Sürət Hüseynovun adamının adı qətl işində

18-08-2014, 10:24   
Sürət Hüseynovun adamının adı qətl işindəAzərbaycan zabitinin ölümündə sirr pərdəsi; Mərhum hərbçinin anası yalnız bir nəfərə cəza verilməsi ilə razılaşmır, cinayətin qrup şəklində törədildiyini iddia edir; olayın şok detalları bu yazıda; Şahbazova Xeyra: “Kaş ki, oğlum vətən yolunda şəhid olaydı, indi bu qədər haqsızlıqla üzləşməzdim...”

19 iyul 2013-cü il tarixdə Əliyev Minas Vaqif oğlu tərəfindən qətlə yetirilmiş ehtiyatda olan zabit Şahbazov Rahib Qurban oğlunun cinayət işi ilə bağlı şok faktlar ortaya çıxıb. Mərhumun anası Şahbazova Xeyra iddia edir ki, çıxarılan hökm ədalətli deyil, çünki cinayətdə ən azı iki nəfər iştirak edib, ancaq bir nəfərə hökm oxunub.

Şikayətçi övladının qətlinin səbəblərini və məhkəmənin gedişatını təfsilatı ilə “Yeni Müsavat”a danışıb: “Ailədəki yeganə oğlum bir il öncə heç bir günahı olmadan Əliyev Minas tərəfindən qətlə yetirildi. Oğlumun ilk evliliyi baş tutmamışdı.

İlk ailəsindən ayrılandan bir müddət sonra Minasın bacısı İlahə Əliyeva ilə tanış olub. Aralarında qurulan münasibət 3 ay davam edib. Bu müddət ərzində Rahib onunla 5-6 dəfə görüşüb. Oğlumun 38, qızın isə 34 yaşı var idi. Münasibət davam etdiyi vaxt məlum olub ki, qız əvvəllər iki ilə yaxın nişanlı olub. Bir müddət keçəndən sonra Rahib qızla münasibətinin baş tutmayacağını mənə dedi. O, istəmirdi ki, qızı bədbəxt etsin. Mən də məcburiyyət qarşısında qalıb, qızın anası Sayat Əliyevaya zəng vurub məsələni ona bildirdim. O, qışqıraraq məni təhqir etdi. Ardınca ”mənim əlibıçaqlı oğlum var, sənin oğlunu yaşatmayacağam" dedi. Onun sözlərindən 40 dəqiqə sonra oğlum qətlə yetirildi. Rahibə zəng vuran qızın qardaşı Minas onunla görüş təyin edib. Ağlıma gəlməzdi ki, Rahibi öldürəcəklər. Onun görüşə getməyinə özüm razı idim".


Mərhumun anası oğlunun qətli ilə bağlı dəhşətli faktlar açıqlayıb: “Rahib görüşə gedəndən 1 saat sonra meyiti üstümə gəldi. Hadisə ilə bağlı cinayət işi başlandı. İlk günlərdən məhkəmə açıq şəkildə cinayətkarın tərəfini tutmağa başladı. Belə ki, ekspertizanın rəyindən göründüyü kimi, oğlumun qatili yox, qatilləri olub. Bu cinayət ən azı iki nəfər tərəfindən törədilib. Ekspertizanın rəyində göstərilir ki, ürəkdən vurulan bıçaq yarası yuxarıdan aşağıya doğrudur və güclüdür. Zərbə vurulan zaman mərhumun ön tərəfi cinayətkara tərəf olub. Amma oğlumun bel hissəsindən də aldığı zərbə arxadan önədir. Açıq şəkildə görünür ki, zərbə eyni anda dəyib. Deməli cinayətkar ya əlindəki bıçağı dəyişməli idi, ya da oğlum arxasını çevirməli idi ki, vursun.

Bu mümkünsüz bir şeydir. Hadisə törədilən ”Gənclik" metrostansiyasının ətrafındakı kameralara oğlumun maşının ətrafında olan bir neçə şübhəli şəxs düşüb. Açıqca görünür ki, onlar kameralardan yayınırlar. Bundan əlavə, hadisə törədilən zamana iki saat qalmışdan Minasın telefonuna gələn zənglər araşdırıldı. Çoxlu sayda şübhəli zənglər ortaya çıxdı. Əsasən də Hüseyn Hüseynov adlı şəxsdən şübhələndik. Çünki zənglərə baxış keçirərkən, qətl törədilənə qədər Hüseyn Minasa 9 dəfə zəng edib, 4 dəfə isə SMS yazıb. Amma məhkəmədə Hüseyn bildirdi ki, Minasın ona borcu olduğu üçün zəng edibmiş. Maraqlıdır, hər 3 dəqiqədən bir pulunu istəyirmiş? Bu suallarımıza Hüseyn məhkəmədə cavab verə bilmədi".


İstintaqda adı hallanan şəxslərdən biri də Minasın tanışı Aynurə adlı qız olub: “O, ifadəsində göstərib ki, gün ərzində Minasa zəng etsə də, cavab verməyib. Saat 22:46 radələrində guya Minas Aynurəyə zəng edərək deyib ki, başıma elə bir oyun açmışam ki, bir də mənə zəng etmə. Lakin istintaqda da sübut olunub ki, cinayət saat 23:12 radələrində baş verib. Bu ifadədə şübhəli məqamlar var. Lakin biz zərərçəkən tərəf olaraq, bu sualları Aynurəyə verə bilmədik. Çünki o, müxtəlif bəhanələrlə məhkəməyə gəlmədi. Biz hüquqlarımızdan istifadə edərək, onun məcburi şəkildə məhkəməyə gətirilməsini tələb etdik. Lakin tələblərimiz rədd edildi. Məhkəməyə hadisə yerində olan taksi sürücüləri şahid kimi gətirildi. Onların hər biri cinayətkarın xeyrinə ifadə verdilər. Məhkəmə zamanı yüzlərlə belə şübhəli məqamlar var”.

Şikayətçi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə və məhkəmə heyətinin ünvanına da ağır ittihamlar səsləndirib: “Oğlumun qətlindən sonra Nərimanov rayon Məhkəməsində cinayət işi başlandı. Bir müddət keçəndən sonra gördük ki, müstəntiq Orxan Rüstəmov Minasın tərəfini tutur. Bununla bağlı Mehriban xanıma şikayət məktubu göndərdik. Bundan sonra müstəntiq məktub yazaraq, işin düzgün aparılacağını söylədi. Lakin 5 gündən sonra işi məhkəməyə göndərdi. Beləliklə, ciddi araşdırma olmadan cinayət ört-basdır edildi. Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmə prosesi başladı. İlk iclasda məhkəmə heyətinə daxil olan Eynulla Vəliyev açıq-aşkar cinayətkara yönləndirici suallar verərək, cinayətin xuliqanlıq zəminində törədilməsini aradan götürmək məqsədini qarşısına qoydu. Nümayəndəmizi savadsızlıqda ittiham edib aşağıladı.


Hətta üstümə qışqıraraq məni alçaltdı. Çünki onlar arxayındırlar ki, istədiklərini edə bilərlər. Biz məhkəmə tərkibinə etiraz etdik. Lakin məhəl qoymadılar. Vəsatətlər verdik, hamısını rədd etdilər. Cinayət işi bir-birini təkzib edən 5 yalan ifadədən ibarət idi. İstintaq işində heç bir istinad olmadan ortaya çıxan şahid Aynurə teleqram vuraraq, guya yas mərasimi olduğu üçün məhkəməyə gəlmədi. Biz araşdırma apardıq ki, o, heç bir yas mərasimində olmayıb. Bundan əlavə, cinayətkarın ailə üzvlərindən olan şahidlərin bəziləri ifadə verməkdən imtina etdilər. Məhkəmə çox pis şəkildə hazırlanmış teatra bənzəyirdi. İş o yerə çatdı ki, cinayətkar işin necə yekunlaşacağını bildiyi üçün bizə rişxəndlə gülürdü. Bütün bunları gördükdən sonra, cənab prezident İlham Əliyeva şikayət məktubu ünvanladıq. Cinayətin qrup şəklində törədilməsini göstərən, lakin istintaq və məhkəmənin göz yumduğu sənədləri məktuba əlavə etdik”.

Şikayətçinin sözlərinə görə, məktub Prezident Administrasiyasından Baş Prokurorluğa, oradan isə Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Hakimlər həmin məktubu kağız parçası hesab edərək, nəzərə almadılar. Biz məhkəməyə etiraz edərək, bu ilin fevralın 2-də teatra bənzəyən məhkəmədə iştirak etməkdən imtina etdik. 3 aydan sonra bizə məhkəmənin tarixi qərarı göndərildi. Qərardan aydın oldu ki, guya bizim vəsatəti araşdırmaq istəyiblər, lakin Azərcell və Bakcell şirkətləri arxivləşdirilmiş telefon danışıqlarını verə bilmədiyi üçün araşdırmaq mümkün olmayıb. Cinayət işində həyata keçirilən ört-basdırlar bu məktubun üzərində quruldu. Bu il mayın 26-da məhkəmənin çıxardığı hökmü aldıq. Qərardan aydın oldu ki, gözlədiyimiz kimi, hakimlər xuliqanlıq maddəsini götürüb, cinayətin qrup şəklində törədilməsinə göz yumublar. Minas Əliyev isə 11 il azadlıqdan məhrum edilib. Sonradan dəqiq məlumat aldıq ki, onu 1/3-lə azadlığa buraxacaqlar”.


X.Şahbazova onu da bildirib ki, məhkəmə zamanı cinayətin əsl mahiyyətini üzə çıxarmaq üçün verilən suallar məhkəmə protokolundan çıxarılıb: “Nümayəndəm məhkəmə qərarı ilə tanış olarkən aydın oldu ki, protokollar hakimlərin istədiyi kimi yazılıb və vəkilimizin cinayətin qrup şəklində törədilməsini sübuta yetirmək üçün verdiyi sualların heç biri qərarda öz əksini tapmayıb. Şikayət etdiyimiz zaman hakim İradə Həsənzadə üzümüzə durdu ki, sualları biz öz xeyrimizə dəyişmişik və məhkəməni öz xeyrimizə dəyişməkdə maraqlıyıq. Bunları Allah götürməz. Övlad itirən də mənəm, mühakimə olunan da. Məgər məhkəmə uzananda cinayətkara verilən cəza artır? Məhkəmədə iştirak edənlər öz imzaları ilə təsdiq edirlər ki, o suallar verilib. İndi də deyirlər ki, qohumlarınız olduğu üçün təsdiq ediblər. İndi siz deyin, insanı bu qədər alçaldarlarmı, əzərlərmi, haqsızlıq edərlərmi? Kaş ki, oğlum vətən yolunda şəhid olaydı, bu qədər haqsızlıqlarla üzləşməzdim...”

* * *


Şikayətçi çıxarılan hökmdən apelyasiya şikayəti verdiklərini və avqustun 20-də şikayətə baxılacağını söyləyib: “Biz çıxarılan hökmlə qətiyyən razı deyilik. Çünki hadisənin törədilməsində cinayətkardan çox, onun anasının təqsiri var. Amma o, hazırda azadlıqdadır. Əminəm ki, əli oğlumun qanına batan bəzi insanlar sərbəst gəzirlər. Buna dözə bilmirəm. Artıq Apelyasiya Məhkəməsinə müraciət etmişik. Əminik ki, bu məhkəmədə heç bir araşdırma aparmadan İradə Həsənzadənin rüşvət gücünə çıxardığı hökmü qüvvədə saxlayacaq. Çünki cinayətkar çox yüksək səviyyədə himayə olunur. Heç kim sadə müəllim oğlunun qətlini ört-basdır edənləri ifşa etməyəcək.


Bu bir reallıqdır. Ombudsman Elmira Süleymanova şikayət məktubu göndərmişdim. Elmira xanım həmin şikayəti işə əlavə edilməsi üçün Apelyasiya Məhkəməsinə göndərdi. Bu gün (dünən -red.) məktub aldım ki, şikayət məktubu işə əlavə edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Maraqlıdır, bu iş apelyasiyadadırsa, nə üçün digər məhkəməyə göndərilir? Bütün bunlar cinayətkar Minasın necə müdafiə edildiyinin birbaşa sübutudur. Bu qədər haqsızlıqlara göz yumulduğuna görə, bizdə şübhələr oyanıb ki, cinayətkar hansısa dövlət məmuru tərəfindən himayə edilir”.


Zərərçəkmişin dövlət başçısına ünvanladığı müraciətdə deyilir: “Hörmətli cənab prezident, sizdən xahiş edirəm ki, bizə kömək edin, oğlumun ölümünə bais olan bütün cinayətkarlar cəzalandırılsın. Hakim İradə Həsənzadə başda olmaqla, işi düzgün aparmayan bütün şəxslər məsuliyyətə cəlb olunsun. Çünki bu gün oğlumun işini ört-basdır edənlər, sabah başqalarının işini də belə aparacaqlar. Bunların qarşısı alınmalıdır. Biz də insanıq. Cənab prezident, bu yazını oxusanız, görərsiniz, insanı necə alçaldır, təhqir edirlər. Məhz belə haqsızlıqlara görə, insanlar intihar edirlər. Artıq mən də bu vəziyyətdəyəm. Belə davam etsə, özümü öldürüb, oğlumun yanına gedəcəyəm. Yalnız güvəndiyim Allahdır”.


* * *
Əlavə edək ki, Minas Əliyev əvvəllər oğurluq üstündə həbs olunub, lakin pul cəriməsi ilə azadlığa buraxılıb. Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, onun atası Vaqif Əliyev 4 iyun qiyamının təşkilatçısı Surət Hüseynovun yaxın adamı və onu maliyyələşdirən şəxs olub. Sonralar Surət Hüseynovla birlikdə həbs olunaraq 9 il azadlıqdan məhrum edilib. Lakin 3 il sonra azad edilib. Azadlığa çıxandan az müddət keçməmiş həyatdan köçüb.

Yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.