Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsinin TƏFƏRRÜATI: Demə, gəlin...

28-04-2021, 14:03   


Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsinin TƏFƏRRÜATI: Demə, gəlin...
Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qayınananın gəlinini vəhşicəsinə döyməsini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Publika.az-a danışan Lənkəran rayon Səpnəkəran kənd icra nümayəndəsi Səyasət Suvarov bildirdi ki, görüntüdə döyülməsi əks olunan xanım 1990-cı il təvəllüdlü Qurbanova Rəmziyyə Ağaşan qızıdır və o, Yuxarı Nüvədi kəndinə Lerik rayonundan gəlin gəlib: “Rəmziyyə Qurbanovanın 2 övladı var, yoldaşı xəstədir, sağlamlıq imkanları məhduddur. Gəlinin qayınanası, 1948-ci il təvəllüdlü Qurbanova Girdənaz Qələmirzə qızı normal insandır. Qayınananın psixoloji probleminin olması ilə bağlı yazırlar, ancaq onun elə bir problemi yoxdur. Psixoloji problemi olsaydı, indi xəstəxanada olardı. Aralarında sadəcə mübahisə olub, onu da kimsə gizli şəkildə çəkib və yayıb. Bundan əvvəl o ailədə mübahisə yaşanmayıb, icra nümayəndəliyinə, mənə daha əvvəl belə bir problemlə bağlı müraciət olunmayıb”.
Saytımıza danışan Səpnəkəran kənd bələdiyyəsinin sədri Raifə Məmmədova isə kənd icra nümayəndəsi S.Suvarovun Girdənaz Qurbanovanın psixoloji probleminin olmadığı ilə bağlı dediklərini təkzib etdi. Bələdiyyə sədri bildirdi ki, gəlinin qayınanası uzun illərdir psixoloji problemlərdən əziyyət çəkir:
“Kim istəyər ki, gəlinini vəhşicəsinə döysün. Qadın ruhi xəstədir, indi yenidən xəstəliyi baş qaldırıb. Gəlinin yoldaşı da xəstədir, 10-15 il əvvəl əməliyyatda səhv olub, sinir sistemində ciddi problem yaranıb, danışa bilmir, əlləri işləmir, pensiya alır. Gəlinin iki uşağı var. Uşaqlardan kiçiyinin 3, böyüyün isə 6 yaşı olar. İlk dəfədir ki, o ailədə belə bir hadisə yaşanır. Girdənaz Qurbanovanın 9 övladı olub, 7 qızı var. Mən uşaq vaxtdan eşitmişdim ki, Girdənaz xanım ruhi xəstə olub, indi isə həmin xəstəlik yenidən baş qaldırıb. Qızı dünən Bakıdan gəlib, anasını müalicəyə apardı”.

R.Məmmədovanın sözlərinə görə, hadisə 1 həftə, 10 gün olar ki, baş verib: “Gəlin hazırda evindədir. Xəbərlər yayılır ki, gəlin hamilədir. Elə deyil, bu məlumat yalandır. O, özü də izahat verib ki, bir dəfə belə olub. O da qayınanasının xəstə olduğunu bilir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlanılıb, ailə nəzarətə götürülüb: “Daxili İşlər Nazirliyi tərəfindən izahatlar alınacaq. Xəsarətlərin qiymətləndirilməsi aparılacaq və komissiya tərəfindən yekun qərar veriləcək”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sözügedən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır: “Sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdarıq. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Akqabay Mıradov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.