Londonda 200 kiloqram dollar aparan azərbaycanlı ər-arvadın işi qəlizləşdi HAKİM ONLARIN ADLARININ AÇIQLANMASI ÜÇÜN 7 GÜN VAXT QOYDU

28-05-2021, 14:18   



Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları nəhayət açıqlana bilər. Bu iş üzrə Londonda davam etməkdə olan məhkəmə prosesinin gedişatı belə göstərir. Virtualaz.org xəbər verir ki,  Vanessa Bareytserin mayın 27-də verdiyi hökmə əsasən Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.
14 milyon funt sterlinq 20 milyon dollar edir , bu qədər dolların  nəğd şəkildə ağırlığı isə 200 kiloqramdır.

İngiltərənin əsas məhkəmələrindən biri olan Vestminister məhkəməsində həmin ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan “The Evening Standard” qəzeti qaldırıb. Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə iddiaçı tərəfin mövqeyinə qoşulub, adların açıqlanmasına çağırıb.
NCA bu ər-arvadın  10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır. Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır. Hakim güzəşt olaraq indiyədək yalnız “X” və “Y” kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasına yeddi gün vaxt qoyub. Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər.

Ər-arvadın vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Vəkillərin iddiasına görə adların açıqlanması başqa məhkəmə baxışlarının gedişatına təsir göstərə bilər. “The Evening Standard” yazır ki, vəkillərin vəsatəti uğursuz olarsa “X” və “Y”-in adları gələn həftə ictimailəşdiriləcək.
Milli Cinayət Agentliyi azərbaycanlı ər-arvadı  Seyşel adalarından tutmuş Londonun Potters Bar məhəlləsinədək ən müxtəlif yerlərdə “adı yalnız bürünc lövhələrdə olan” şirkətlərin qəliz şəbəkəsindən istifadə etməklə çirkli pulları yumaqda ittiham edir. NCA iddia edir ki, sözü gedən pul Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı Coutts, Barclays, Lloyds, Santander və Metro Bank hesablarına köçürülüb.

NCA bundan əvvəl keçirilən dinləmədə iddia etmişdi ki, həmin pulu pərdələmək məqsədilə guya polad alış-verişi ilə bağlı 500 milyon funt sterlinqlik saxta ödəniş tələbnamələri düzəldilib.
Məqalədə deyilir ki, The Evening Standard qəzeti bu ər və arvadın adları üzərindən məxfiliyin qaldırılması üçün iki ilə yaxın müddətdə məhkəmə çəkişmələrindədir. Qəzet bildirir ki, onun məqsədi həm də başqa mediaların “çirkli pulları” faş etməsini asanlaşdırmaqdır. Azərbaycanlı ər və arvad isə ittihamları rədd edir və bank hesablarındakı pulun müsadirə olunmaması üçün mübarizə aparırlar.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.