO

9-04-2021, 12:34   




Ağ boyası cadar-cadar olmuş qapıdan içəri girən kimi təzə bişmiş çörək iyinin belə basdıra bilmədiyi, bəlkə də illərlə yuyulub-təmizlənməmiş yorğan-döşəyin və yığışdırılıb-havalandırılmamış evin kəsif qoxusu adamı qarşılayır.
 
Burada, bu qırmızı döşəməli, yaşıl divarlı, iç-içə 4 otaqlı, alçaq tavanlı bu evdə əşya adına bir qaz və bir elektrik sobası, bir neçə stul, sınıq-salxaq şkaf, çarpayı, işləməyən köhnə televizor, vedrələr, ləyənlər, qazanlar və divardibi düzülmüş qab-qacağın olduğu bu evdə dörd uşaq, bir əqli əlilliyi olan ata və yaşı 80-ni haqlamış nənə-baba yaşayır.
 
Neftçala rayonunun günün-günorta çağında ins-cins gözə dəyməyən Mirqurbanlı kəndində 3 ildir müxtəlif şəxslər tərəfindən seksual zorakılığa məruz qaldığı iddia olunan S. də bu evin sakinlərindən biri, nənə-baba himayəsində qalmış 3 qardaşın bir bacısı, evin ikinci uşağıdır.
 
Bu ev həm də 14 yaşlı S. üçün illərdir ki, kəndin xaraba qalmış evlərində böyük kişilər tərəfindən zorlandıqdan sonra gəlib, çox güman ki, dəhşətli əzablar içərisində yaşadığı evdir.
O, üç ildir ki, qohumu olan kişi və iddialara görə, onun təklif etdiyi digər kişilər, eyni zamanda kənddəki bir neçə kişi tərəfindən müxtəlif cinsi zorakılıqlara məruz qalırmış. Kənddə keçirdiyimiz zaman ərzində müşahidələrimizdən gördük ki, bunu kənd sakinlərinin çoxu bilirmiş, amma "kəndin ayıbı kənddə qalsın", "bundan mənə nə" fəlsəfəsi S.-nin bu dəhşətli həyat tərzindən vaxtında xilas olmasına imkan verməyib.
 
"Hadisəni törətmiş şəxslər cəzalandırılmalıdırlar"
 
Kənd məktəbinin fiziki tərbiyə müəllimi Hüseyn Fərəcov BBC News Azərbaycancaya deyir ki, hadisə barədə bir neçə gün öncə xəbər tutub.
 
O bildirir ki, ona verilən məlumata görə, "məktəbliyə təcavüz edən şəxslər bir yox, iki yox, bir neçə nəfər olub".
 
S. ilə bağlı fikirlərini bölüşən Hüseyn Fərəcov deyir ki, məktəbli qız öz yoldaşları kimi adi şagird olub, amma onu idmana olan marağı və idmançı istedadı digərlərindən fərqləndirib.
 
"Mən çox istəyirdim ki, onu aparıb idman internatına yazdırım. Şəraitsizlik imkan vermədi".
 
Bu ailədə yaşayan uşaqların hamısının "başsız qaldığını" deyən müəllim istəyir ki, "hadisəni törətmiş şəxslər cəzalandırılsın".
 
Mirqurbanlı kəndinin söhbətləşməyə çalışdığımız sakinləri bu məsələ ilə bağlı danışmağa heç də həvəsli görünmürlər. Təkidlərdən sonra bizə könülsüz danışan bəzi şəxslər bildirirlər ki, kənddə "indiyədək belə hadisə olmayıb".

Söhbətləşdiyimiz qonşulardan biri deyir ki, azyaşlı qız ara-sıra yoxa çıxarmış və ailəsi onu axtararmış: "Axşam saatlarında bir də görürdün ki, qardaşları gəlib soruşurdular ki, bacımız sizdədir?"
 
S. yaxın qonşularından olan bu xanımın evinə tez-tez gedər, ona ev işlərində "kömək edərmiş". "Bizə tez-tez gəlirdi, kömək edirdi, bəzi işlərə buyururdum. Danışanda deyirdim ki, çalış anan kimi olma, bəlkə yaxşı bir oğlan çıxıb səni alacaq. Ağıllı qızdır".
 
Qonşunun sözlərinə görə, "zorlanma hadisəsi"ndən sonra S. ona deyib ki, onu sığınacağa aparacaqlar, orada təhsil alacaq və "çoxlu dostları olacaq". "Dedim ki, sən yazıb-oxumağı bilmirsən axı," - qonşu qadın əlavə edir.
 
Mirqurbanlı kənd icra nümayəndəliyindən bildiriblər ki, indiyədək "S-nın ailəsindən onlara daxil olan bütün müraciətlər araşdırılıb".
 
Lakin azyaşlıların vəziyyətini müşahidə altında saxlamaq onların 'işi olmadığından' bu ailəyə müdaxilə etməyiblər.
 
"Ailənin içində olan məsələni biz necə bilərdik ki? Onun üçün azyaşlı uşaqlarla məşğul olan sahə polis nəfərləri var. Onların qeydiyyatında olmalı idi. Onlar araşdırmalı idilər. Onlar bilməli idilər. Üstəlik, uşaq məktəblidir. Elə problemli ailələr və onların uşaqları ilə bağlı məktəb məlumatlı olmalı idi. Onlar əlaqə saxlamalı idilər".
 
"Sus!"
 
Mirqurbanlı kənd tam orta məktəbində işçilər binaya daxil olurlar. Məktəbin həyətində qalan bir müəllimə deyir ki, bu məsələ məktəbin problemi deyil, bu hadisənin yayılması ''məktəbi biabır etməkdir".
 
Məktəbin digər, üzbəüz girişində dayanmış işçiləri və müəllimlər olduğunu ehtimal etdiyimiz şəxslər həmin müəllimənin adını səsləyərək, barmaqlarını dodaqlarına apararaq, ona "sus" işarəsi verirlər.
 
Məktəbin İlham adlı dərs hissə müdiri qısaca bildirir ki, Rayon Təhsil Şöbəsindən onlara "susmağı" tapşırıblar və əlavə edir ki, bu, "kəndin problemidir".
 
Bu məqamda özünü yetirən bir polis əməkdaşı və bir nəfər də polis olduğunu iddia edən, lakin həm də özünün təqdim etməyən mülki geyimli, 25-28 yaşlarında bir kişi BBC müxbirlərini ərazidən uzaqlaşdırmağa çalışır.
 
Məktəbin yaxınlığında çəkiliş apararkən hicablı, təxminən 40 yaşlarında bir qadın uzaqdan "mənim uşağımın adını nahaq veriblər. Onun gələcəyi var" deyə-deyə yaxınlaşır.
 
Qadın sosial şəbəkədə övladının adının çəkilmədiyini, lakin bəhs edilən "digər 7-ci sinif şagirdi" kimi bəhs edilən məsələdə onun qızından bəhs olunduğunu iddia edir.
 
Sosial mediada kənddə başqa bir azyaşlının da seksual zorakılıqla üzləşdiyi iddiası səslənsə də, bunu təsdiqləyən məlumatlar yoxdur.
 
Məktəbin qarşısında, polis əməkdaşının da iştirak etdiyi bu söhbətdə həmin qadından ad çəkilmədiyi halda, niyə mövzunun məhz onun övladından getdiyini düşündüyünü, buna hər hansı əsası varmı deyə soruşuruq. Valideyn "heç bir əsasım yoxdur," - deyir.
 
"Daha heç kim gəlib onu evdən götürüb aparıb istismar etməyəcək"
 
İctimai fəal, Neftçalanın Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı bu kənddə bir yox, bir neçə uşağın zorakılığa məruz qalması ilə bağlı ona uşaqların özlərinin məlumat verdiyini deyir.
 
Azyaşlı S.-ə gəlincə isə, Vəfa Nağı deyir ki, "uşaq özünə necə yaxınlaşılması ilə bağlı çox detallı" danışır. O bildirir ki, azyaşlı ona "kənddə müxtəlif kişilər tərəfində müxtəlif vaxtlarda həmin evlərə aparıldığını" deyib.
 
Vəfa Nağı vurğulayır ki, uşağın dediklərini dəqiqləşdirmək üçün kənddə zorakılığa məruz qaldığı iddia olunan digər bir uşaqla əlaqə yaradıblar və azyaşlıların dedikləri üst-üstə düşüb.
 
"Bizə necə istismar edildiyini detallı danışırdı. Onu istismar edən insanların bəziləri haqda yaxşı danışır. Təcavüz onsuz da təcavüzdür, amma bu uşaq bunları belə ayırır: yaxşı insanlar və pis insanlar, zorakı davrananlar və digərləri. Uşaqda psixoloji travmalar və problemlər var," - o deyir.
 
İctimai fəalın sözlərinə görə, S.-nın 3 il bu məsələləri gizlətməsinə səbəb "onu zorlayan qohumunun onu öldürməklə hədələməsi olub".
 
Vəfa Nağı məsələni ictimailəşdirdiyi zaman sosial şəbəkədə Ailə Qadın, Uşaq Problemləri Dövlət Komitəsi və Daxili İşlər Nazirliyini həmin statusa "tag" edərək, onlara bu haqda açıq müraciət ünvanladığını bildirir.
 
O bu məsələni ictimailəşdirməkdə "məqsədinin uşağın istismarına son qoyulmasını təmin etməyə çalışmaq" olduğunu vurğulayır.
 
"Düşünəndə ki, bu, üç il davam edib... Heç olmasa bilirik ki, daha heç kim gəlib onu evdən götürüb aparıb istismar etməyəcək. Bunu demək ona görə vacibdir ki, biz susduqca, təcavüzlərin sayı artacaq. Bu insanlar ifşa olunmasa, belə əməllər gizli davam edəcək".
 
"Faktın təfərrüatları tam və hərtəfli araşdırılır"
 
BAKU.WS BBC-Azərbaycan-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin dediyinə görə, "həmin faktla bağlı başlanmış cinayət işi üzrə istintaq prosesində iddialar və hadisə ilə bağlı faktın təfərrüatları tam və hərtəfli araşdırılır".
 
O deyir ki, araşdırmanın nəticəsindən asılı olaraq, "kimlər bura daxildir, kimlər bu əməlləri törədib, bütün bunların hər birinin təfərrüatı şahid ifadələri və digər ekspertiza sənədləri ilə müəyyənləşdiriləcək".
 
"Hazırda istintaqın araşdırılması rayon prokurorluğu tərəfindən aparılır və istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
 
Açılan maddə ilə bağlı isə cənab Hacıyev deyir ki, iddiaların fakt olmasının sübuta yetirilməsi üçün istintaq araşdırmalarının nəticəsini gözləmək lazımdır.
 
"Kimlərsə nələrisə iddia edə bilər, ancaq ortada bir uşağın, Azərbaycan vətəndaşının taleyi var. Həssas məsələdir. İstintaq prosesində bütün bu iddiaların hər biri yoxlanılacaq, araşdırılacaq. Hazırda bütün zəruri ekspertizalar təyin edilib və istintaq materiallarına əlavə edilib. İstintaq araşdırması və istintaq hərəkətləri davam etdirilir".
 
S. indi haradadır?
 
Bakıdakı Qadın Sığınacaq Mərkəzinini rəhbəri Mehriban Zeynalova deyir ki, hazırda sığınacağa yerləşdirilən S. ilə psixoloqlar işləyir.
 
"Ailə Qadın, Uşaq Problemləri Dövlət Komitəsi ilkin yardım olaraq, kənddə psixoloji yardım göstərərək qızı bura yerləşdirib. Gəldikdən sonra da onunla psixoloji və sosial iş görülüb. Neftçala Rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmış şəxslərlə iş üzrə şöbəsinin rəhbəri vəziyyəti öyrənir və nəyə ehtiyacı olduğunu soruşur. Onun dərslərinə davam etməsi üçün lazımi dəstəyin veriləcəyini bildiriblər".
 
Mehriban Zeynalova deyir ki, qurumlar hələlik uşağı monitorinqə gəlməyiblər, uşağın ''bir qədər adaptasiya olmasını gözləyirlər".
 
O əlavə edir ki, S. "artıq sığınacaqda özünə dostlar tapıb. Psixoloji yardım almağa da özü könüllü yanaşıb".
 
"Onun gələcək təhsili haqqında danışmaq bir qədər tezdir. Onun özünü bu qədər yükləmək də, o gözləntilərə girmək də tezdir. Az yaşında ağır travma almış adamdır. Ona görə də addım-addım işlər gedir," - Mehriban Zeynalova deyir.
 
Mərkəz rəhbəri vurğulayır ki, yeniyetmə hələlik Neftçala Rayon İcra Hakimiyyətinin məktubu ilə bir il sığınacaqda yaşayacaq.
 
"Yaş məsələsi var. Bir il burada onun reabilitasiyası həyata keçiriləcək. Bu, uzunmüddətli reabilitasiyadır. Bir ildən sonra yəqin ki, birgə qərar qəbul olunacaq".
 
Ancaq o vurğulayır ki, sığınacaqda yaşayan hər kəs kimi S. də ''ağrısı olmasa, da tibbi müayinədən keçməlidir' və mərkəz bununla bağlı Komitəyə məktub yazmağı planlaşdırır ki, qızın tibbi müayinəsini həyata keçirə bilsinlər.
 
Hələliksə, Mehriban Zeynalova deyir ki, yeniyetmə hazırda sığınacaqda "gündəlik dərslərə gedir, iştirak edir. Yazır, oxuyur. Özünə dostlar qazanıb"
 
"Hələlik, ən yaxşı uğurumuz odur ki, dərhal adaptasiya olundu. Dərhal dostlaşdı və çox sevindi ki, onunla burada dost olmaq istəyənlər var. Özünü çox yaxşı hiss edir, sevinir. Görünür, dostluq meyarları onun üçün gözlənilməyəndir və arzuladığı bir şey olub".
 
azxeber.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.