Bərdədən Kəmaləddin Heydərova həyəcan təbili: fəlakətin kandarındayıq - Foto

13-04-2021, 03:10   


Bərdənin Məmmədli kənd camaatı böyük ekoloji fəlakətin kandarına yaxınlaşmaqdadır. Bununla bağlı müvafiq dövlət qurumlarına məktub yazan kənd sakinləri vəziyyətin dramatikliyini diqqətə çatdıraraq həyəcan təbili çalırlar. 
Kənd əhli bu dəfə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Onların sözlərinə görə, FHN vaxtında müdaxilə etməsə, qarşısıalınmaz daşqın baş verə bilər. 
Anaxeber.info bildirir ki, kəndin yuxarı hissəsindən axan Kür çayının hövzəsində yerləşən, təbii şəkildə formalaşan unikal bir ada məhv edilir. 
Bu qanunsuzluğu edənlər sözügedən ərazidə bütün ağacları kəsiblər, çayın suyu gündən-günə çirkləndirilib, “Qırmızı kitab”a salınmış yüzlərlə nadir yulğun ağacları yox edilib. Nəticədə 100 hektardan çox ərazi məhv edilməkdədir. 
2010-cu ildə baş verən Kür daşqınları zamanı Məmmədli kəndinin əhalisi də əziyyət çəkmişdi, 3 min hektar ərazisi su altında qalmışdl. O dövrdə bəndlər tikdilər, təhlükənin qarşısını önlədilər. 
İndisə həmin bəndləri söküblər, əvəzində isə heç bir qurumun icazəsi olmadan, Fövqəladə Hallar Nazirliyinin yerli komissiyasının təhlükəsizliklə bağlı zəmanəti verilmədən, FHN-nin Tikintiyə nəzarət İdarəsinin mövqeyi, Sabirabaddakı Bəndvurma İdarəsinin razılığı olmadan Məmmədli kəndindən həmin adaya doğru dağıdılan bəndlərin üzərindən kustar körpü çəkilib. Foto faktlardan da göründüyü kimi, təhlükəsizliyinə təminat verilməyən körpü salıblar.  
Eyni zamanda yüzlərlə nadir yulğun ağaclar mişarlanıb, qanunsuz şəkildə çay hövzələri salınıb, şumlanaraq əkin sahəsinə çevrilib. Üstəlik, meşəyə qapı qoyublar. 
Hazırda ada içində əkin işləri aparırlar. Əgər su gəlsə, məlumdur ki, bəndlər də sökülüb, o halda Kür daşacaq, növbəti fəlakət yaşanacaq. 
Məmmədli kənd sakinləri FHN rəhbəri Kəmaləddin Heydərova müraciətində 2010-cu il Kür daşqınlarının təkrarlanmaması üçün çevik addımlar atılmasını xahiş edirlər. Bu işləri araşdırmaq həm də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni rəhbərliyinin üzərinə düşür. 
Məmmədli kənd sakinləri dəfələrlə yerli qurumları şifahi şəkildə məlumatlandırıblar, artıq qulaqardı edilməsindən yorulublar. 
Ona görə də FHN və digər strukturların məsələyə qarışması zamanıdır. Sakinlər K.Heydərovdan dönə-dönə  xahiş edirlər ki, səsimizə səs versin, araşdırma aparılsın. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.