Avqustun 18-də Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin nəzərdə tutulan görüşü Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurub.
Axar.az xəbər verir ki, erməni mediası bu görüşə xüsusi diqqət ayırmaqdadır və üç ölkənin ortaq hərbi qərarlarından əndişələndiklərini gizlətmirlər
Görüşlə bağlı erməni politoloqları Ruben Melkonyan, Ruben Mehrabyan və Aşot Melkonyanın açıqlamaları da bunu deməyə əsas verir.
Ruben Melkonyan hesab edir ki, bu görüşün keçirilməsinin iki əsas hədəfi v
“Birincisi, Türkiyənin yeni seçilmiş prezidenti növbəti dəfə nümayiş etdirmək istəyir ki, onun ölkəsinin Cənubi Qafqaz siyasəti şaxələndirilmiş qalır, Ermənistanla düşmən siyasəti davam edir və bunun yerinə Gürcüstan və Azərbaycanla sıx əlaqələr qurulur. İkinci hədəf isə xüsusi təşviqatdır – hər üç ölkə əməkdaşlıq edir, Ermənistan isə burada iştirak etmir”.
Ruben Melkonyanın fikrincə, görüşün Naxçıvanda keçirilməsi ciddi siqnaldır:
“Göstərmək istəyirlər ki, Naxçıvan anti-erməni proseslərin cərəyan etdiyi vacib platforma ola bilər. Bu da faktdır ki, məhz Naxçıvanda dəfələrlə müxtəlif görüşlər keçirilib. Və Azərbaycan da buranın vacibliyini vurğulamaq istəyir”.
Ermənistan Tarix İnstitutunun direktoru Aşot Melkonyan daha təskinedici açıqlama verib, qeyd edib ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bu ölkə Ermənistanla balanslaşdırılmış xarici siyasət aparır. Onun sözlərinə görə, bu görüşü nə iləsə əlaqələndirmək olmaz:
“Bunu türklər və azərbaycanlılar etmək istəyər. Yadda saxlayın ki, Gürcüstan Dağlıq Qarabağda baş verən son proseslərə yüksək səviyyədə reaksiya verdi və narahatlığını bəyan etdi ki, əgər irimiqyaslı müharibə başlayarsa, bu, Gürcüstana təsir edəcək”.
Politoloq Ruben Mehrabyan isə bu üç ölkənin hərbi müttəfiqliyinə doğru atılan addımı ümumi enerji kommunikasiyası ilə izah etməyə çalışıb:
“Onların bu məsələ ilə bağlı daima müzakirəyə ehtiyacı olan gündəmi var. Bu məsələnin vacib tərəfidir, əsas problem isə təxribatdır: həm Türkiyə, həm Azərbaycan istəyirlər ki, onların səsi regionda, eləcə də region sərhədlərindən o tərəfdə eşidilsin. Siyasi, geopolitik, iqtisadi divident qazanmaq üçün Gürcüstanın burada iştirakı məntiqlidir. Gürcüstan barəsində deyə bilərik ki, bu ölkənin maraqları müxtəlifdir və türk qonşuları ilə üst-üstə düşmür”.
Politoloqların fikirlərində Gürcüstan barədə təsəlliverici sözlər işlətmələri təsadüfü deyil. Ermənistan bu üçlüyün Qafqazda siyasi gündəmi dəyişmək imkanında olmalarından narahatdır və Gürcüstanın milli maraqlarının ayrı olduğunu irəli sürməklə, daxili auditoriyaya köklənən açıqlama verirlər. Halbuki iqtisadi baxımdan Bakı-Tiflis-Ankara birliyi həm də siyasi maraqlarda üst-üstə düşür. Çünki Gürcüstan iki subyektinə – Cənubi Osetiya və Abxaziyaya görə ərazi bütovlüyü pozulmuş durumdadır və təbii olaraq, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən ölkələr sırasındadır, Türkiyə isə artıq onillərdir ki, qondarma erməni soyqırımı təhdidləri ilə üz-üzədir. Digər tərəfdən, Cavaxetiya ermənilərinin Gürcüstan ərazisinə iddiaları var və Dağlıq Qarabağ işğalının təsdiqlənməsi Gürcüstan ərazisini ermənilərin növbəti hədəfinə çevirəcək.
Buna görə də Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi-siyasi əlaqələrində öz milli maraqlarından çıxış etdiyi və hər üç ölkənin bu məqamda maraqlarının üst-üstə düşdüyü şübhəsizdir.