Gürcüstan Azərbaycan vətəndaşlarına viza tətbiq edir?

20-08-2014, 10:49   
Gürcüstan Azərbaycan vətəndaşlarına viza tətbiq edir?Gürcüstan parlamentinin deputatı xəbəri təsdiqləyir; səfirlik isə təkzib edir

Gürcüstan Ermənistanla viza rejiminə keçəcək. Bu ilin sentyabr ayının 1-dən etibarən vətəndaşlığından asılı olmayaraq, Gürcüstanda 90 gündən artıq qalmaq istəyən şəxslər öz ölkələrində olan Gürcüstan səfirliyindən və ya diplomatik missiyadan müvafiq viza almalıdırlar.

Yayılan məlumatlara görə, Gürcüstan Azərbaycana da viza tətbiq edəcək.

“Gürcüstan-Azərbaycan arasında viza tətbiq olunması normal hadisə deyil”, - deyə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov “modern.az”a açıqlamasında bildirib.

A.Süleymanovun sözlərinə görə, Gürcüstanın Azərbaycana viza tətbiq etməsi anlaşılmazlıqdır: “Çünki iki dövləti bir-birinə bağlayan layihələr var. Türkiyədən sonra Azərbaycan Gürcüstanda ikinci investordu. Bilmirəm, nəyə görə Gürcüstan hökuməti belə bir addım atdı. Görünür, Ermənistandan hansısa çəkinəcəkləri var idi ki, Azərbaycana da viza rejimini tətbiq etdilər. Bu hər bir dövlətdə var. Gürcüstan qanunlarında Azərbaycana viza tətbiq etmək məsələsi gündəmdə deyildi. Ermənistan haqqında isə belə bir məsələ var idi. Azərbaycana vizanın tətbiq edilməsi ilə bağlı xəbəri xoşagəlməz hadisə kimi qəbul etdim. Son 3 gündə belə bir qanun çıxarıldı. Çünki Gürcüstan və Azərbaycan strateji dövlət olaraq aralarında heç bir problem yox idi. Ermənistanla bağlı isə bunu demək olmaz.

Çünki ermənilərin 90 faizi Gürcüstanda qalırdı və çoxu Rusiya vətəndaşlarıdır. Təbii ki, onların gəlib Gürcüstanda 1-2 ay qalması Gürcüstan qanunlarına ziddir. Mən də onun tərəfdarıyam ki, Ermənistanla Gürcüstan arasında viza rejimi tətbiq olunmalıdır. Ermənilər həm Rusiya, həm də Ermənistan vətəndaşı ola-ola Gürcüstanda qalıb ara qatırlar. Ona görə Ermənistan tələbələrinə iki aydan artıq qalmaları üçün viza tətbiq edildi".

Gürcüstanın Azərbaycandakı səfirliyi bu ölkənin Azərbaycana viza rejimi tətbiq etməsi barədə yayılan xəbərə münasibət bildirib. Səfirlikdən “lent.az”a bildirilib ki, yayılan xəbərlərin əsası yoxdur: “Heç bir viza rejimindən söhbət gedə bilməz. Azər Süleymanov danışdığının məsuliyyətini bilmir. Sadəcə, Gürcüstanda viza qanununda dəyişiklik olacaq, amma bunun Azərbaycana heç bir aidiyyəti yoxdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.