Mkrtçyan Bakı metrosundakı dəhşətli partlayışın təlimatçılarından olub - ŞOK DETALLAR

1-07-2021, 10:03   




Ermənilərin məhkəməsində zərərçəkən ilginc faktlar açıqladı

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə ittiham olunan erməni yaraqlıları, Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Lüdvik Mkrtıçoviç Mkrtıçyan və 1967-ci il təvəllüdlü Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Xosrovyanı yaxalayan hərbçi məhkəməyə gəldi
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda  dövlət ittihamçısı sübutların tədqiqi ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, əvvəlcə şahid ifadələri dinlənildikdən sonra təqsirləndirilən şəxslərin ifadəsi davam etdirilsin. Vəsatət təmin edilib.
Daha sonra ifadə verən şahid Ceyhun Vəlibəyov bildirib ki, təqsirləndirilən şəxs Xosrovyan saxlanılan vaxt hərbi xidmətdə olub: “Biz pusqu qurmuşduq. ”UAZ" markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".
1994-cü ildə Bakıda törədilən metro terrorunun təfərrüatları - FOTO-VİDEO
Azər Aslanov 
“Biləndə ki, Azərbaycan hərbçilərinə tərəf gəlib...”
Digər şahid Tural Davudov isə bildirib ki, Cəbrayıl rayonu ərazisində Alyoşa Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb: “Biləndə ki, Azərbaycan hərbçilərinə tərəf gəlib, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. O bizi zərərsizləşdirmək istəyirdi”.
Digər şahid Elnur Süleymanov isə deyib ki, A. Xosrovyan erməni hərbi formasında onlara yaxınlaşıb: “Maşın Cəbrayıl istiqamətindən Horadiz istiqamətinə hərəkət edirdi. Biz onu ələ keçirəndə gördü ki, azərbaycanlıyıq, maşına qaçmaq istədi. Amma biz imkan vermədik”.
Prokurorun suallarını cavablandıran A. Xosrovyan isə bildirib ki, guya o, silaha əl atmayıb: “Mən gördüm ki Azərbaycan hərbçiləridir, sakitcə təslim oldum”.
Şahid C.Vəliyev isə bildirib ki, Xosrovyan hərbi “UAZ”da saxlanılıb və avtomobildə “AK-74" markalı avtomat, 2-3 daraq var idi.
“Biz onu yaxalayanda bildi ki, erməni deyilik”
Alyoşa Xosrovyanın saxlanılması prosesində iştirak edən şahid Aydın Məmişov deyib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən “UAZ” markalı avtomobilin yaxınlaşdığını müşahidə edib: “Biz dərhal onu mühasirəyə salıb yaxaladıq. Maşın gəldi dayandı, maşının içindəki adam başladı erməni dilində bizi çağırmağa. Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə avtomatı götürdük”.
“Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu ”Yetrapak" erməni təşkilatı..."
Bundan sonra prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu “Yetrapak” erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: “Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O, əvvəl Hadrutda döyüşüb. Mən isə müharibədən qayıdandan sonra həmin təşkilata üzv olmuşam. Mən 1991-92-ci illərdə Rusiyada olmuşam. 1988-90-cı illərdə hərbçi kimi sərhəddə olmuşam. O vaxt ermənilər Zəngilana bir neçə dəfə hücum etdilər. Həmin vaxtlarda mən də postlarda olmuşam. Sonra ayağımda yaralar başladı, mən postlara getmədim. Amma həmin vaxtlar ermənilər Qafandan Zəngilan və Qubadlıya gəlib gedirdilər. Amma mən onda ayağımdan müalicə alırdım. Bilirdim ki,  Qarabağ erməniləri Zəngilan və Qubadlını zəbt ediblər. 2020-ci il oktyabrın 3-də bildim ki Azərbaycan hərbçiləri  Cəbrayılı işğaldan azad edib.  Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl. Samvel Babayanı görməmişəm və kim olduğunu bilmirəm. Onun ”Yetrapak" təşkilatının üzvü olduğunu bilmirdim. 1984-cü ildə bir dəfə Hadrutda olmuşam, ondan sonra o zonaya getməmişəm. Qarabağ ərazisində Hadrutdan başqa heç yerdə olmamışam. Zərərçəkmiş şəxslərin heç birini tanımıram".
“Xankəndində rus jurnalistin gözü qarşısında ona ağır işgəncələr verib”
Zərərçəkmiş şəxs Cavid Hüseyn isə bildirib ki, Alyoşa Xosrovyan Lüdvik Mkrtçyanla birlikdə ona ağır işgəncələr verib: “Bunlar yalan danışmaqla özlərini günahsız tanıtmaq istəyirlər”.

“Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı”
Zərərçəkmiş Zahid Həsənov isə deyib ki, 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında,  həmin ilin may ayında Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: “Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Məni çox yaxşı tanıyır hər ikisi. 1994-cü ildə biz 4 əsir Xankəndində saxlanıldıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir.  5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə. Sonra  Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. 2 saatdan sonra Azər gəldi. Sonradan Azəri yenidən apardılar.  Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatla tanış edənlərdən biri də Mkrtçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandırıb buraxdılar.  Sonra ermənilər gəldilər ki, otağı Azər yox, Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəlib dedi ki, Azər otaq təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər.  Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra eşitdim ki, Sergeyi güllələyib öldürüblər”.
Lüdvikin danışmağa sözü yoxdur
Daha sonra təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunsa da, o, “Sözüm yoxdur” deyib. Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb: “1969-cu il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasında doğulmuşam. 18 yaşıma qədər orada yaşamışam. 1987-ci ildə orta məktəbi bitirmişəm. Erməni dilində oxumuşam. 1987-89-cu illərdə hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Oradan ailəlikcə gəlmişik Ermənistana. Zərərçəkmişləri ilk dəfə burada görmüşəm. Alyoşanı da burada görmüşəm. 89-cu ildən sonra 90, 91, 92-ci illərdə mən və kiçik qardaşım İrəvanda ayaqqabı sexi açmışıq. 9-cu sinifdən mən ayaqqabı tikirəm. Ailəlikcə bu işlə məşğul idik. 1992-ci ildən sonra Yereqis kəndində olmuşam. Heç bir döyüş əməliyyatında iştirak etməmişəm. 1993-cü ildən sonra Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Əsgər olmuşam səngərdə. Təcrübəm yox idi, ona görə cəmi 1 dəfə posta çıxmışam. Oradakı evlərə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə ”AK-74" silahı vermişdilər".
Zərərçəkmiş: “Ermənilər Bakıda metronu partladan azərbaycanlını ələ  almışdılar” | Report.az
“Sən əlində silah postda nə gəzirdin?”
Dövlət ittihamçısının “Sən əlində silah postda nə gəzirdin?” sualına Lüdvik Mkrtçyan cavab verə bilməyib: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. 2 ay Hadrutda olmuşam. 1994-də hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam”.
Növbəti proses iyulun 7-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.